ADU-da 20 Yanvar faciəsinin qurbanları anılıb - Fotolar
Tədbirdə universitetin tələbəsi olmuş Ülvi
Bünyadzadənin qəhrəmanlığından da söz açılıb
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin
(ADU) professor-müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına gedərək ölkəmizin
tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsində həyatını itirən şəhidlərimizin
məzarlarını ziyarət edib və önünə tər gül dəstələri qoyublar.
Daha sonra ADU-nun şəhid tələbəsi Ülvi Bünyadzadənin
əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə universitetin foyesində yaradılan
açıq muzeyin qarşısında tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayan tədbir Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və
ADU-nun birgə təşkilatçılığı ilə baş tutub.
Anım mərasimində universitetin rektoru vəzifəsini
icra edən professor Əfqan Abdullayev başda olmaqla ADU-nun professor-müəllim və
tələbə heyəti, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ülvi Bünyadzadənin
bacısı professor Könül Bünyadzadə iştirak edib.
Öncə çıxış edən professor Ə.Abdullayev qanlı olay
günü ilə bağlı xatirələrini bölüşüb. O, yanvarın 19-dan 20-nə keçən gecə şəhərdə
tankların və digər hərbi texnikaların səsini eşidən hər kəsin üzündə bir təlaş,
narahatlıq, qəlbində isə qəhrəmanlıq, əzmkarlıq hiss olunduğunu söyləyib. "Azadlıq
istəyən xalq həmişə qurbanlar verir”-deyən Ə.Abdullayev həmin gecə xalqımızın azadlıq
uğrunda meydanlara, küçələrə çıxaraq şəhidlər verdiyini sözlərinə əlavə edib, onlardan
birinin də Ülvi Bünyadzadə olduğunu diqqətə çatdırıb: Bizim şəhidlərimiz əbədi
olaraq yaddaşlara həkk olunub. 20 Yanvar hadisəsi xalqımız üçün ağır itkilərlə
nəticələnsə də, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi, öz gələcəyi,
azadlığı üçün oyanış günü olub. İllərdən bəri xalqın qəlbində olan o azadlıq həsrəti
məhz həmin gün özünü büruzə verib. O gecədə qazanılmış azadlıq bu gün müstəqil
Azərbaycan Respublikasını dünyada inkişaf edən, sayılıb-seçilən dövlətlərdən
birinə çevirib”. Çıxışının sonunda Ə.Abdullayev ADU tələbələrinə dil
potensiallarından istifadə edərək Azərbaycanın qəhrəmanlıq salnaməsini və
azadlıq uğrunda mübarizəsini, həmçinin 20 Yanvar gerçəklərini dünyaya
çatdırmağı tövsiyə edib.
YAP Nəsimi rayon təşkilatının sədri Məlahət
İbrahimqızı tədbirin keçirilməsinə görə rayon təşkilatı adından ADU rəhbərliyinə
təşəkkürünü bildirib. O, xalqımızın tarixində unudulmaz şanlı qəhrəmanlıq səhifəsi
olan 20 Yanvar hadisəsini Azərbaycanın istiqlaliyyətinə qovuşmasında önəmli
rolu olan bir gün kimi qiymətləndirib. M.İbrahimqızı qeyd edib ki, həmin dövrlərdə
Azərbaycan qapalı ölkə olan SSRİ-nin tərkibində olduğundan, dünyanın heç bir
beynəlxalq təşkilatına çıxışının, onu dəstəkləyən tərəfdaşların olmaması
ucbatından böyük bir qanlı faciə baş verib. Amma yenə də bu faciə Azərbaycan
xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib. Bu qanlı
olaya ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini
söyləyən deputat, onun təzyiqlərə baxmayaraq hakim rejimə qarşı etiraz səsini
ucaltdığını və kommunizmin işğalçı mahiyyətini aşkarladığını diqqətə çatdırıb.
Daha sonra o, Azərbaycan gəncliyinin, xüsusilə də ADU tələbələrinin ağır və
ziddiyyətli dövrdə xalqının müstəqilliyə qovuşması üçün çalışan Ülvi ilə fəxr
etməsinin, onu özlərinə örnək götürməsinin, daima anmasının zəruriliyini bildirib. Sonda o,
Ülvinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Ülvi Bünyadzadənin bacısı, professor Könül
Bünyadzadə bu gün ölkəmizdə hökm sürən əmin-amanlıq və sabitliyin başlanğıcının
20 Yanvar azadlıq mübarizəsindən başladığını qeyd edib. "Bir millətin var
olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”- deyən Könül Bünyadzadə
həmin qəhrəmanların canına qıyaraq
ömrünü vətənin ömrünə caladığını söyləyib.
K.Bünyadzadə universitetin foyesində millət uğrunda
canından keçən qəhrəmanımızın muzeyinin və bu qəhrəmana sahib çıxan ulu öndərimizin
büstünün yer almasını ADU-da böyük bir tarixin yaşanması kimi qiymətləndirib, bu
tarixi yaşadan və sahib çıxan Dillər Universitetinə təşəkkurünü çatdırıb. O, belə
bir tarixi yaşayan gənclərin bu millətin
dayağı olacağına inandığını bildirib.
Tədbirdə, həmçinin 20 Yanvar hadisəsinə qədərki
tarixi proseslər, olayın siyasi motivləri haqqında məlumat verilib, ADU-nun tələbəsi Kamran Abbaszadənin Ülvi
Bünyadzadəyə həsr edilmiş şeirləri səsləndirilib.