ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib
ADU-da
2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər
tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin
müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə
qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin
qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.
İmtahan prosesində tətbiq edilən yeniliklər yazı
işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan
sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
ADU-nun İctimai Nəzarət Şurasının üzvləri tərəfindən
izlənilən imtahanların nəticələri ilə bağlı apellyasiya şikayətlərinə kafedra
müdirlərinin iştirakı ilə aidiyyatı üzrə fakültələrdə baxılır. Tələbələrin
imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün
korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Qeyd edək ki, ADU-da 2016/2017-ci tədris ilinin
payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal
araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə
uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82,
564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt”
elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və
elektron poçt ünvanları universitetin rəsmi Feysbuk səhifəsində yerləşdirilib.