• cümə axşamı, 28 mart, 18:43
  • Baku Bakı 13°C

Adlar insanın taleyinə necə təsir edir? - Polemika

10.02.18 11:00 4252
Adlar insanın taleyinə necə təsir edir? - Polemika
Son 5 ildə Azərbaycanda 9 uşağa Bülbül, 10 uşağa Sürmə, 5 uşağa Göyərçin, 1 uşağa Kitabulla,1 uşağa Qələm, 2 uşağa Başxanım, 1 uşağa isə Çaydagül adı qoyulub. Hətta Xiyar, Namus, Məmiş, Gilas kimi adlarla siyahını uzatmaq olar. Son günlər isə, Arenda və Toybəy adları gündəmə gəlib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib ki, "ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - "Toybəy”, "Arenda” adları ilə bağlı müraciətlər olub: "Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də "Əli” və "Yusif” adlarının "Ali” və "Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması "Əli” və "Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.

İlk baxışdan bizə gülməli gələn bu adlara bir uşaq ömrü boyu məhkum ola bilir. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Gülünc görünməyindən başqa, adların yarandığı hərflər ayrılıqda bir məna daşıyır. Hətta hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm var ki, huruf adlanır. Qədim Misirdən Roma imperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen est omen”, yəni "adımız taleyimizdir” deyəcək qədər qəti bir inanca sahibiydilər.

Bəs gənclərimiz bu barədə nə düşünür? Adlar insanın taleyinə necə təsir edir?

"Uşaq gələcəyin məktəblisi, tələbəsi, əsgəridir!”
Ramazan Seyidov, İT menecer:

Ramazan hesab edir ki, ad insanın taleyindən öncə, onun təqdimatında böyük önəm kəsb edir. Həmsöhbətimizin sözlərinə görə, anormal seçilmiş ad insana uşaqlığından, hətta bağça yaşlarından psixoloji təsir etməyə başlayır: "Hər kəs onunla adına görə aşağılayıcı zarafatlar edir və bu da cəmiyyətə atılan insanın psixoloji travma alması ilə nəticələnir. Təsəvvür edin, birinə Traktor adı verirlər. Mənə maraqlıdır, valideyn bu adı verərkən nə düşünür?! Düşünmürmü ki, bu uşaq gələcəyin məktəblisi, tələbəsi, əsgəridir?! Əfsuslar olsun ki, informasiya texnologiyaları dövründə yaşasaq da, övladına əşya, tərəvəz adı verən valideynlər var”.
Ramazan adlarla bağlı problemin səbəbini cahilliklə əlaqələndirir: "Bunun səbəbi yalnız cahillik və savadsızlıqdır. Ölkədə son illər anormal adların verilməsinə qarşı qanunla tənzimləmə irəli sürüldü və bunu çox yaxşı hal kimi qiymətləndirməliyik. Qədim şərq mədəniyyətində yeni doğulan körpənin adlandırılması xüsusi ayinlərlə keçirilirdi və inanırdılar ki, insanın adı onun taleyinə təsir edir. Bu gün də bizim cəmiyyətdə buna inananlar var. Bu da bizə göstərir ki, ad şəxsin həyatında nə qədər önəm kəsb edir. Belə bir deyim var: "Adına layiq şəxsiyyət ol”. Hər kəsə məlumdur ki, Azərbaycan dilində alınma ərəb-fars mənşəli sözlər çoxluq təşkil edir. 100 illər boyu yeni doğulanlara verilən adların böyük əksəriyyəti də alınma adlardır. Bunların arasında elələri var ki, Azərbaycan dilinə tərcümə edəndə, heç də yaxşı məna kəsb etmir. Məsələn, Sərxan adının mənası canavar, qurd deməkdir. Həmçinin bu gün televiziyalarda yayımlanan filmlər və seriallar da Azərbaycan dilinə yeni adların daxil olmasına səbəb olur. Buna örnək kimi, Yusif Peyğəmbərə aid film ölkədə yayımlandıqdan sonra, Yusif adının ən çox qoyulan adlar siyahısında ilk pillədə olmasını göstərə bilərik. Lakin serial qəhrəmanlarının adlarının hamısı da xoş mənalı adlar deyil. Məsələn, məşhur türk serialı "Kurtlar vadisi”nin qəhrəmanı Mematinin adı Türkiyədə qadağan olunub və səbəbi də sözün ərəbcədən tərcüməsinin "ölümcül” mənası verməsidir”.
"Qeyri-ciddi və gülməli adlar uşaqların həyatını məhv edər”
Sara Rəcəbli, səyyah:
Sara ad məsələsinə həssas yanaşır. Düşünür ki, hər adın özünəməxsus energetikası var: "Tam əminliklə deyə bilərəm ki, qoyulan ad insanın taleyinə birbaşa və şüuraltı təsir edir. Adımızda olan hərflər enerji dəyərləri daşıyır. İnsan istədiyi zaman adını dəyişərsə belə, bu, onun taleyinə təsir edə bilər. Adın xüsusi səs vibrasiyası olur. Bu səs vibrasiyası beynin müxtəlif hissələrində müvafiq qıcıqlanmalar əmələ gətirir .Tanışlıq zamanı ətrafdakıların ilkin münasibəti adın səslənməsindən çox asılı olur. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq, insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Hər bir ad müxtəlif dillərdə müxtəlif cür səslənir. Seçilən ad mütləq şəkildə yaşadığınız yerdə səlis və həzin səslənməlidir ki, bu, insan beyninə, o adı daşıyan şəxsə müsbət enerji ötürsün. Səslənmə - məsələnin bir tərəfidir. Bundan da mühümü – adın mənasıdır".
Sara deyir ki, gülməli adı olan uşaqlar, böyüyəndə özlərini cəmiyyətdə təsdiq edə bilmir və qeyri-ciddi təəssürat yaradırlar: "Hər adın öz mənası var və o adla bizi cağıranda, istər-istəməz, adın mənasını özümüzə aid edirik. Məsələn, yaxşı, dürüst, qeyrətli, ədalətli mənası olan adlar bir insanın xarakterinin formalaşmasına müsbət təsir edir. Valideynlər öz uşaqlarına ad verərkən, çox ciddi və məsuliyyətli olmalıdırlar. Yanlış, gülməli, qeyri-ciddi adlar uşaqların həyatını məhv edər, cəmiyyət tərəfindən gülüş hədəfinə çevrilərlər. Ad və məna cəmiyyət tərəfindən normal qarşılanmırsa, uşaqda komplekslər, özgüvən əskikliyi yaranır ki, bu da onun gələcək planlarına birbaşa təsir edir. Valideynlərin uşaqlarına ad qoymaq öz ixtiyarlarındadır və bu azadlığı onların əlindən heç kim ala bilməz. Amma valideynlər də uşaqlarına ad qoyanda diqqət etməlidirlər ki, seçdikləri adlar fəxr edilən olsun, utanc gətirən deyil”.

