• cümə axşamı, 25 aprel, 00:21
  • Baku Bakı 19°C

ADR-in 97 illiyinə həsr olunmuş konfrans keçirilib

26.05.15 12:40 896
ADR-in 97 illiyinə həsr olunmuş konfrans keçirilib
26 may 2015-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti- 97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə AJQA-nın prezidenti Sevil Yusifova açıb. O ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini bildirib. “Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmaq bizlərə XX əsrin əvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. Milli mücadilə, insanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”. S.Yusifova həmin günun həm Şərqdə, həm də Azərbaycanda əlamətdar bir tarix olduğunu xatırladıb. O, Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb.
Sonra AMEA-nın Şərqşünaslıq institutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevanın ADR-in qadın siyasəti haqqında məruzəsi dinlənilib. O bildirib ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olub. Müsəlman qadınının sosial-ictimai vəziyyəti, təhsili və mədəni səviyyəsinin artması ilə bağlı məsələlər XIX əsrin sonları, XX əsrin əvəllərində Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrini daim narahat edib, onlar öz yazılarında, icitmai fəaliyyətlərində qadın azadlığını sosial tərəqqinin mühüm amili kimi nəzərdən keçiriblər.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADR-in təhsilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqqidən söhbət açıb. M.İbrahimqızı bəzi Qərb dövlətlərində yalnız 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda, AXC-nin bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb. O vurğulayıb ki, Azərbaycanın müstəqillik aktına imzanı da məhz Azərbaycan qadını atıb. Məlahət ibrahimqızı müasir Azərbaycan qadınının hüquqlarından, cəmiyyətdəki yerindən misallar çəkərək Skandinaviya ölkələri ilə müqayisə aparıb.
Tədbirdə professor Cahangir Məmmədli, TUMİB-in sədri Çingiz Bayramov və digər elm xadimləri, QHT rəhbərləri və media nümayəndələri çıxış ediblər.
banner

Oxşar Xəbərlər