ADU-da “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent
Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və
ADU-nun birgə layihəsi olan "CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış
mərasimi keçirilib.
Bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki
səfirliyinin əməkdaşı Rey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə
direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər,
dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib.
Azərbaycan dilini öyrənmiş
amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova
proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan
xalqının mədəniyyəti, dili və tarixi ilə daha yaxından tanış olduqlarını söyləyib.
Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə
sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb. J.Qəribova
proqramın icrasında dəstək göstərənlərə təşəkkürünü bildirib, tələbələrə
uğurlar arzulayıb.
ABŞ səfirliyinin əməkdaşı R.Neyler,
Amerika konsulluğunun Azərbaycan üzrə direktoru C. Blakenşip tələbələrin Azərbaycan
dilinə yiyələnmələri üçün yaratdıqları şəraitə görə universitet rəhbərliyinə və
əməyi keçənlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıblar.
Sonra amerikalı tələbələrə Azərbaycan
dilini öyrədən müəllimlər, həmçinin onları evlərində
qonaq edən valideynlər fikirlərini bildiriblər.
Daha sonra ölkəmiz haqqında öz təəssüratlarını
bölüşən amerikalı tələbələr musiqisi Emin Sabitoğlu və sözləri Fikrət Qocaya
aid olan "Payız gəldi” mahnısını ifa ediblər.
Bakıda və rayonlarda amerikalı tələbələrin
müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış
fotoşəkillərdən ibarət videoçarx göstərilib.
Sonda amerikalı tələbələrə, dil həmkarlarına
və Azərbaycan dilini tədris edən müəllimlərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, "CLS Azerbaijani”
(Önəmli dil təqaüdü) Proqramı çərçivəsində Azərbaycan dilini öyrənən amerikalı
tələbələr proqram müddətində Bakıda Qız Qalası, Yanardağ, Şirvanşahlar Sarayı,
Atəşgah məbədi, Palçıq vulkanları, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, həmçinin
muzeylər və digər görməli yerlərdə olublar. Eyni zamanda rayonlara təşkil
olunan səfər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri,
əhalisi ilə yaxından tanış olublar. Tələbələr Azərbaycan mətbəxi ilə də tanış
olaraq qutabın hazırlanması qaydasını öyrəniblər. Proqram müddətində tələbələrə
dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub.