ADU-nun çempion tələbəsi - Fotolar
Bu gün Azərbaycan Dillər
Universitetində (ADU) dünyanın müxtəlif ölkələrindən olan tələbələr ali təhsil alır.
Təhsil almaq üçün ADU-ya üz tutan tələbələrin arasında Özbəkistan vətəndaşı
olan Nargiza Jakbarova da var.
ADU-nun Regionşünaslıq və
Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında təhsil
alan N.Jakbarova 7 iyul 1995-ci ildə Özbəkistan Respublikasında dünyaya göz
açıb. Hələ 8-9 yaşında ikən Özbəkistanın televiziya kanallarında yayımlanan
"Arşın mal alan”, "Qayınana” kimi filmlərimizi maraqla izləyən, Azərbaycanın
bütün dünyada məşhur sənətkarı Zeynəb Xanlarovanın mahnılarını sevərək dinləyən
tələbəmizin Azərbaycana xüsusi simpatiyası formalaşıb. Ölkəmizə yaranan bu
sevgi, xalqımızın səmimiliyi, mədəni və qonaqpərvər olması N.Jakbarovanın Azərbaycan
cəmiyyətinə uyğunlaşmasında müsbət rol oynayıb: "Azərbaycan xalqı səmimi, mədəni
və qonaqpərvərdir. Bu ölkənin iqtisadi inkişafı və idman sahəsindəki nailiyyətləri,
qədim tarixi, zəngin mətbəxi hər bir ölkəyə məlumdur. Burada yaşamaq,
insanlarla qaynayıb-qarışmaq heç də çətin deyil. Özbəkistanla Azərbaycanın
münasibətlərinə gəlincə isə, deyə bilərəm ki, bu əlaqələr dostluq-qardaşlıq üzərində
qurulub. Bu xalqları yaxın milli adət-ənənələr, ümumi dil qrupu və mədəniyyət
birləşdirir. Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Daşkənddə
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Azərbaycan və Özbəkistan
xalqlarının görkəmli şair və yazıçılarının, ölməz əsərləri ilə yadda qalan Əlişir
Nəvai, Nizami Gəncəvi və başqalarının yaratdığı əsərlər dünya sivilizasiyasının
inciləri, dəyərli sərvətləridir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvai,
Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb”.
N.Jakbarova ADU-nu seçməsindən
məmnundur: "Təhsil aldığım Dillər Universitetində dərslər yüksək səviyyədə
keçirilir. Həm müəllimlərin tədris etdiyi dərsdən, həm də rəhbərliyin tələbələrə
göstərdiyi qayğıdan çox məmnunam”.
N.Jakbarovanın
maraq dairəsinə mütaliə etmək və idmanla məşğul olmaq daxildir. Mübaliğəsiz deyə
bilərik ki, tələbəmiz həm zehni, həm də fiziki idmanla məşğul olaraq özünü
inkişaf etdirir. Məlumat
üçün qeyd edək ki, N.Jakbarova Karate-do-nun WKC (World Karate Confederation)
növü ilə məşğul olur. Bu idman növü üzrə I dan qara kəmər sahibi olan tələbəmiz
respublika çempionu və Dünya kubokunun sahibidir.