Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları dəyişdi

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları dəyişdi

Təfsilat
14 Dekabr 2012, 14:08 1567
Nazirlər Kabineti 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nda dəyişikliklər edib. Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə bağlıdır.

Beləliklə, soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Qeydiyyat şöbəsi və ya konsulluq soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə bundan sonra hərbi komissarlığa yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verməlidir.

Qeydiyyat şöbəsi və ya konsulluq adın, ata adının, soyadın dəyişdirilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların adının, ata adının, soyadının dəyişdirilməsi barədə isə bundan sonra hərbi komissarlığa yox, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin adının, ata adının və soyadının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə 7 gün müddətində məlumat verməlidir.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə əlavə edilən sənədlərin də siyahısına dəyişiklik edilib. Artıq həmin şəxs çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin yox, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin notariat qaydasında təsdiq edilmiş surətini ərizəyə əlavə etməlidir. Ərizəyə əlavə edilən digər sənədlər isə əvvəlki kimi qalıb. Bura ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə, ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr, şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli və “Dövlət rüsumu haqqında” qanunda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz daxildir.