• cümə axşamı, 18 aprel, 15:23
  • Baku Bakı 22°C

“Adi diqqətsizlik faciə ilə nəticələnə bilər” – Sadə peşə adamı

10.06.14 09:42 2486
“Adi diqqətsizlik faciə ilə nəticələnə bilər” – Sadə peşə adamı
Bakı gündən-günə dəyişir, 2-5 mərtəbəli binaların yerini göydələnlər tutur. Şəhərdə ucaldılan hündürmərtəbəli binaları, ticarət və əyləncə mərkəzlərini liftsiz təsəvvür etmirik. Lakin rahatlığımızı təmin edən bu avadanlıqların nasazlığı bəzən həyatımızı təhlükə altında da qoya bilər. Bu səbəbdən binalardakı liftlərdən istifadə edərkən təhlükəsizliyimiz məhz bu sənət adamlarından asılıdır. Müsahibimizi lift ustası İsmayıl Babayevlə sənətinin incəliklərindən danışdıq.
“Hündürlükdə işləməyi sevirəm”
İsmayıl kimya-biologiya təmaüllü liseyi bitirdikdən sonra yaxın qohumunun köməkliyi ilə həm lift quraşdırıcısı, həm də operator işləməyə başlayıb. Həmsöhbətimizin sözlərinə görə, hündür binalarda işləmək onun hobbisinə çevrilib: “Bizim əsas işimiz hündür binalarda çöl liftlərinin quraşdırılmasıdır. Bundan əlavə, yaşayış üçün şüşəli binalar tikilir ki, bu binalardakı yüksəklikdə olan şüşələri təmizləmək üçün xüsusi qurğular hazırlayırıq. Bu qurğu binanın damında quraşdırılır və xüsusi səbəti olur. İşçi tros vasitəsilə səbətin içində dayanaraq şüşələri silib təmizləyir. Mən də uşaqlıqdan hündürlüyü çox sevirdim. Hər dəfə yolda gedərkən qarşıma iş başında lift operatorları çıxırdısa, özümdən asılı olmadan diqqətimi çəkirdilər və onlara saatlarla baxırdım. Yaxın qohumum da bu şirkətdə çalışdığı üçün bu mənzərəni tez-tez görürdüm. Daha sonra, qohumum mənim bu sənətə həvəsli olduğumu görüb sənətin sirlərini öyrətdi”.
“Həkim olmaq istəyirdim”
Müsahibimiz ali təhsil almaq istəsə də, topladığı bal universitetə daxil olması üçün kifayət etməyib. Onun sözlərinə görə, valideynləri də İsmayılın həkim olmasını istəyirdilər: “Orta məktəbdə normal oxuyurdum. Bəzi peşə adamlarından fərqli olaraq, oxumağa həvəsim var idi. Lakin ali təhsil almaq qismətim deyilmiş. O zaman çox pis olmuşdum. Bu sənətə başladıqdan sonra isə iş kollektivimin də köməkliyi ilə işimi çox sevdim. Valideynlərim yenidən oxuyub imtahan verməyi istəyirdilər. Lakin mən sənətimdən razı olduğum üçübn bir daha ali məktəbə sənəd vermədim. Seçdiyim sənəti inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm”.
Artıq bir ildir ki, “MINT” inşaat şirkətində lift operatoru və quraşdırıcısı kimi çalışan həmsöhbətimiz deyir ki, bu peşədə ustanın kiçik diqqətsizliyi faciələrə yol aça bilər: “İşimin ən böyük sirri lift quraşdırarkən qorxu və tələskənliyin olmamasıdır. Unutmamalıyıq ki, atdığımız hər addım təhlükə ilə sonlana bilər. Peşəmiz bizdən çox diqqətli və məsuliyyətli olmağı tələb edir. Nəzərə alaq ki, bu liftlərlə insanlar qalxıb enir. İnsan həyatı, onun təhlükəsizliyi bizim üçün ən önəmli faktordur. Bizim diqqətsizliyimiz nəticəsində yaranan adi bir səhv faciəvi sonluqla nəticələnə bilər”.
Lift hər ay texniki baxışdan keçirilməlidir
Son vaxtlar xüsusilə yaşayış binalarında liftlərdə yaranan nasazlıqlarla bağlı danışan müsahibimiz deyir ki, quraşdırılan liftlərə hər ay texniki xidmət göstərilməlidir: “Bunların səbəbi lift işçilərinin işlərinə məsuliyyətsiz yanaşmalarıdır. Bəzi lift quraşdırıcıları işlərini görüb pullarını alandan sonra vəzifələrini bitmiş hesab edirlər, bundan sonra olacaqlar onları maraqlandırmır. Lift texniki qurğudur. Quraşdırılandan sonra yeni olduğu üçün 1-2 ay normal işləyə bilər. Hər gün ondan istifadə edildiyi üçün lift ilk gün olduğu kimi qala bilməz. Yarana biləcək texniki nasazlıqların qarşısının alınması üçün lift hər ay texniki baxışdan keçirilməlidir. Lakin bizim bəzi işçilər buna laqeyd yanaşdıqlarından bu, narazılıqlara səbəb olur. Vəziyyət o yerə gəlib çıxır ki, insanlar liftdən istifadə etməyə qorxurlar”.
Liftdə qalmaq təhlükəsi ilə üz-üzə qalan insanlara məsləhət verən müsahibimiz deyir ki, ilk etapda qorxmaq, həyəcanlanmaq lazım deyil: “Əgər liftdə elektrik enerjisi kəsilər və ya nasazlıq olarsa, liftdə ehtiyat əl əyləci var ki, bununla lifti aşağı endirmək mümkündür. Əgər liftdə operator yoxdursa, bundan qorxmaq, həyəcanlanmağa ehtiyac yoxdur. Orada iki əyləc olur. Biri işləmirsə, digəri mütləq işləyir. Bunun üçün sakit olmaq və “necə çıxa bilərəm” sualı ətrafında düşünmək lazımdır”.
Liftdə qalan quraşdırıcı
İsmayıl deyir ki, bir dəfə iş başında çalışarkən o da liftdə qalıb və həyəcanlanıb: “İşə təzə başlayanda məşhur şirkətlərdən birində lift quraşdırma zamanı liftlə yuxarı qalxırdıq və birdən-birə hərəkət dayandı. Biz də 120 metr hündürlükdə idik. Təsəvvür edin, bu hündürlükdən sürətlə aşağı düşürsünüz. O an hər şeyi unutdum. Gözümün qarşısından hər kəs keçdi. Sonradan özümüzü toplayıb çıxış yolu axtarmağa başladıq. Sən demə, dənizdə olduğumuz üçün buranın rütubətli olması səbəbindən liftin əyləc sistemi zəif işləyib. Bu nasazlığı aradan qaldırdıqdan sonra liftdən çıxdıq. Bu hadisə ilk günlər mənə qorxulu gəlsə də, sonra xeyli gülmüşdüm və hadisə uzun müddət maraqlı bir an kimi xatirimdə qaldı”. İsmayılın sözlərinə görə, fövqəladə vəziyyətlə üzləşən lift operatoru ürəkli olmalı, özünü itirməməlidir.
“Peşəmin gələcəyi var”
Lift quraşdırıcısı sənətinin Azərbaycanda gələcəyi olduğunu söyləyən müsahibimiz deyir ki, işini çox sevir və bu sənəti seçdiyinə görə peşiman deyil: “Bundan bir neçə il öncəyə qədər lift operatoru, quraşdırıcısı sənətinə maraq yox idi. Təsadüfi deyil ki, bizim gördüyümüz işi əvvəllər xarici şirkətlərdən gələn işçi qüvvəsi görürdü. İndi isə vəziyyət tam dəyişib. Son 5 ildə Azərbaycanda lift operatoru peşəsi yüksək səviyyədə inkişaf edib. Artıq öz mütəxəssislərimiz layiqincə bu işin öhdəsindən gələ bilirlər”.
İşini sevərək görən müsahibimizin sözlərinə görə, bu peşədən qazandığı gəlir ona kifayət edir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər