ADU-nun nümayəndə heyəti Konfutsi İnstitutlarının Dünya Konqresində iştirak edib - Fotolar
Bu yaxınlarda Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun
Çin tərəfindən direktoru xanım Li Jinhua və ADU-nun Regionşünaslıq və Beynəlxalq
Münasibətlər fakültəsinin Xarici Dillər kafedrasının müdiri Salman Nuriyev
Konfutsi İnstitutlarının Çinin Kunmin şəhərində keçirilən XI Dünya Konqresində
iştirak edib. 140 ölkə üzrə 500-dən
çox Konfutsi İnstitutunu təmsil edən 2400-ə yaxın nümayəndənin iştirak etdiyi konqresdə
Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının baş nazirinin müavini Liu Yandong Konfutsi
İnstitutlarının prioritet inkişaf istiqamətləri haqqında danışaraq, onların informasiya
resurslarının inkişafına dəstəyinin, həmçinin yay düşərgələrinin və Konfutsi
İnstitutları Gününün təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.
Konqresin Böyük
İpək Yolu ölkələrində Konfutsi İnstitutlarının fəaliyyətinə həsr olunan ayrı-ayrı
bölmələrdə iştirak edən nümayəndələrimiz ADU-nun tərəfdaş universiteti olan
Xucjou Universitetinin rektoru Çjan Litsin ilə görüşüblər. Çjan Litsin ADU
Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və ADU rəhbərliyi başda olmaqla Konfutsi İnstitutunun müəllim və əməkdaşlarına
səmərəli fəaliyyətlərinə görə öz minnətdarlığını bildirib.
ADU nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq
Abbasovun sözlərinə görə, ADU Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən
biri Çinin Trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasını hədəfləyən
"Bir Kəmər, Bir Yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirak
etməsi ilə bağlı elmi araşdırmaların aparılmasıdır. O, bildirib ki, ötən il ADU
Konfutsi İnstitutu Azərbaycanın Çin ilə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsində
əməkdaşlığına həsr olunmuş 20-dən çox elmi seminar keçirib.