• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

ADİF “Qafqaz İnkişaf Bankı”na tələb və borcu olanlara müraciət edib

25.08.16 15:10 1293
ADİF “Qafqaz İnkişaf Bankı”na tələb və borcu olanlara müraciət edib
"Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş banka qarşı tələbləri qeydə almağa başlayır.

Fonddan "APA-Economics”ə verilən məlumata görə, "Qafqaz İnkişaf Bankı”na qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Qeyd edək ki, ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı”nın ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə də müraciət olunub.

"Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında” Qanununun 72- ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa, bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır”, - deyə müraciətdə bildirilib.

Müraciətdə qeyd olunub ki, ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Fond bəyan edir ki, bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə "Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib və Ali Məhkəmənin 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlayıb və "Qafqaz İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunub.
banner

Oxşar Xəbərlər