ADU-nun rektoru Kamal Abdulla İndoneziyanın səfiri ilə görüşüb
Azərbaycan
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Qonağı salamlayan rektor
İndoneziya ilə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, bu ölkənin
mədəniyyətinin təbliği, cəmiyyətdə İndoneziya barədə təsəvvür yaradılması
istiqamətində işlər görüldüyünü söyləyib: "Biz burada İndoneziya mədəniyyətini
həvəslə təbliğ edirik. İndoneziya universitetlərinin birində də Azərbaycan Mədəniyyəti
Mərkəzinin yaradılmasında bizə kömək göstərilməsini xahiş edirik”. İndoneziyada
Azərbaycan multikulturalizmi fənninin tədris olunduğunu deyən K.Abdulla bu
istiqamətdə əlaqələrin daha da genişləndirilməsini təklif edib: "İndoneziyada
Azərbaycanı daha yaxşı tanıyan gənclər yetişir. İstərdik ki, bu gənclərin Azərbaycanla
əlaqələri təkcə tədrislə məhdudlaşmadan daha da geniş və daimi olsun. Bizə
sizin məsləhət görəcəyiniz universitetlərdən birində məkan lazımdır. Biz öz müəllimlərimizi
İndoneziyaya göndərməyə hazırıq”.
Səmimi qəbula görə təşəkkür
edən səfir H.Fanani ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin
fəaliyyətindən razılığını bildirib və əlaqələri daha da inkişaf etdirmək niyyətində
olduqlarını söyləyib. "Mən ADU-nu çox sevirəm”-deyən səfir öz oğlunu da təhsil
almaq üçün ADU-ya göndərəcəyini qeyd edib.
O, ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətinin
genişləndirilməsinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq
instansiyaların razılığının alındığını vurğulayıb.
İndoneziya universitetlərinin
ADU ilə əməkdaşlığından danışan səfirin sözlərinə görə, artıq 2 universitet – Sunan
Qununq Cati Dövlət İslam Universiteti və Sunan Ampel Dövlət İslam Universiteti
ADU-ya tələbə-müəllim mübadiləsi, birgə tədqiqatlar və digər istiqamətlərdə əməkdaşlıq təklif edib. Səfir
bu universitetlərin fəaliyyət dairəsinin çox geniş olduğunu və bütün İndoneziya
üzrə filiallarının olduğunu vurğulayıb. O, həmin universitetlərin Azərbaycandan
gedən tələbələrə təqaüd təklif etdiyini bildirib.
Öz növbəsində K.Abdulla
ADU-nun İndoneziyadan gələn tələbələri qəbul etməyə hazır olduğunu söyləyib və
universitetin onlara müəyyən güzəştlər edə biləcəyini sözlərinə əlavə edib.
Rektor K.Abdulla səfiri yeni tədris ilindən İndoneziyaşünaslıq ixtisasında təhsil
alan tələbələrə, eləcə də "Səfir saatı” klubu çərçivəsində
və Yay məktəbində mühazirə oxumağa dəvət edib. O, ADU-nun böyük məmnuniyyətlə
indoneziyalı gəncləri gözlədiyini sözlərinə əlavə edib.