• şənbə, 20 Aprel, 15:19
  • Baku Bakı 23°C

ADİU-nun İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub

27.10.14 16:03 1236
ADİU-nun İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub
Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar. ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən “Kaspi” qəzetinə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib və bu, tədbirlər planında öz əksini tapıb: “ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılan İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”. Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap fəaliyyətə başladığını bildirən rektor, gələcəkdə startapların sayının dəfələrlə artacağını vurğulayıb. Rektor “ADİU-da yüksək keyfiyyətli, əmək bazarının tələblərinə cavab verən şəxsiyyət və səriştəyönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik”- deyə əlavə edib.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin İqtisad Universitetində yaradılması təsadüfi deyil: “Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də yararlanacaqlar”.
Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb: “İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyat keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önə çıxmasına kömək edəcək”.
ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqda qonaqlara ətraflı məlumat verib. Belə ki, İnnovativ Biznes İnkubator “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq yaradılıb. “İBİ əsasən Startaplar, Təlim mərkəzi, Biznes klinik və kovorkinq istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”nı icra etmək, ADIU-nun professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.
Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb" veb dizayn studiyasının təqdimatı olub.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər