ADU-da “Business English” fənni çərçivəsində tədbir keçirilib - Fotolar
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Filologiya və Jurnalistika fakültəsinin
dekanı Vüsalə Ağabəylinin təşkilatçılığı ilə İşgüzar İngilis dili (Business
English) fənni çərçivəsində tədbir keçirilib.
Öncə tədbir haqqında məlumat
verən V.Ağabəyli tədris etdiyi İşgüzar İngilis dili fənninin
sillabusunda təqdim olunan mövzularla bağlı İngilis dili və ədəbiyyatı ixtisasında
təhsil alan tələbələrinin əyləncəli formada səhnəciklərlə çıxış edəcəyini
bildirib.
Sonra tələbələrin
ifasında telefon danışıqları zamanı tələffüzlə bağlı yaranan anlaşılmazlıqların
ortaya çıxardığı məqamları əks etdirən, çoxmədəniyyətliliyi özündə birləşdirən
dərs, eyni zamanda səyahət edən zaman pasport yoxlanışında İngilis dilində
danışmağa çətinlik çəkən insanlarla bağlı səhnəciklər nümayiş olunub.
Tədbirdə mövzuyla bağlı
video-çarx da izlənilib.
Sonda ADU-nun rektoru vəzifəsini icra edən
professor Əfqan Abdullayev tədbirin keçirilməsini yüksək qiymətləndirib, səhnəciklərdə
yer alan mövzuların real həyatdan götürüldüyünü və günümüzlə səsləşdiyini diqqətə
çatdırıb. O, müəllimlik peşəsinin çətin, şərəfli və məsuliyyətli olduğunu
bildirib. Professor belə tədbirlərin epizodik xarakter daşımayacağına və
davamlı olacağına inamını ifadə edib.