ADU-nun nəzdindəki Konfutsi İnstitutunun direktoru Tailandda konfransda iştirak edib
Bankonqdakı (Tailand)
Bansomdejxaopraya Radjabat Universitetində "İpək Yolu iqtisadi qurşağı” və "XXI
əsrin Dəniz İpək Yolu”nun yaradılması və "Bir kəmər-bir yol” adlı Çin layihəsinin
həyata keçirilməsində iştirak edən Asiya ölkələri Konfutsi
İnstitutlarının beynəlxalq konfransı başa çatıb. Konfutsi İnstitutu İqamətgahının
"Konfutsi İnstitutlarının 2012-2020-ci illər dövründə inkişaf planı” çərçivəsində
təşkil etdiyi konfransda 44 Konfutsi İnstitutu və Asiya ölkələrinin 17 Konfutsi
sinfi, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin
tərəfindən direktoru xanım Li Jihua iştirak edib.
"Bir kəmər-bir yol” təşəbbüskarlığı
və Konfutsi İnstitutlarının inkişafı” devizi altında keçirilən konfransda Asiya
ölkələri üzrə milli kadrların və Çin dili müəllimlərinin hazırlanması, Konfutsi
İnstitutlarının perspektivli inkişaf sahələri və aktual problemlərindən bəhs
edilib. Konfransda Böyük İpək Yolunun birləşdirdiyi ölkələrin Konfutsi
İnstitutlarının fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil olunub və bu fotosərgidə
ADU-nun Konfutsi İnstitutunun məlumat stendi də təqdim olunub.
ADU-nun Konfutsi İnstitutunun Azərbaycan
tərəfindən direktoru professor Rafiq Abbasov vurğulayıb ki, Çin Xalq
Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə
yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan
Konfutsi İnstitutu Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti
ilə tanış olması məqsədi daşımaqla yanaşı, "Bir kəmər-bir yol” konsepsiyasının
həyata keçirilməsi istiqamətində elmi tədqiqat işlərinin aparılmasına töhfələr
verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq
Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Çjan Qaolinin rəhbərlik
etdiyi nümayəndə heyətini etdiyini, həmin görüşdə Çindən Avropaya və geriyə
yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun
yaradılması və inkişafında qarşılıqlı maraqların olduğunun vurğulandığını
xatırladıb.