ADU-da “Azərbaycan-Çin: partiyalararası dialoq” mövzusunda seminar keçirilib
Azərbaycan Dillər Universiteti (ADU)
nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Yeni Azərbaycan Partiyasının
(YAP) yaranmasının 25-ci ildönümü və Çin Kommunist Partiyasının XIX
Qurultayının uğurla başa çatmasına həsr olunan
"Azərbaycan-Çin: partiyalararası dialoq” adlı elmi tələbə seminarı
keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun
direktoru professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist
Partiyası arasında əməkdaşlığın uğurlu inkişafından, Çin Kommunist Partiyası Mərkəzi
Komitəsi nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının I tarixi qurultayında
iştirakından danışaraq Ümummilli lider Heydər Əliyevin Çin nümayəndələri ilə
görüşünü xatırladıb. R.Abbasov "Böyük İpək Yolu İqtisadi Qurşağı” proqramının həyata
keçirilməsində YAP və ÇKP-nin mühüm rolunun olduğunu, Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin
YAP-ın 25 illik yubileyinə həsr olunan mərasimdəki çıxışında Azərbaycanın
Avrasiya qitəsindəki nəqliyyat mərkəzlərindən birinə çevrilməsinin və nəqliyyat
sahəsində tranzit ölkə statusunun əldə edilməsinin vacibliyini xüsusi qeyd
etdiyini vurğulayıb. R.Abbasov bildirib ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri zamanı Çin Xalq
Respublikasının sədri Si Cinpin ilə görüşündə YAP və ÇKP arasında sıx əlaqələrin
mövcud olduğunu və bunun ikitərəfli münasibətlərin güclənməsinə kömək etdiyini
qeyd edib.
Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları
Əfsanə Balayeva və Nigar Qocayeva öz məruzələrində Azərbaycan-Çin siyasi əməkdaşlığının
uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən,
Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasətindən danışıb. Seminarda o da xüsusi vurğulanıb ki, Çin Xalq
Respublikasının Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının
(Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutu Çin dilinin tədrisi və
Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olması məqsədi daşımaqla
yanaşı, "Bir kəmər-bir yol” konsepsiyasının həyata keçirilməsi istiqamətində
elmi-tədqiqat işlərinin aparılmasına töhfə verir.