• şənbə, 20 Aprel, 10:18
  • Baku Bakı 14°C

ADU-da “Partiyalararası əlaqələr xarici siyasət vasitəsi kimi“ mövzusunda seminar keçirilib

25.06.14 14:07 1012
ADU-da “Partiyalararası əlaqələr xarici siyasət vasitəsi kimi“ mövzusunda seminar keçirilib
İyunun 25-də Azərbaycan Dillər Universitetində Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaradılması gününə həsr olunmuş "Partiyalararası əlaqələr xarici siyasət vasitəsi kimi" mövzusunda elmi seminar keçirildi. Tədbirdə ÇXR-in Azərbaycandakı səfirliyinin nümayəndəsi cənab Qu Min, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Mələhət Həsənova, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, rektorun müşaviri Vazeh Əsgərov, “Çin Gəncləri” qəzetinin müxbiri Yan Syun və universitetin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. ADU-nun mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumata görə, tədbiri açıq elan edən Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin siyasi əlaqələrinin inkişafı və yüksək səviyyədə beynəlxalq aktual məsələlərlə bağlı dialoqun genişləndirilməsi barədə danışaraq bu yaxınlarda Şanxayda Azərbaycan prezidenti İlham Əliyevin ÇXR Sədri Si Szyinpin ilə görüşündə iki ölkənin hakim partiyası və xalqları arasındakı mübadilənin möhkəmləndirilməsinin əhəmiyyəti haqqında sözlərini xatırladıb.
Sonra çıxış edən Mələhət Həsənova ÇXR-in Azərbaycandakı səfirliyinin nümayəndəsi cənab Qu Mini salamlayaraq belə bir mərkəzin ADU-da fəaliyyət göstərdiyi üçün universitet rəhbərliyinə təşəkkür edib. O, bu mərkəzin hər iki ölkə arasında əməkdaşlığın inkişaf etməsində böyük rolu olduğunu bildirib. Məlahət Həsənova 1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkələrarası əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində gördüyü işlərdən söz açıb.
Seminarda çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Yeni Azərbaycan Partiyası (YAP) və Çin Kommunist Partiyası (ÇKP) arasında qarşılıqlı əlaqələrin dərinləşməsi, "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" təşkilatının fəaliyyətində Azərbaycanın iştirakı, həmçinin ÇKP- nın siyasi və sosial-iqtisadi sahələrdə islahatların aparılmasında strateji məqsədləri haqqında danışıblar.
Tədbirin sonunda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə verilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər