• cümə, 29 Mart, 14:22
  • Baku Bakı 14°C

ADU-da beynəlxalq elmi konfrans keçiriləcək

22.02.18 13:00 1488
ADU-da beynəlxalq elmi konfrans keçiriləcək
Xəbər verdiyimiz kimi, 2018-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın müvafiq əmrinə əsasən konfrans Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransın əhatə dairəsi genişlənməkdədir. Belə ki, Ukraynanın Kiyev Milli Linqvistik Universiteti, Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Moldovanın Beynəlxalq Menecment Universiteti və Belarusun Minsk Dövlət Linqvistik Universiteti də konfransın bölmə iclaslarına ev sahibliyi etmək istədiklərini bildiriblər.
Xatırladaq ki, konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində keçirilməsi nəzərdə tutulur. Konfransın bölmə iclasları isə Türkiyənin Ərciyəs və Ərzurum Universitetləri bazasında, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı bazasında, Gürcüstanın Tbilisi Dövlət Universiteti bazasında (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və "Bilik” cəmiyyətinin iştirakı ilə), Çin Xalq Respublikasının Xucjou Universiteti bazasında, İtaliyanın Kassino Cənubi Latsio Universiteti bazasında Sülh və Təhlükəsizlik Fondu ilə birgə, Üçüncü Roma Universiteti, Kataniya Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa Universitetinin (Fransa) iştirakı ilə Almaniyanın Auqsburq Universiteti bazasında keçiriləcək.
Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu tərkibdə təşkilat komitəsi yaradılıb.
Hazırda konfransda iştirak etmək istəyənlərin məqalə və tezisləri qəbul olunmaqda davam edir. İştirakçılar arasında yerli mütəxəssis və tələbələrlə yanaşı, xarici alimlər və araşdırmaçılar da var.
banner

Oxşar Xəbərlər