AZE | RUS | ENG |

Adını yaza bilməyən şagirdlər… - Polemika

Adını yaza bilməyən şagirdlər… - Polemika
Müsahiblərimizlə bunun günahının kimdə olduğunu araşdırdıq

Təhsil millətin gələcəyidir. Bu gün ölkəmizdə təhsil sahəsində ən müasir standartlar tətbiq olunsa da, müəyyən problemlərin olduğunu da açıq etiraf etməliyik. Bu yaxınlarda açıqlanan bəzi statistik rəqəmlər isə həyəcan təbili çalmağın vaxtının gəlib çatdığını göstərdi. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə IX sinfin buraxılış imtahanları ilə bağlı acınacaqlı faktlar açıqladı. O bildirdi ki, bəzi şagirdlər hətta öz ad-soyadlarını belə yaza bilmirlər: “Şagird imtahana gəlirsə, boş kart versə də, onun üzərində adını yazmalıdır. Amma adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub. Bu rəqəm çox deyil, hər bir rayonda 5-6 adam var. Amma bu faktın olmasının özü də çox acınacaqlıdır”. Bəs burada ən çox kimin günahı var? Kim öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir: müəllim, valideyn, yoxsa şagird? Mövzu ilə bağlı gənclərin fikrini aldıq.

Valideyn nəzarəti daha çox rol oynayır

İsmayıl İslamoğlu, jurnalist

İsmayıl fikirləşir ki, əslində bur
ada hər üç tərəfin müəyyən qədər günahı var. Müsahibimiz deyir ki, əslində valideyn məsuliyyətsizliyi burada daha çox rol oynayır: “Mənim fikrimə görə, burada günah hər üç tərəfdədir. Həm valideyn, həm uşaq, həm də müəllimdə. Təbii ki, müəyyən istisnalar var. Nəzərə alaq ki, bəzən məktəblərdə daha dolğun dərslər keçilmədiyi üçün uşaqlar əlavə kurslara, hazırlıqlara üz tuturlar. Amma bəzi hallarda isə valideyn məsuliyyətsizliyi, övlad üzərində ciddi nəzarətin tətbiq olunmaması da bu hallara gətirib çıxarır. Ümumiyyətlə, bu və digər bu kimi hallarda bir uşağın hərf yazmağı bacarmaması onun ibtidai sinifdə oxuduğu dövrdən müəllim məsuliyyətsizliyi ilə üz-üzə qalması, yaxud da valideyn nəzarətindən kənarda olması deməkdir”.

Həmsöhbətimiz deyir ki, belə bir statistikanın elan olunmasının tərəfdarı deyil: “Bütün bunlarla yanaşı, onu da qeyd etmək istəyərdim ki, Azərbaycanda kifayət qədər potensiallı şagird, tələbə, gənc kadrlar var. Mən TQDK-nın heç bir halda belə bir açıqlama verməsini təqdir etmirəm. Nisbi şəkildə nəzərdə tuta bilərdilər, amma total şəkildə bunu demək, hətta elan etmək, mənim fikrimcə, doğru deyil. Xüsusən də belə həssas bir vaxtda. Bütün dünya ölkələrinin Azərbaycanda gözü və nəzarəti var. Ermənistan kimi düşmən ölkələr və kənar qüvvələr bu açıqlamadan kifayət qədər yararlana bilərlər. Mən belə hesab edirəm ki, nəticə etibarı ilə bu məsələlərə bir az həssas yanaşmaq lazımdır”.

Əsas səbəbkar şagirdin özüdür

Lamiyə Süleymanlı, tələbə


Lamiyə fikirləşir ki, burada hər kəsin səhvi olsa da, daha çox məsuliyyət daşıyan tərəf məhz şagirdin özüdür. Çünki istənilən halda bu, şagirdin nəticəsidir: “Düşünürəm ki, əvvəlcə hər bir tərəf günahı özündə axtarmalıdır. Daha sonra isə problemin həlli yolları istiqamətində işlər görülməlidir. Müəllim-şagird-valideyn münasibətləri elə nizamlanmalıdır ki, hər kəs öz vəzifəsini bilməli və onu məsuliyyətlə yerinə yetirməlidir. Düzdür, təhsil sistemimizdə də problemlər çoxdur. Lakin problemin əsas səbəbkarı kimi məhz şagirdin özünü hesab edirəm. Çünki şagird özlüyündə məsuliyyət hiss etsə və yetərincə çalışsa, öz məqsədinə çatar. Heç bir problem onun qarşısını ala bilməz”.

Həmsöhbətimiz deyir ki, bu gün belə bir statistikanın açıqlanması əslində müsbət məqamdır. Çünki artıq hər kəs dərk edir ki, vəziyyət heç də qənaətbəxş deyil: “Bu statistika əslində bir çox valideyn və müəllimin ayılmasına səbəb olacaq. Hər kəs artıq dərk edir ki, üstüörtülü şəkildə yola verilən 9-11 illik təhsilin hesabı nə vaxtsa onlardan tələb olunacaq. Şagirdlər artıq dərslərə daha məsuliyyətli yanaşacaq. O cümlədən valideyn öz övladı üzərində nəzarəti daha da möhkəmləndirməsinin vacibliyini dərk edəcək. Burada mühüm olan bundan sonra köhnə səhvlərin təkrar olunmamasıdır. Əks təqdirdə hər kəsin əziyyəti hədər olur. Bu gün əgər 9-cu sinif şagirdi öz ad-soyadını yaza bilmirsə, bu, faciə deməkdir. Bir şagird 9 illik tədrisini bu nəticə ilə qurtarırsa, hər şeydən əvvəl şagird burada öz cavabdehliyini daşımalıdır”.

Nəzarət güclənməlidir

Rəşid Hüseynli, dizayner


Rəşid isə fikirləşir ki, burada əsas günahkar şagirdlər olsa da, belə bir statistik rəqəmin ortaya çıxmasında müəllimlərin payı da böyükdür. Həmsöhbətimiz deyir ki, bununla bağlı həmçinin dövlət nəzarəti də güclənməlidir: “Son illər təhsil sahəsindəki vəziyyət heç də ürəkaçan deyil. Bununla bağlı işlər isə çox zəif aparılır. Tətbiq olunan kurikulum sistemi də uşaqların savadsızlığına gətirib çıxarır. O ki qaldı kimin daha çox günahkar olmasına, təkcə bir adamı günahlandırmaq düzgün deyil. Çünki öz işinin öhdəsindən layiqincə gələn müəllimlərin və dərslərində uğurlu olan şagirdlərin sayı kifayət qədərdir. Amma bu o demək deyil ki, bu, yüz faizli nəticədir. Əslinə qalanda, Təhsil Nazirliyi həm müəllimin, həm də şagirdin üzərində nəzarəti gücləndirsə, bu kimi mənfi hallar yaşanmaz. Bir çox şagirdlər indi dərsə getmək əvəzinə çayxanada, internet kafelərdə vaxt öldürür. Səmimi etiraf etsək, ətrafımızda bu kimi halları çox müşahidə edirik və bir çoxlarımız buna göz yumuruq. Nə qədər ki uşaqlar dərsdən qaçıb internet kafeyə getməyə davam edəcək, belə faktlar olacaq. Düzdür, bunu hamıya aid etmək də olmaz. Ətrafımda tanıdığım bir çoxları təhsilini uğurla başa vurub, hətta sonradan təhsilini xaricdə davam etdirənlər var. Bəs necə olur ki, onlar bu işi bacarır, digərləri yox? Demək ki, hər şey insanın özündən başlayır. Digər məqamlar ikinci planda gəlir”.

Müsahibimiz deyir ki, təhsil sahəsində yeni addımların atılması qaçılmazdır. Çünki bəzi müəllimlər hələ də rüşvət alır və uşaqları sinifdən sinfə keçirir: Bunu da yaddan çıxarmayaq ki, bu statistikada təkcə şagirdi günahlandırmaq olmaz. Elə müəllimlər var ki, uşaqdan rüşvət tələb edir. Və bir çox valideynlər də bu rüşvəti müəllimlərə çox rahat ödəyir ki, təki uşaq növbəti sinfə keçsin. Nəticədə uşaqda arxayınlıq yaranır və dərslərinə məsuliyyətsiz yanaşır. O bilir ki, artıq dərsə getsə də, getməsə də, oxusa da, oxumasa da valideyni onu sinifdən-sinfə “keçirəcək”. Bu kimi halların qarşısı alınarsa, bütün problemlər aradan qalxar. Şagird artıq dərk edər ki, yeganə çıxış yolu dərs oxumaqdır”.

Şəbnəm Mehdizadə Polemika">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056