"Adım məni cəmiyyətdə fərqləndirib”

Nəzərbəy Hacıağayev, jurnalist:
Nəzərbəyin adı nadir adlardandır. Deyir ki, adından heç vaxt narahat olmayıb. Əksinə, adı onun cəmiyyətdə fərqlənməsinə, seçilməsinə səbəb olub: "Adımın fərqli olması mənim üçün xoşdur. Çünki adımla bir çox yerlərdə seçilməyi bacarıram. Araşdırmalarıma görə, ölkəmizdə hazırda Nəzərbəy adında ikinci bir şəxs yoxdur. Bu ad məndən əvvəl atamın babasınının qardaşı və əmisində olub. Onların hərəsinin bir cahan savaşında vəfat etmələri barədə sadəcə məlumat var. Sovet vaxtı bu adı əmimə qoymaq istəsələr də, o vaxtın qaydalarına görə bu mümkün olmayıb. Çünki kommunist rejimində bəy, ağa kimi əlavələrə nifrət var idi. Həm özümüz, həm də adlarımız həmin dönəmdə amansız repressiyalara məruz qalıb. Ancaq şükür olsun ki, sonradan ölkəmiz müstəqilliyini əldə etdi. Bundan sonra Nəzərbəy adı mənə verildi və mən adımla fəxr edirəm”.

Nəzərbəy uşaqlara verilən meyvə, tərəvəz, əşya adlarını normal qarşılamır. Deyir ki, həmin uşaqların gələcəyini düşünəndə üzülür: "Bəzən mətbuatda, internetdə insanların övladlarına verdikləri adlara fikir verirəm və çox üzülürəm. Övladınıza ad seçəndə diqqətli olun. Çünki ad insanın xarakterinə uyğunlaşır. Mən məsələn, öz adımla fəxr edirəm, bu adı daşımaq nə qədər şərəflidirsə, məsuliyyəti də çox böyükdür. Amma hamı mənim kimi şanslı olmur. Bəzən valideynlərin övladlarını fərqləndirmək üçün seçdiyi adlar mənfi nəticələrə səbəb ola bilər. Fərqlənmə heç də hər zaman müsbət mənada olmur”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər