• çərşənbə axşamı, 16 aprel, 17:34
  • Baku Bakı 19°C

ADU-da “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş baş tutub

24.11.16 17:57 1338
ADU-da “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş baş tutub
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar klubunun (TDK) "Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevlə növbəti görüş baş tutub. ADU-nun İnformasiya Departamentindən "Kaspi”yə bildirilib ki, tələbələrlə görüşdən öncə qonağı qəbul edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. O, universitetin təhsil sistemi, fakültə və kafedraları, həmçinin professor–müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verib. Prorektor ADU-nun Bolonya sisteminə qoşulan ilk universitetlərdən olduğunu vurğulayıb, ölkəmizi güclü intellekt və savada malik gənclərlə təmin etmək missiyası ilə fəliyyət göstərən ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən söz açıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq, ADU-nun nüfuzlu universitet olduğunu diqqətə çatdırıb.

ADU tələbələri ilə görüşən Fərhad Hacıyev təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri, fondun qısa zamanda gənclər tərəfindən tanınaraq özünəinam qazanması barədə danışıb. Daha sonra "Gənclərə dəstək fonunda-Gənclər Fondu” mövzusunda çıxış edən Fərhad Hacıyev fondun yarandığı gündən bəri 3341 layihəni dəstəkləyib, ona qrant ayırdığını diqqətə çatdırıb. O, Fondun təkcə təşkilatlarla yox, fərdlərlə işlədiyini nəzərə çatdıraraq, ideya və təşəbbüslə müraciət edən gənclərin dövlət tərəfindən yardım ala biləcəyini sözlərinə əlavə edib. Gəncləri aktiv olmağa, dövlətimizin yaratdığı imkanlardan səmərəli istifadə etməyə səsləyən Fond rəsmisi tələbəlik illərində qazanılan nailiyyətlərin onların gələcək həyatlarında mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonda çıxış edən Tələbə Diplomatlar klubunun sədri Ramin Həbibzadə gənclərin inkişafı, eləcə də onların öz layihələrini təqdim edə bilmək baxımından faydalı ola biləcək görüşdə iştirakına görə Fərhad Hacıyevə təşəkkürünü bildirib.




banner

Oxşar Xəbərlər