ADU-da məsləhətçi-professor vəzifəsi təsis edilib
Azərbaycan Dillər Universitetində (ADU) məsləhətçi-professor
vəzifəsi təsis edilib. Universitetin Elmi Şurasının 17 fevral 2017-ci il
tarixli iclasında "Azərbaycan Dillər Universitetində məsləhətçi-professor vəzifəsi
haqqında” Əsasnamə qəbul olunub. Əsasnamə yüksək ixtisaslı elmi-pedaqoji
kadrların, professorların (dosentlərin) təcrübəsindən ADU-nun elmi-tədris
prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək və
təhsil ocağında keyfiyyətli elmi-pedaqoji kadrlar hazırlamaq məqsədi ilə hazırlanıb.
Məsləhətçi-professor ADU-da, əsasən, elmi tədqiqatlara
rəhbərlik formasında elmi-pedaqoji kadrların hazırlanması, magistr dissertasiyalarına
rəhbərlik, dissertant və doktorantlara elmi rəhbərlik və məsləhət, dərslik, dərs
vəsaitləri və digər tədris-metodiki materialların hazırlanması işlərinə cəlb olunur.
Məhdud saatda mühazirə oxumaq hüququ da olan məsləhətçi-professor
vəzifəsini professor və ya dosent elmi adı olan, qocalığa görə əmək pensiyası
almaq hüququna malik, elmi-pedaqoji stajı 35 ildən az olmayan, ADU-da professor
vəzifəsində 10 ildən, dosent vəzifəsində isə 20 ildən artıq işləmiş, elmi məktəb
və ya elmi istiqamətə rəhbərlik edən, dissertasiyaların müdafiəsi üzrə
ixtisaslaşdırılmış şuraların üzvü olan, elmi ekspertizaların müxtəlif
formalarında iştirak edən, elmi və pedaqoji fəaliyyət sahəsində başqa nailiyyətləri
olan ADU professoru (dosenti) tuta bilər.
Rektorun əmri ilə təyin olunan məsləhətçi-professor
vəzifəsində qalmağın zəruri şərti bu vəzifəni tutan şəxsin ildə ən azı bir dərc
olunmuş məqalə və ya dərsliyin (dərs vəsaiti, monoqrafiya) hazırlanmasında
iştirakı, magistr, dissertant və doktorantlara elmi rəhbərlik etməsi və elmi məsləhət
verməsi, həmçinin elmi və pedaqoji fəaliyyət sahəsində başqa nailiyyətlər əldə
etməsidir.