ADU-da yaz semestrinin imtahan sessiyası izlənilib
Azərbaycan Dillər
Universitetində (ADU) 2017/2018-ci
tədris ilinin yaz semestrinin imtahan sessiyasının
gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur
təşkil olunub.
"Respublika”, "Azərbaycan müəllimi”,
"Səs”, "İki sahil”, "525-ci qəzet”, "Həftə içi” qəzetlərinin, Moderator.az, Axar.az,
Azedu.az, Tehsil-press.az və digər saytların nümayəndələri imtahan otaqlarına
baxış keçirərək, imtahanın gedişatı ilə tanış olublar.
Monitorinq başa çatdıqdan
sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mubadiləsi aparılıb. Universitetin
Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev imtahan sessiyasının
gedişi barədə ətraflı məlumat verib.
Ə.Abdullayev bildirib ki, 2017/2018-ci tədris
ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə
uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi
üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb: "İmtahan sessiyası əyani
şöbədə 1 iyun 2018-ci il tarixində başlayıb, 7 iyul 2018-ci ilədək davam edəcək.
İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib”.
O, qeyd edib ki, əmrdə imtahan sessiyasının mövcud
normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və
otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin
müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara
uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın
keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
Ə.Abdullayev vurğulayıb ki, ADU-da 2017/2018-ci tədris
ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə
uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana
biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə
sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi
ilə Operativ Qərargah fəaliyyət göstərir, eyni zamanda, ADU-nun 441-58-63,
440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron
poçtu "Qaynar xətt” elan edilib.
Ə.Abdullayev imtahanların təşkili, yoxlama prosesi, biletlərin strukturu
haqqında danışıb. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin
apelyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim
hər kəs üçün açıq olduğunu deyib: "Bu universitet həmişə açıq olub. Növbəti
günlərdə də valideynlər imtahan prosesini izləyəcəklər. ADU-nun Tələbə Gənclər
Təşkilatı (TGT) bu prosesdə yaxından iştirak edir”.