Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı
Bakalavr və magistr təhsili iqtisadiyyatla bağlıdır,
lakin bu gün qrafik və veb
dizaynsahəsindədir. Ali təhsil aldığın sahədə deyil, başqa bir
sektorda çalışırsansa, təhsil cəhətdən arada müəyyən çatışmazlıq ola bilir, ona
görə yönəldiyin istiqamətdə özünü təsdiq etmək üçün üzərinə böyük bir yük
düşmüş olur. Deyir ki, təhsil çatışmazlığını aradan qaldırmaq mümkündür. Öz
təcrübəsində bunu edib. Müsahibimiz Adobe
Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı, "Code Academy”nin həm art-direktoru,
həm də qrafik veb dizayn üzrə təlimçisi Rizvan Bağırlıdır.
- Hazırda çalışdığınız
sektor bakalavr və magistr təhsili aldığınız sahə ilə eyni deyil. Bu
dəyişikliyə getməyinizlə başlayaq.
- Ali təhsilimi İqtisad Universitetinin Beynəlxalq iqtisadi
münasibətlər fakültəsində almışam. Bakalavr təhsilinin ardınca eyni fakültəni magistr
olaraq bitirmişəm. İki il özəl şirkətlərin birində satış meneceri kimi
fəaliyyət göstərmişəm. Həmin dövrdə artıq primitiv formada qrafik dizayn
proqramlarının bəzilərindən xəbərdar idim. İqtisadçılığın mənim üçün monoton,
maraqsız olduğunu hiss edib qrafik dizayn proqramları ilə daha aktiv
maraqlanmağa başladım. Universitet dönəmində iqtisadi fənlərdən marketinq və
reklam məni daha çox cəlb edirdi. Bəlkə də elə buna görə dolayı yolla da olsa
bu sektora doğru istiqamət aldım.
- Bakalavr təhsili müddətində
sizdə iqtisadçılıqla bağlı hələ tam fikir formalaşmamışdı deyə o istiqamətdə
magistr təhsili də aldınız, yoxsa başqa səbəb var idi?
- Mən əslində reklam-marketinqdə oxumaq istədim,
fakültə dekanı da razılaşdı. Lakin son anda prorektor göstəriş verdi ki, kim
hansı ixtisası bitiribsə, yalnız o istiqamətdə davam etməlidir. Halbuki, o ana
qədər belə bir qayda yox idi. Sırf son günlərdə çıxan o qərara görə iki il
zamanımı israf etdim. Artıq sənədlərimi hazırlamışdım. Paralel olaraq məni işə
götürməyə hazır olan şirkət var idi. İki gün sonra isə qəbul bitirdi. Bunları
seçdim. Çünki əks halda hərbi xidmətə gedib, bir il sonra hər şeyi yenidən
başlamaq lazım gələcəkdi.
- Özəl şirkətdə satış
meneceri kimi çalışmağınız tələbə vaxtına düşür, yoxsa sonraya?
- Yox, sonrakı dövrə. Bakalavrı bitirdim və işləməyə
başladım. Həm magistr təhsili aldım, həm də iqtisadçı kimi işlədim.
- Sevmədiyin, özünü
görmədiyin bir sahədə çalışmaq necə hissdir? Çünki sevdiyin işi görməklə
yanaşı, "gördüyün işi sev” deyə bir fikrə də çox rast gəlirik.
- İxtisasımın adından da göründüyü kimi mən
ümumi-nəzəri iqtisadçı idim. O dövrdə hələ özümü iqtisadçı sanırdım və bu
sahədə də inkişaf etmək fikrim var idi. Sadəcə, hansı sektorda olacağımı
bilmirdim. İki illik iş təcrübəsi isə mənə tam aydın qərar verməyə köməklik
göstərdi. Başa düşdüm ki, ənənəvi iqtisadçılıq, işin maliyyə-mühasibat
tərəfləri mənə görə deyil. Daha müasir, dinamik bir sektor lazım idi.
- Bəs indi çalışdığınız
sektorla tanışlığınız necə oldu?
- Bayaq qeyd etdiyim kimi, qrafik dizayn
proqramlarından bir-ikisini zəif formada bilirdim. Dizayn işi maraqlı gəlirdi.
Arabir elə fəaliyyət göstərdiyim şirkətin çap reklam materiallarını hazırlamaq
fürsəti düşdü, bir növ özüm üçün eksperimentlər aparmaq imkanı yarandı. Beləcə
qrafik dizayna həvəs sürətlə artmağa başladı. Beləliklə, texniki-nəzəri
biliklərimi artırmağa başladım. İki illik iqtisadçılıqdan sonra elə həmin
şirkətdə qrafik dizayner vakansiyası yarandı. Mən də o yerə öz namizədliyimi
təklif etdim. Qərarım rəhbərliyi çox təəccübləndirsə də, qəbul etdilər. Çünki
artıq bu işi çox yaxşı bilirdim. Məni bəlkə də gələcəkdə şirkətin icraçı
direktoru görürdülər, amma özüm belə düşünmürdüm (Gülür).
- Təhsil aldığı sahədə
deyil, başqa sektorda çalışan adam özünü inkişaf etdirmək üçün üzərində daha
çox çalışmalıdır. Bu cəhətdən nələr edirdiniz?
- Dediyiniz bu təbii çatışmazlığı aradan qaldırmaq
mümkündür. Əslində mahiyyət etibarilə təhsil aldığınız müddətdə görülən işləri
görmək lazımdır. Nəzəri məlumatlar üçün bol-bol bu sahənin kitablarını,
məqalələrini oxumağı tövsiyə edərdim. İşin texniki tərəfləri üçün ciddi
praktikaya ehtiyac duyulur. Proqramları öyrənmək üçün online video dərslərdən,
daha təcrübəli birinin məsləhətlərindən faydalanmaq olar. Yaxşı dizayner olmağa
gəlincə, buna artıq zaman lazım olacaq. Yalnız özün başını aşağı salıb işi
öyrənməyə çalışsan, bu zaman dilimi daha geniş olacaq. Əgər təcrübəli bir
dizaynerdən məsləhət almaq imkanınız, səhvlərinizi sizə başa salacaq birisi
varsa, o zaman daha şanslısınız. Belə olanda nisbətən qısa zamanda çox yaxşı
işlər görə biləcəksiniz. Qrafik və veb dizaynı öyrənə biləcəyiniz kurslarımız
da günü-gündən çoxalır. Təbii ki, onlara müraciət edib, işi daha sistemli
öyrənməyi tövsiyə edirəm.
- Adobe Photoshop üzrə
ekspert adına yiyələnən ilk azərbaycanlısınız. Bu sahəyə gəlişinizdən nə qədər
vaxt sonra buna nail oldunuz?
- 2006-cı ildən qrafik dizayner olaraq fəaliyyət
göstərirəm. Adobe Photoshop ilə tanışlıq isə hələ tələbəlik illərinə təsadüf
edir - təxminən, 2002-ci ilə. 17 il sonra isə bu proqramın Azərbaycanda ilk
eksperti oldum.
- Adobenin eksperti olmaq
üçün hansı prosesdən keçdiniz?
- Ekspert imtahanı verib, sertifikat əldə etməyin
bir yolu var. Adobe-nin müvafiq proqram üzrə test imtahanından keçmək lazımdır.
Təxminən 60-a yaxın sual olur. Təsəvvür edin vizual işlər gördüyümüz proqramdan
yazılı, görüntüsü olmayan test sualları. Proqramın interfeysi, funksionalı,
alətləri, görülən işlərin mümkün alternativ variantlarını obrazlı desək,
gözübağlı bilmək lazımdır. 4-5 görüntülü (şəkil olan) sual olur. Təbii ki,
ingilis dilini kifayət qədər yaxşı bilmək lazımdır. Çünki dil baryeri onsuz da
çətin olan sualları bir az da qəlizləşdirə bilər. Təxminən 1 saat ərzində bu
imtahanda iştirak edib, minimum 66 %-lik göstərici əldə etmək tələb edilir.
- Ekspert olmaq
mütəxəssislərə əlavə bir öhdəlik vermiş olur?
- Adobe eksperti olmaq nəsə əlavə iş yükü vermir.
Hər sektor üzrə dünyada lider qurumlar var ki, bu sahənin mütəxəssisləri öz
bilik və ya bacarıqlarını yoxlamaq və ya özlərini sübut etmək üçün belə qurumların
sertifikatlarını əldə edirlər. Bizim sahədə də bu qurum Adobe sayıla bilər.
Qrafik və veb dizayndan təlimlər keçirəm. Buna görə də qlobal sertifikat əldə
etmək bəzən müəyyən avantajlar verə bilər. İmtahanı verdim və elə ilk cəhddə də
uğur qazandım.
- Həm də müəllim kimi
çalışırsınız. Bir az da öyrətməkdən danışaq.
- 10 ildən çoxdur qrafik və veb dizayn sahəsində
çalışıram. İki nəhəng reklam agentliyində, dizayner, art-direktor olmuşam.
Yerli, qlobal bir çox şirkətin reklam kommunikasiyalarının hazırlanmasında
iştirak etmişəm. Bu, az olmayan təcrübəni gənc nəslə ötürməyin vaxtı
yetişmişdi. Bunu nəzərə alıb keçən ilin sonundan Code Academy komandasına
qoşuldum. Akademiyanın həm art-direktoru, həm də qrafik veb dizayn üzrə
təlimçisiyəm.
- Qrafik və veb dizayn
sahəsinə yönəlmək istəyənlər bu gün çoxdur. Bir az asan olacağını düşünənlər də
olur. Burda hər istəyən uğurlu ola bilərmi?
- Bir çox modern sahələr var ki, gənclərə zahirən
çox asan gəlir. Məsələn, digital marketinq. Çoxları elə bilir ki, "Facebook” və
ya "Google” kimi platformaların bəzi tənzimləmələrini bilib, hansısa şirkət
adından post paylaşmaq sosial media marketinqi (digital marketinq) işidir.
Halbuki, adındakı marketinq sözünü ciddiyə alsalar, bu primitiv düşüncə
dəyişər. Marketinq ayrı bir elmdir. Rəqəmsal dünya üçün bir modern qolu
formalaşıb. Bu işi bilmək ciddi araşdırma, işin elmi tərəfini öyrənmək, praktik
təcrübə tələb edir. Bu paralel müqayisəni bizim sahəyə də aid etmək olar. 2-3
qrafik dizayn proqramını bilmək, dizayner olmaq deyil. Biz şirkətlərin,
brendlərin vizual kommunikasiyalarını yaradırıq. Reklam-marketinq sahəsinin bir
subyektiyik. Biznes problemlərinin həllində iştirak edirik. Bu düşüncə hər
zaman ön planda olmalıdır. Dizayn proqramları isə bu işdə sadəcə, lazımi
alətlərdir. Demək ki, bu yolda addım atmaq istəyən işin həm texniki, həm
nəzəri, həm də estetik tərəflərini güclü bilməlidir. Modern trendləri izləmək,
bol praktika qazanmaq lazımdır. Təbii ki, güclü istək və həvəs çox böyük
təkanverici amildir. Amma uzun yolu qət etmək üçün zaman, səbr, çoxlu çalışmaq,
oxumaq və araşdırmaq lazımdır.
Aygün Asimqızı