• cümə, 19 Aprel, 06:24
  • Baku Bakı 13°C

ADU-da “İlham Əliyev: tərcümeyi-hal davam edir“ kitabının təqdimatı keçirilib

19.06.14 14:52 1587
ADU-da “İlham Əliyev: tərcümeyi-hal davam edir“ kitabının təqdimatı keçirilib
İyunun 19-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli, Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A. Rəhim, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğafli, Sudan Respublikasının Azərbaycandakı səfirinin müavini Abul Qasim, Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı səfirliyinin birinci katibi Muhammed S. M. Nvara, Misir Mədəniyyət Mərkəzinin direktor əvəzi Hüseyn Cabally, İraqın Azərbaycandakı səfirliyinin II katibi Əhməd Qassim Əlattar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən “Kaspi”yə verilən məlumata görə, təqdimat mərasimində ADU-nun rektoru, professor Səməd Seyidov çıxış edərək millət vəkillərini və səfirləri universitetdə görməkdən məmnun olduğunu bildirərək yazıçı Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabında ölkə prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edildiyini diqqətə çatdırıb. ADU rektoru Hüseynbala Mirələmovun öz fəaliyyəti ilə ölkənin çiçəklənməsinə və dünyada tanıdılmasına xidmət edən bir ziyalı və yazıçı olduğunu söyləyib. Rektor qeyd edib ki, H. Mirələmov ümummilli lider Heydər Əliyev haqqında da kitab yazıb. S.Seyidov "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının dünyanın bir sıra dillərinə tərcümə olunduğunu söyləyib. Ərəb dilinə tərcümə olunmuş kitabın rəhbərlik etdiyi universitetdə təqdimatının təsadüfən keçirilmədiyini deyən rektor Səməd Seyidov bildirib ki, ADU-da bir sıra əcnəbi dillər tədris olunur. ADU rektoru prezident İlham Əliyevin uğurlu təhsil siyasəti nəticəsində universitetdə 20-dən yuxarı əcnəbi dilin tədris olunduğunu və mərkəzlərin fəaliyyət göstərdiyini qeyd edib. O, 2011-ci ildən ADU-da ərəb dilinin də tədris olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, ərəb dilinə tərcümə edilən və prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən kitab ərəb ölkələri ilə ölkəmizin yaxınlaşmasında mühüm rol oynayacaq. Rektor Səməd Seyidov kitabın Dillər Universitetində ərəb dilini öyrənən tələbələr üçün tədris vəsaiti rolunu oynayacağını da söyləyib. ADU rektoru kitabın universitetdə başqa dillərə də tərcümə olunacağına əminliyini ifadə edib.
Səməd Seyidov “İlham Əliyev: tərcümeyi-hal davam edir” kitabının beynəlxalq aləmdə yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunun və XXI əsrin əvvəllərinin tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğunu diqqətə çatdırıb.
Tədbirdə kitabın Küveytdə keçirilən təqdimatından bəhs edən videoslayd nümayiş olunub. Videoslaydda qeyd olunub ki, kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb. “Kitab Prezident İlham Əliyevin bütün dünyada parlaq siyasi gələcəyi olan siyasətçi kimi tanınan istedadlı dövlət xadimi olduğunu sübut edir”. Komitə sədri Azərbaycanda aparılan təhsil siyasəti nəticəsində Dillər Universitetinin inkişaf etdiyini və bu gün ölkədə aparıcı ali təhsil ocaqlarından biri olduğunu bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli isə çıxışında kitabın ərəb dünyasına inteqrasiya baxımından rolunu yüksək qiymətləndirib.
Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hami ərəb ölkələrinin səfirləri adından çıxış edərək öz əhatəliliyi, faktların səhihliyi və zənginliyinə görə kitabın etibarlı mənbə olduğunu vurğulayıb.
Sonda tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək təqdimatın yüksək səviyyədə təşklinə görə ADU-nun rektoru Səməd Seyidova minnətdarlığını bildirdi. H. Mirələmov ona verilən dəyər və qiymətə görə tədbir iştirakçılarına da təşəkkürünü ifadə etdi.
banner

Oxşar Xəbərlər