ADU-da “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində
(ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın
təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə
layihəsi olan "CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi
keçirilib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi
Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana
çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin
Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla
onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk
dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq
arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib.
Türk dilini öyrənməyin tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaq,
eyni zamanda dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmin
olduğuna ümid etdiyini qeyd edən K.Abdulla onların burada keçirdikləri günlərin
ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən ABŞ-ın digər dövlətlərlə əlaqələrinə
isti komponent əlavə etdiyinə inandığını deyib. Bu gün Azərbaycanın öz qoynunda
müxtəlif mədəniyyətləri birləşdirdiyini, dünyanın müxtəlif dillərində danışan
insanların özlərini burada rahat və perspektivə yönəlmiş şəkildə hiss etməsi
üçün böyük işlər görüldüyünü qeyd edən K.Abdulla ölkəmizdə keçirilən çoxsaylı
beynəlxalq tədbirlərin buna sübut olduğunu deyib. Dünyanın müxtəlif yerlərindən
olan insanların Azərbaycana gəlməsindən məmnun olduğunu deyən K.Abdulla ölkəmizin
artıq dünyada tanındığını vurğulayıb. O, bu cür multikultural və tolerant
mühitin Azərbaycanda tarixən mövcud olduğunu və hal-hazırda dövlət tərəfindən
davam etdirilərək gələcəkdə daha da inkişaf edəcəyini söyləyib. Bakının
amerikalı tələbələrin gənc yaddaşlarında əbədi qalacağına inandığını deyən
K.Abdulla şəhərimizin də onları unutmayacağını bildirib. Bakıda onları gözləyən
dostların olduqlarını söyləyən K.Abdulla amerikalı tələbələrə həyatlarında xoşbəxtlik
və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan
Abdullayev proqram çərçivəsində amerikalı tələbələrin türk dilini öyrənməklə
yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazandıqlarını
deyib. Proqram müddətində tələbələrin öz türk dili biliklərini daha da təkmilləşdirdiklərinə
əminliyini ifadə edən Ə.Abdullayev onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
ABŞ-ın ölkəmizdəki
səfirliyinin əməkdaşı Heidi Smit amerikalı tələbələrin türk dilini öyrənməsində
əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Bu proqramın önəmli olduğunu
bildirən H.Smit ünsiyyət qurmaq, özünü ifadə etmək, digər mədəniyyətləri
araşdırmaq üçün dilin mühüm faktor olduğunu deyib. Bu proqramda iştirak etməyin
üstünlükləri və yaratdığı imkanlardan danışan H.Smit amerikalı tələbələrin səfirlik,
həmçinin digər təşkilatlarla əlaqə saxlayacaqlarına inandığını bildirib.
Proqramın uğurla başa çatdığını deyən Amerika
konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip və amerikalı tələbələrlə
iş üzrə rezident direktor Ketrin Bobbitt işin icrasında yardımçı olan şəxslərə
öz təşəkkürlərini ifadə ediblər və proqram iştirakçılarına uğurlar arzulayıblar.
Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər,
həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.
Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və
rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə
alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.
Daha sonra türk dilini öyrənən amerikalı tələbələrin
ifasında türk dilində şeirlər, səhnəciklər, mahnılar, hekayələr və rəqslər izlənilib.
Sonda hədiyyələr təqdim olunub.
Qeyd edək ki, türk dilini öyrənən amerikalı tələbələr
proqram müddətində Bakıda muzeylər və digər görməli yerlərdə olublar. Ölkənin
digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin
tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. Proqram
müddətində tələbələrə dil və mədəniyyət mövzularında mühazirələr də təşkil
olunub.
Qeyd edək ki, iyunun 14-də başlayan "CLS Turkish”
proqramı çərçivəsində 27 nəfər amerikalı tələbə 8 həftə ərzində türk dilini öyrənib.