• çərşənbə axşamı, 23 aprel, 14:01
  • Baku Bakı 24°C

Adını tarixə həkk etmiş dahi şəxsiyyət

09.05.18 09:00 2239
Adını tarixə həkk etmiş dahi şəxsiyyət
May ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasından 95 ili tamam olur. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ümummilli lider Heydər Əliyevi bir daha ehtiramla xatırlayır. Dünya şöhrətli Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, müstəqil, azad Azərbaycan böyük Heydər Əliyevin şah əsəridir. Onun sözlərinə görə, hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın: "Azərbaycanın ən yeni tarixinin böyük bir erası məhz onun adı ilə bağlıdır. Heydər Əliyev erası Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi, müstəqillik dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda baş tutur. Ulu öndər Heydər Əliyev ideoloji baxımdan iki ziddiyyətli dövrdə - Sovet İttifaqının tərkibində olanda və müstəqillik dövründə də Azərbaycana rəhbərlik edib, amma hər iki dövrün bir səciyyəvi cəhəti var. Bu da ondan ibarətdir ki, fərqli ideoloji dövrdə Azərbaycan dövlətçiliyinin sükanı arxasında olmasına baxmayaraq, hər iki dövrdə onun fəaliyyəti Azərbaycan dövlətçiliyinin, xalqının inkişafına, mənafeyinə xidmət edib. Bu gün böyük fəxarətlə bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi, multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin hamısı böyük dövlət xadiminin hələ Sovet dövründə Azərbaycanda həyata keçirdiyi siyasətlə bağlı olub. Bu gün Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən böyük ziyalı ordusunun yaranmasında Heydər Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan ədəbiyyatının inkişafında, mədəniyyət, ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji repressiyalarından qorunmasında böyük xidmətləri qeydə alınıb. Müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, iqtisadi və balanslaşdırılmış xarici siyasətinin əsasları da məhz bu böyük dövlət xadimi tərəfindən qoyulub”.

Millət vəkili H.Babaoğlu vurğulayıb ki, ulu öndər Heydər Əliyevin milliliyə və milli dəyərlərə xüsusi önəm verməsi ölkəmizin həyatında mühüm rol oynayıb: "Bu gün biz paytaxtımız Bakı haqqında danışanda onu Azərbaycanın milli şəhəri kimi təqdim edirik. Ümummilli liderin Heydər Əliyev tərəfindən ən böyük xidmətlərindən biri də ötən əsrin 70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri kimi tanınan Bakını sonralar milliləşdirilməsi olub. Əgər 70-80-ci illərdə Bakı şəhəri milliləşdirilməsəydi, demoqrafik strukturu dəyişdirilməsəydi, yəni azərbaycanlılaşdırılmasaydı, kim bilir, bizim müstəqilliyimizi yenidən bərpa edən zaman vəziyyət necə olacaqdı?! Heydər Əliyev SSRİ dövründə təkcə etnik azərbaycanlıların deyil, bütün türk və müsəlman respublikalarının hamisi idi”.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Heydər Əliyev tək Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Onun fikrincə, ümummilli liderin böyük siyasətə qayıdışı, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə rəhbərlik etməsi həmişə cəmiyyətdə ciddi müzakirə edilib: "Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıb. Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğu başlayıb. Azərbaycanda bazar münasibətlərinin hökmran olduğu yeni iqtisadiyyat formalaşıb, insan hüquq və azadlıqları cəmiyyətin aparıcı mövzusu olub. Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa başlayıb”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Heydər Əliyev adını Azərbaycan tarixinə həkk etmiş dahi şəxsiyyətdir. Deputatın sözlərinə görə, ulu öndər Heydər Əliyev yaşadığımız coğrafiyanın bütövlükdə axarını, ahəngini dəyişməyə müvəffəq olmuş nəhəng dövlət xadimidir. Təbii ki, o, bunu Azərbaycanı dəyişməyin timsalında gerçəkləşdirmişdi. Müasir Azərbaycanı qurmuş və Vətənimizin müstəqil dövlət kimi dünya dövlətləri sırasında özünə layiqli yer tutmasına nail olmuşdu. Ötən əsrin sonlarına doğru Azərbaycanda və regionda formalaşmış siyasi şəraitə diqqət yetirsək, bütün bunlar heç də sıradan məsələ deyildi. SSRİ-nin dağılması, yenicə dövlət suverenliyinə qovuşmuş respublika, xaricdən təzyiqlər, hər an parçalanma təhlükəsi, Qərb dövlətlərinin və Rusiyanın bölgədəki maraqları, bu maraqlar uğrunda amansız mübarizə - Heydər Əliyev məhz belə bir mürəkkəb geosiyasi mərhələnin reallıqlarını Azərbaycan xalqının maraq və mənafelərinə məharətlə uzlaşdırmağı bacardı. Onun iradəsinin, qətiyyətinin və prinsipiallığının məhsulu olan nəhəng layihələr yalnız Azərbaycanın bölgədəki varlığının davamı deyil, ümumən Cənubi Qafqazda müstəqil dövlət anlayışının gələcək mövcudluq təminatı idi. Əminəm ki, zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin xidmətləri daha çox öyrəniləcək, onun dövlət idarəçiliyi fəlsəfəsinin daha konkret məqamlarına aydınlıq gətiriləcəkdir”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov onun barəsində danışarkən deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib. O, haqlı olaraq ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurucusu hesab edildiyini vurğulayıb: "Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. Bütövlükdə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmayıb. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görülüb, islahatlar aparılıb. Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Ümummilli lider Heydər Əliyev heç bir işini yarımçıq qoymayıb. O, hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu, ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir”.
Akademik qeyd edib ki, Heydər Əliyevin fəaliyyət tipologiyası dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur: "Bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə, fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir. Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Qazanılan uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bunlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin parlaq ideyaları həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək”.

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev də hesab edir ki, ulu öndər Heydər Əliyev fenomenal bir şəxsiyyət olub. Onun fikrincə, Heydər Əliyevə ona görə ulu öndər deyilir ki, müstəqil, müasir Azərbaycan həqiqətən onun əsəridir. Deputat deyib ki, ulu öndər Azərbaycanda sabitliyi yaradıb, dövlətçiliyin möhkəmlənməsinin ən böyük səbəbkarı olub: "Ümummilli lider Heydər Əliyev vətəndaş qırğınının qarşısını alıb, siyasi sabitliyi yaradıb, ölkədə demokratiyanı təmin edib və Azərbaycanı inkişafa aparıb. Bu gün Azərbaycanda gözəl görünən nə varsa - ölkəmizin inkişafı, rifahı, vətəndaş fəaliyyətinin inkişafı, siyasi durğunluq, sabitlik və sairin hər biri Heydər Əliyevin çəkdiyi əziyyətlərin nəticəsidir. Hər birimiz yaxşı xatırlayırıq ki, müəyyən dövrə qədər Azərbaycanın büdcəsi, xarici diplomatiyası hansı səviyyədə idi. Ölkəmiz müharibə şəraitində idi. Bütün bu problemlər ümummilli lider hakimiyyətə gəldikdən sonra öz həllini tapdı”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər