• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

Adriatik dənizinin romantik İzolası - Reportaj

03.09.15 11:52 2865
Adriatik dənizinin romantik İzolası - Reportaj
Bu balıqçı adası turizm baxımından da çox cəlbedicidir
«İnsanlar özlərini bu ölkədə xoşbəxt hiss edirlərmi?» Yolboyu tərtəmiz asfalt küçələri, hər tərəfi əhatələyən yaşıllığı, az qala Adriatik dənizi ilə birləşən Alp meşələrini görüncə istər-istəməz içimdə yaranan bu suala cavab axtarıram. Sloveniyanın paytaxtı Lyubyanadan transferimi həyata keçirən sürücü isə ölkə ilə bağlı suallarımı həvəslə cavablandırır. Təbii ki, hər hansı bir ölkəyə üz tutarkən internet materiallarından daha çox yerli sakinlərin dedikləri maraqlı və inandırıcı görünür. Səfərim işgüzar xarakter daşımasa da, jurnalist marağımla sürücünü yormağın fərqində olmadığımdan suallarım bir-birinin ardınca ünvanlanır...
Sloveniya coğrafi baxımdan Avropanın mərkəzində yerləşsə də, iqtisadi baxımdan qonşu dövlətlər kimi zəngin deyil. Ölkənin qazancı əsasən turizmdən çıxır. Dünyanın hər yerindən, xüsusən qonşu ölkələrdən bu bölgəyə istirahətə gəlirlər. Azərbaycanlılar isə daha çox müalicə məqsədi ilə Lyubyanadan 128 km aralı “Roqaşka Slatina” kurortuna üz tuturlar.
Vladimir adlı sürücünün dediyinə görə, Sloveniyada miqrantlar yoxdur. Ona görə yox ki, ölkə miqrantları arzulamır. Həm də on görə ki, miqrantların özləri də bu ölkəyə gəlməkdə maraqlı deyillər. Çünki ölkənin özünün işsizlik problemi var. Bu ölkənin gəncləri iş üçün qonşu ölkələrə yollanırlar. Onların daha çox üz tutduğu ölkə isə Almaniyadır. Sloveniyada çalışan fəhlələrin əməkhaqqı 1000 avro olsa da, vergilər yüksəkdir. Təqaüdçülər 300, müəllimlər 500-600 avro alırlar. Həkimlərin əmək haqqı isə nisbətən fərqlidir – 1500-2000 avro arası dəyişir.
Əhali yalnız kiçik tutumlu avtomobillərdən istifadə edir. Belə ki, benzin baha olduğundan büdcələrinə daha çox bu avtomobillər uyğun gəlir. Sürücünün dediyinə görə, ölkənin cənub-şərqində «Renaut» Fransa maşınlarının zavodu fəaliyyət göstərir və hətta yaxın ölkələrin əhalisi də həmin avtomobillərə üstünlük verirlər.
Ölkədə kənd təsərrüfatı inkişaf edib. Yol boyunca uzanan üzüm plantasiyaları və meyvə bağları da bunu təsdiqləyir. Əhali əsasən təsərrüfatçılıqla məşğul olur və bu yolla dolanışığını təmin edir. 2 milyon əhalisi olan ölkədə əhali artımı sarıdan problemlər var. Sloveniyalılar ailədə uşaq dünyaya gəlməsinin o qədər də tərəfdarı deyillər. Qocaların isə təqaüd sarıdan problemləri var. Kənd və qəsəbələrin yaşayışı da o qədər ürəkaçan deyil. Qaz olmadığından insanlar mənzillərində istilik üçün mazut və odundan istifadə edirlər. Yol boyunca sıralanan evlər balaca və xudmaniliyi ilə seçilir. Hərçənd Alp dağlarının ətəklərində böyük villaları da seyr etmək olur. Xaricdə ev almağa üstünlük verən varlı itanlyanlar və almanlara məxsus bu evlər ilin çox aylarını boş olurlar. Amma ölkədə mənzil sahibi olmaq da o qədər ucuz başa gəlmir. İkimərtəbəli kiçik ev torpaq sahəsi ilə birlikdə 200-250 min avrodur. Birotaqlı, təxminən 20 kvadratlıq mənzili isə 60 min avroya əldə etmək olar. Böyük villaların qiymətləri isə 500 min-dən 1 milyon avroya qədər dəyişir.
Yerli əhali səmimi və mehribandır. Söhbətləşdiyim insanlar arasında ölkəmiz haqqında məlumatı olanlar da var. Ancaq təəssüf ki, bu məlumatlar «neft və qaz»dan o yana getmir. Ümumiyyətlə, nə qədər səmimi görünsələr də hiss olunur ki, özgə ölkələrin yaşayışı və problemi onlara maraqlı deyil.
Romantik İzola
Sloveniyanın ayrı-ayrı şəhərləri – İzola, Piran, Kuper, Portoroj turizmi inkişaf etdirmək baxımından əhəmiyyətli şəhərlərdir. Çünki tarixilik baxımından qədim olan bu şəhərlər əlverişli infrastrukturu ilə turistləri cəlb edir. Burada turizm adına hər şey var, əla xidmət də öz yerində.
İzola bu şəhərlərin içərisində xüsusi sakitliyi ilə seçilir. Sahillərini Adriatik dənizinin mavi sularının yuduğu bu şəhərdə hökm sürən sakitlik isə demək olar ki, əvəzolunmazdır.
Zəngin tarixi olan bu qəsəbəni hazırda romantik İzola da adlandırırlar. İtalyan dilində “ada” anlamına gələn bu balaca və sakit şəhər hələ qədim Roma imperiyasının dövründə yaranıb. Zaman-zaman gah İtaliyanın, gah Fransanın, gah da Yuqoslaviyanın tərkibində olub. 700 il – 13-cü əsrdən 18-ci əsrə qədər Venesiyanın tərkibində olam şəhər sonra Napoleon Fransasının tərkibinə qatılıb. Böyük sərkərdə Rusiyaya məğlub olandan sonra İzola Avstriyanın, Birinci Dünya müharibəsindən sonra isə İtaliyanın tərkibinə keçib. Yuqoslaviyanın tərkibində olduğu illər isə nisbətən qısa müddətli olub.
Bu gün qala divarları və qüllələrlə əhatə olunan şəhər həqiqətən adada yerləşir. 19-cu əsrin əvvəllərində bu qala divarları dağılıb və onun materialları adaya birləşmiş kanalın doldurulması üçün istifadə olunub. Sonradan qala divarları bərpa edilib. Şəhər o vaxtdan bəri liman və balıq sənayesi mərkəzi kimi öz əhəmiyyətini qoruyub saxlayır. Turizm inkişafı ilə bağlı ilk addımlar isə hələ 1820-ci ildən atılıb. O zaman şəhərdə ilk termal mənbələr tapılıb.
Sloveniyanın tərkibinə keçəndən sonra isə İzola turizm baxımından cəlbediciliyi ilə daha çox fərqlənir.
İzola vaxtilə balıqçı əyaləti olub. Bu adada 6000 balıqçı gəmisi, 4 balıq zavodu olub. Bu gün də əhali kasıb, orta və varlı təbəqələrə bölünür. Təxminən 10 min əhalinin yaşadığı İzolanın avtomobil yolları qonşu sahilyanı şəhərlərlə, o cümlədən Xorvatiya və İtaliya ilə birləşib. Koper şəhəri vasitəsilə Lyublyana və Sloveniyanın digər böyük şəhərləri, həmçinin İtaliyanın Triest şəhəri və Xorvatiyanın İstri şəhərləri ilə yaxındır.
Bu gün İzola təkcə dəniz sahilində istirahət etmək və günəş şüaları altında qaralmaq istəyənlər üçün deyil, həmçinin qədim və dar küçələrində gəzişmək, gecələr küçələrində canlı musiqi dinləmək, bazar və mağazalara çıxmaq istəyənlər üçün də uyğun şəhərdir. Şəhərdə çoxlu milli restoranlar, dəniz heyvanları ilə zəngin italyan mətbəxi, kiçik kafelər fəaliyyət göstərir. Axşamlar isə küçələrdə canlı italyan və Sloveniya musiqilərini dinləmək mümkündür. Belveder təpələri isə sakit çimərliksevərlər üçün unikal yerlərdir. Pəncərəsi dənizə açılan 3-5 ulduzlu otellərdə dincələn turistlər həmçinin dənizlə birləşən yaşıllıqdan da zövq alırlar. Adadakı ikiulduzlu kampuslara isə yaxın şəhərlərdən gələn ailələr daha çox üstünlük verir. Burada özünəxidmət üsulu ilə dincələn turistlər üçün belə istirahət daha sərfəli başa gəlir.
Balıqçı günləri, şərab və zeytun bayramı
İyunun ilk həftələrində burada şərab, balıq və zeytun yağı bayramları keçirilir. Avqustun son günlərində isə burada “Balıqçı günləri” qeyd olunur. Eyni zamanda, adada sentyabrın əvvəllərində kinofestival və İstriya mətbəxi bayramları da keçirilir. Həmçinin dəniz idmanı növləri də burada populyardır.
İzolanın orta əsrlərə aid dar küçələri bir növ İçərişəhəri xatırladır. Qənbər daşı döşənən dalanlar, hər pəncərəsindən rəngbərəng güllər asılan evlər diqqət çəkir. Bu şəhərdə ən gözəl bina Bessenqi sarayı hesab olunur. 18-ci əsrə aid, Barokko üslubunda tikilən bina şəhərə xüsusi gözəllik verir. Həmçinin 15-ci əsrə aid Mansoli Sarayı Venesiya qotiki üslubundadır. Küçələrdəki qırmızı kərpicli gözəl evlər artıq köhnəlib. Şəhərdə sahilyanı yaxta dayanacağı var. Şəhər yaxtasevərlər üçün çox populyardır və Sloveniya sahillərinə yaxta icarəyə götürmək istəyənlər də üz tutur. Dəniz vağzalından isə başqa şəhərlərə, o cümlədən füsunkar Venesiyaya turist reysləri həyata keçirilir. Hər həftənin şənbə və bazar günləri həyata keçirilən turlar təxminən 70 avroya başa gəlir. Açıq səma altındakı tarixi muzeyi görmək üçünsə növbəyə duranların sırası bilinmir. İtaliyanın Triest şəhəri daha yaxın olduğundan əcnəbilər həmçinin bu qədim şəhərə tələsirlər. Təxminən bir saatlıq məsafədə yerləşən azad liman şəhərinə yollanan turistlər həmçinin qədim Roma tikililərini, müqəddəs Sand-Custo və Mixail kilsələrini, həmçinin 19-cu əsrə aid “Miramare” qalasını ziyarət etmək şansı qazanırlar. Hersoq Maksimilian və arvadı Şarlottanın şərəfinə tikilən qəsr ətrafındakı parkla Şimali İtaliyanın ən böyük turizm məkanlarından sayılır. Turizm firmaları həmçinin İtaliyanın digər şəhərlərinə, o cümlədən Xorvatiya, Zaqrebə və Avstriyaya turlar həyata keçirirlər.
Payızda və qışda tamamilə sükuta qərq olan İzola adası yalnız yay aylarında turistlərlə şənlənir. Avqustun sonlarına doğru yağışlar Adriatikin təmiz sularına qarışır.
Payızın nəfəsi duyulanda turistlər və şəhərin qonaqları yenidən bu uzaq və yaşıl adaya qayıtmaq üçün gedirlər....
Təranə Məhərrəmova
Lyubyana-İzola

banner

Oxşar Xəbərlər