ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin
yenidən təşkili haqqında imzaladığı 16 iyun 2017-ci il tarixli Sərəncamı ilə
bağlı Azərbaycan Dillər Universiteti rektoratının genişləndirilmiş iclası
keçirilib. Media nümayəndələrinin də iştirak etdiyi iclasın gündəliyini
iştirakçıların diqqətinə çatdıran rektor, AMEA-nın həqiqi üzvü Kamal Abdulla öncə
Azərbaycan Dillər Universiteti ilə bağlı belə bir sərəncamın imzalanmasına və
bununla universitetə göstərilən böyük etimada görə ölkə Prezidenti İlham Əliyevə
universitetin kollektivi və öz adından təşəkkürünü bildirib. Bu sərəncamı Dillər
Universitetinə verilən böyük önəm kimi xarakterizə edən rektor qeyd edib ki, sərəncamın
tələbinə uyğun olaraq Universitetin nizamnaməsi yenidən hazırlanacaq, mövcud
istiqamətlər genişləndiriləcək və fəaliyyətə uyğun olaraq yeni istiqamətlər
yaradılacaq. ADU sərəncamdan irəli gələn
məsələlərin həllinə adekvat olmaq üçün daha səylə çalışacaq və publik hüquqi şəxs
olaraq əldə etdiyi geniş imkanlardan daha səmərəli istifadə edəcək.
Universitetin yeni hüquqi statusu ADU-nun bütün potensialını ortaya qoymağa,
daha peşəkar və faydalı kadrlar hazırlamağa və müxtəlif sahələrin həmahəng
inkişafına nail olaraq mütərəqqi dünya təhsil sisteminə sürətlə inteqrasiya etməyə
kömək edəcək.
Daha sonra çıxış edən ADU-nun Tədris
işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ölkə Prezidentinin
imzaladığı sərəncamın universitetin beynəlxalq arenaya daha rahat çıxması, müstəqil
idarəçiliyə başlaması, idarəetmədə səmərəliliyi artırması, hesabatlılıq və
maliyyə-təsərrüfat fəaliyyətini daha effektiv qurması baxımından çox böyük əhəmiyyətə
malik olduğunu qeyd edib.
Digər çıxış edənlər də universitetə
göstərdiyi yüksək etdimada görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini
çatdırıblar və universitetin bundan sonrakı fəaliyyətinin səmərəli təşkili üçün
var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununun 2015-ci ildə qəbul olunmasına
baxmayaraq, artıq bir sıra qurumlar qeyd edilən hüquqi statusda fəaliyyət göstərməyə
başlayıb. Universitetin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi də
ilk belə hal deyil. Azərbaycan Dillər
Universitetindən öncə Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Fərmanı
ilə Bakı Mühəndislik Universiteti publik hüquqi şəxsin Nizamnaməsi təsdiqlənib
və bu universitet yeni hüquqi statusda öz fəaliyyətinə başlayıb.
Ölkə Prezidentinin bu təşəbbüsü ölkəmizdə
ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və
dünya təhsil sisteminə daha sürətlə inteqrasiya olunmasına böyük təkan verəcək.
Əsas dünya dilləri üzrə peşəkar
kadr hazırlığını həyata keçirən Azərbaycan Dillər Universiteti bir müddət sonra
publik hüquqi şəxs kimi fəaliyyət göstərməklə öz profilini daha da genişləndirəcək,
yeni dillərin və mədəniyyətlərin təkcə ölkəmizdən olan tələbələrə deyil, xarici
ölkələrdən də bu universiteti seçən tələbələrə daha keyfiyyətli öyrədilməsi təmin
ediləcək. Həmçinin universitetin qəbul ediləcək yeni Nizamnaməsinin tələblərinə
uyğun olaraq xarici universitetlər, akademiyalar və s. ilə daha sıx əlaqələr
qurulmaqla təhsilin keyfiyyəti yüksələcək, bakalavriatura, magistratura və
doktorantura təhsili üzrə universitetin verdiyi diplomların beynəlxalq səviyyədə
qəbul arealı daha da genişləndiriləcək.