• şənbə, 20 Aprel, 20:04
  • Baku Bakı 24°C

ADU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - Fotolar

13.12.16 11:32 672
ADU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xalqına, vətəninə göstərdiyi xidmətlərin misilsiz olduğunu, ulu öndərin rəhbərliyinin bütün dövrlərində ölkəmizin iqtisadi dirçəlişə, yüksək tərəqqiyə nail olduğunu, millətimizin dünya millətləri içərisində səsi eşidilən millətə çevrildiyini vurğulayıb. Azərbaycanın ən yeni tarixinin mühüm bir mərhələsinin Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlı olduğunu söyləyən professor ulu öndərin vətənin inkişafı və tərəqqisi naminə mübarizə apardığını, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxardığını qeyd edib. Professor D.Yunusov dünyanın məşhur ictimai-siyasi xadimləri, dövlət adamları və mütəfəkkirlərinin ulu öndər Heydər Əliyev haqqında söylədikləri fikirləri diqqətə çatdırıb. Dünya siyasətində nəhəng şəxsiyyət olan Ümummilli liderin qısa zaman kəsiyində respublikanı yetərincə tanıdaraq ölkəmizə qarşı iqtisadi və siyasi marağı artırdığını bildirən professor D.Yunusov Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izlərinin olduğunu vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə də xüsusi diqqət ayırdığını nəzərə çatdıraraq dahi şəxsiyyətin 2000-ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Dövlət Dillər İnstitutunun profili genişləndirməklə Azərbaycan Dillər Universiteti adlandırıldığını xatırladıb. Ümummilli lider Heydər Əliyevin başladığı işləri davam etdirməyin, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmağın onun ruhu qarşısında borcumuz olduğunu qeyd edən professor D.Yunusov bu gün ölkəmizin dahi şəxsiyyətin sönməz ideyalarının davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə addımladığını diqqətə çatdırıb. Professor D.Yunusov Azərbaycanın böyük öndərin dühasından bəhrələnərək Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcəyinə, müstəqilliyini, suverenliyini qoruyub saxlayacağına və daha da möhkəmlənəcəyinə ümid etdiyini dilə gətirib.

Sonra tədbir Ümummilli lider Heydər Əliyevə həsr olunan ədəbi-bədii hissə ilə davam edib. Tələbələrdən Elnur Ağayev "Dahi”, Murad Əlizadənin pianinoda müşayiəti ilə Gülnar İbrahimli "Küçələrə su səpmişəm”, Aysel Hacıyeva "Alagöz” mahnılarını oxuyub, Fərəh Rəcəbova Vahid Əlioğlunun "Unuda bilmərik heç zaman səni” adlı şeirini söyləyib.

Tədbirdə iştirak edən xalq artistləri Zümrüd Məmmədova və Heydər Anatollu ulu öndərə həsr olunmuş mahnılar ifa ediblər.

Daha sonra "Sabah” qruplarının IV kurs tələbəsi Gülrux Əliyevanın ssenarisi əsasında, Səadət Nəbiyevanın rejissorluğu ilə "Vətən ömrü” adlı tamaşa nümayiş olunub.

Qeyd edək ki, tədbirdən bir neçə gün əvvəl Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor D.Yunusovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti Fəxri xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyev və onun xanımı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarüstü abidəsi onünə əklil və tər gül dəstələri qoyublar.

banner

Oxşar Xəbərlər