ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının
təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib.
Kafedra müdiri, siyasi
elmlər namizədi, dosent Samir Həmidov 20 Yanvar hadisəsinin dünya tarixində
unikal xarakter daşıdığını bildirərək bunun Azərbaycan xalqının müstəqilliyi
uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O, vurğulayıb ki, 20 Yanvar
faciəsini digər faciələrdən fərqləndirən əsas cəhət Azərbaycanın dinc əhalisinin
dünyanın ən böyük və güclü dövlətlərindən birinə qarşı silahsız və əliyalın savaşması
olub. Bu qanlı olayın azadlıq hərəkatının mühüm bir hissəsi olduğunu diqqətə
çatdıran S.Həmidov 20 Yanvar hadisəsi nəticəsində milli kimliyimizi qazandığımızı
sözlərinə əlavə edib.
Sosial elmlər
kafedrasının professoru Məhəmməd Teymurlu belə bir günün fəxrlə anılmasının şərt
olduğunu bildirib, əsarət bayrağımızın hürriyyət bayrağına çevrildiyini
bildirib. Professor qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi
Ülvi Bünyadzadə olduğunu bildirib.
Sonra Beynəlxalq münasibətlər kafedrasının əməkdaşları
faciə ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə faciə nəticəsində Azərbaycan
xalqının təfəkkürünün dəyişildiyi, bu hadisəni törədənlərin hərbi cinayətkar
olduğu bildirilib, həmçinin 20 Yanvar hadisəsinə ilk siyasi-tarixi qiymətin məhz
Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi söylənilib.