• cümə, 19 Aprel, 13:43
  • Baku Bakı 25°C

Adrenalin, həyəcan və real döyüşü hissi - Reportaj

23.05.15 08:09 3298
Adrenalin, həyəcan və real döyüşü hissi - Reportaj
Adrenalin yaşamaq istəyən gənclər bu məkana üz tutur. Onlar burada əsl döyüş həyəcanını yaşayır, qalibiyyətin və məğlubiyyətin nə olduğunu hiss edirlər. Söhbət paintball idman oyunundan gedir. Bu oyun ölkəmizdə yeni yaransa da, qısa müddət ərzində populyarlaşıb.
Biz də döyüş həyəcanını hiss etmək və gənclərlə söhbətləşmək üçün Nərimanov metrosu yaxınlığında fəaliyyət göstərən “Baku Paintball Center”ə yollandıq.
Məlumat üçün bildirək ki, döyüş əzmini artıran və döyüş hazırlığını təkmilləşdirən bu idman növü hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə yanaşı, insanların asudə vaxtlarının səmərəli keçirməsi məqsədi ilə yaradılıb.
Bu məkanda özünü döyüşdə hiss etmək üçün hər şərait yaradılıb. Sıx ağaclar, komandaların gizlənməsi üçün qurulan qurğular əsl döyüş meydançasını xatırladır.
Tozu dumana qatan döyüşçülər

Oyuna başlamazdan əvvəl oyunçular təlimatlandırılır və onlara xüsusi geyimlər verilir. Komandalar yerlərinə keçdikdən sonra oyun başlayır. Elə startdaca, sözün əsl mənasında toz dumana qarışır, gərgin döyüş gedir. Bu oyunda gənclər həm diqqətli olmalı, həm dəqiq hərəkət etməli, həm də cəld davranmalıdır. Burada əsas hədəf qalib olmaqdır.
Mərkəzdə bizi qarşılayan administrator Fikrət bizə Paintball oyunu barədə ətraflı məlumat verdi. O deyir ki, bu oyun növünə gənclərin, xüsusilə də qızların böyük marağı var: “Painball oyununda üç variant var - amerikan, italyan və milli variant. Amerikan variantı belədir ki, güllə bədənin istənilən yerindən dəyirsə, həmin oyunçu müvəqqəti olaraq oyunu tərk edir və meydançada sonuncu adam hansı komandanın üzvüdürsə, o komanda qalib hesab olunur. Sonra yenidən öz komandası ilə oyuna başlayır. İtalyan versiyasında əgər başdan 1, bədəndən 2 güllə dəyərsə bu zaman həmin oyunçu oyunu müvəqqəti olaraq tərk edir. Milli versiyada isə heç kim meydançanı tərk etmir, ballar hesablanır. Güllə qurtarana qədər oyun davam edir. Burada ölüm yoxdur. Başa dəyən güllələr 5 bal, bədənə dəyən güllələr isə 1 bal olmaqla hesablanır. Daha az güllə dəyən komandalar qalib hesab olunur”.
“Yazıq əsgərlər...”

Qiymətlərə gəldikdə, 100 güllə 10 manatdan hesablanır. Güllə qurtaranda oyunçu əlini qaldırır. Belə bir qayda var ki, əlini qaldıran şəxsə heç kim güllə atmır. Əlini qaldırdıqda, bizə yaxınlaşır, biz də problemi həll edirik. Burada əsas təhlükə budur ki, kaska başdan çıxmasın. İştirakçılara xüsusi döyüş silahları, 100 ədəd boya tərkibli mərmi və qoruyucu geyimlər verilir. Hər oyundan sonra geyimlər yuyulur, maskalar təmizlənir.
Paintball oyunu gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına kömək edir. Fikrət deyir ki, bu oyundan sonra insanlarda ruh yüksəkliyi yaranır: “Elə gənclər gəlir ki, 30 yaşı var, amma hərbi xidmət keçməyib, silah nədir bilmir. Formanı, silahı burada görür. Bəzi xanımlar var ki, burada oynayır, çıxanda deyirlər ki, “yazıq əsgərlər nələr çəkirmiş”. Ən azından onlar bunu hiss edirlər. Hətta bəzi xanımlar oyundan sonra hərbi xidmətə belə yollanmaq istəyir”.
Qızlara uduzan oğlanlar
Biz orada olduğumuz vaxt 5 qız 5 oğlana qarşı yarışırdı. Maraqlısı budur ki, döyüşü böyük fərq hesabı ilə qızlar qazandı. Administratorun sözlərinə görə, qızlar səbirli olduğu üçün onlarda döyüş daha uğurlu alınır.
Oyunun fəal iştirakçılarından olan Gülnar deyir ki, dostlarla birlikdə paintball oynamaq çox zövqlüdür: “Dostlarımızla çox gözəl gün keçirdik. Həm qaçdıq, həm qorxduq, həm sevindik. Döyüşün nə olduğunu hiss etdik. Həqiqətən fərqli hisslər, fərqli duyğulardır. Bütün gənclərə bu oyunu oynamağı məsləhət görürəm”.
Fuad hərbi xidmətə getməyə hazırlaşır. O deyir ki, bu oyun onun üçün stimul oldu: “Həqiqətən maraqlı oyundur. Bir saat ərzində həm idman etdik, həm beynimizi işlətdik, həm adrenalin yaşadıq. Silahın, hərbi geyimin, döyüşün nə olduğunu bilməyən gənclər mütləq bu oyunu oynamalıdır”.
Oyunu komandası ilə birlikdə qalib kimi tamamlayan Nərgiz qalib olmaq üçün qaydalara riayət etməyi məsləhət görür: “Burada əsas məqsəd gizlənməyi bacarmaqdır. Əgər gizlənmək üçün yaxşı yer tapsan, sakit və səbirlə yaxınlaşıb düşməni məhv edə bilərsən. Biz bu taktika ilə hərəkət etdik və qalib gəldik. Amma döyüş o qədər də asan deyilmiş. Allah düşmənlə döyüşən hərbiçilərimizə güc, qüvvət, səbir versin. Döyüş alnımıza yazılıb. Fərqi yoxdur, qız, ya oğlan, döyüşməyi bacarmalıyıq...”.
Paintball oynayan məşhurlar

Administratorla söhbətimiz zamanı məlum olur ki, paintballa gənclərlə yanaşı, məşhurlar da gəlir. Hətta onlardan bəziləri öz cangüdənləri ilə birlikdə komanda şəklində döyüşürlər: “Əsasən müəyyən qurumun işçiləri - banklar, xəstəxanalar, idarələrdən komanda şəklində oynamağa gəlirlər. Bunlarla yanaşı, məşhurların yolu da buradan keçir. Amerika səfiri burada bir saat oynadı və jurnalistlərə də burada müsahibə verdi. Məşhur müğənnilər, jurnalistlər də bizim məkana üz tutur, əylənirlər”.
Oyunu müşahidə etdikdən və gənclərlə söhbətləşdikdən sonra əmin olduq ki, gənclərdə vətənpərvərlik hisslərini daha da artırmaq və bu hissləri peşəkar vərdişlərə çevirmək üçün paintball idman oyununun üstünlükləri həqiqətən danılmazdır. Adrenalin, həyəcan, real döyüşü hiss etmək istəyən gənclər mütləq bu oyunu oynamalıdırlar.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər