• cümə, 29 Mart, 02:51
  • Baku Bakı 7°C

Adət-ənənələrimizi saxlayaq, yoxsa...? - Diskussiya

23.03.16 10:23 5617
Adət-ənənələrimizi saxlayaq, yoxsa...? - Diskussiya
Hər bir xalq qədimdən süzülüb gələn adət-ənənələri ilə digərlərindən fərqlənir, seçilir. Bizim də özümüzə məxsus xeyli adət-ənənəmiz var. Amma gənclərimizin bir çoxu nənə-babalarımızın, ata-analarımızın qoruyaraq bizə çatdırdığı adət-ənənələrimizin ya tamamilə yığışdırılması, ya da modernləşdirilməsinin tərəfdarıdır. Hətta bəzi gənclərimiz irəli gedərək Novruz bayramının simvolları olan Keçəl və Kosanın tarixin yaddaşına qovuşdurulmasını istəyir. Gənclərimizin fikirləri ilə tanış olaq...
- Bəzi gənclər düşünür ki, bir çox adət-ənənələrimizi tarixə qovuşdurmalıyıq, onlara ehtiyac yoxdur. Siz necə düşünürsünüz?

Nurlan Salamov, tələbə:

- Ənənələrimizə bağlı xalqıq. Adət-ənənələr hər zaman mövcud olmalıdır. Biz onları yazılmayan qanunlar adlandırırıq. Elə şeylər var ki, onu dillə demək, qanunla yoluna qoymaq olmur. Adət-ənənələrimiz hansı formada gəlib çatıbsa, elə də davam etdirmək lazımdır. Məsələn, heç bir qanunda insanların bir-birinə yaxşılıq etməsi barədə maddə yoxdur. Qədim zamanlardan bəri insanlar bir-birinə əl tutmağa, kömək etməyə çalışıb. Lakin indiki dövrlə müqayisə etdikdə, adət-ənənələrin müasirləşdirilməsinə ehtiyac görürəm. Elə adətlərimiz var ki, onlar öz zamanlarına görə müasir, dövrünə uyğun olub. Lakin həmin adətlərimiz indiki zamana uyğun gəlmir. Bu baxımdan düşünürəm ki, bəzi adətlər islah olunmalı, modernləşdirilməlidir. Belə adətlərimiz çoxdur.
Firayə Allahverdiyeva, tələbə:

- Adətlərdən danışarkən əvvəlcə dərk etməliyik ki, bu sözün özü qədimlik deməkdir. Ənənələrimiz uzun illər ərzində qəlibləşərək bu günümüzə gəlib çatıb. Lakin bu gün bəzi adətlər müasirləşməlidir. Çünki bu gün hər şey durmadan inkişaf edir, bəzi adətlərlərimiz isə müasir dövrə nisbətdə köhnəlib. Hesab edirəm ki, dövrümüzlə uyğunlaşmayan adət-ənənələrimiz bizim mentalitetimizdən də qaynaqlanır və bu da bizim inkişafımıza mane olur. “Adətimizdir” deyib arxasınca da“ənənəyə uyğun davranmasam, o nə deyər, bu nə deyər” kimi fikirlər bizim qarşımıza sərhəd çəkir. Əgər biz bu gün inkişaf etmiş Qərb ölkələrindən nümunə götürürüksə, biz də onlar kimi olmalıyıq. Qərb gəncliyi necə müasirləşirsə, biz də onlardan geridə qalmamalıyıq.
Nəzrin İsgəndərli, tələbə:

- Adətlərin dəyişməsi, müasirləşməsi əslində pis bir şey deyil. Lakin ümumilikdə götürdükdə hansı adətlərimizi dəyişdirdiyimizə fikir verməliyik, Qərb gənclərinə bənzəməliyik deyib, ucdantutma bütün adət-ənənələrimizi dəyişmək düzgün olmazdı. Xüsusilə mərasimlər zamanı yerinə yetirilən adətlərimizin dəyişilmədən olduğu kimi qalmasının tərəfdarıyam, nəinki müasirləşdirməyin. Bu adətlərimüasirləşdirsək, əvvəlki effekti verməyəcək. Buna görə də köklərimizə söykənərək irəli getməli, inkişaf etməliyik. Yalnız bəzi adətlərimizə düzəliş etməyimiz kifayətdir. Ümumilikdə isə bu fikridəyəm ki, bəzi şeylərin olduğu kimi qalması daha yaxşı olar.
- Hansı adət-ənənələrimizin dəyişilməsinə ehtiyac görürsünüz?
Nurlan:

- Dəyişilməli olan adətlərimiz sırasında başda toy mərasimlərində gerçəkləşdirilən ənənələrimiz gəlməlidir. Toy adətlərinin tarixi çox qədimdir. Dastanlarımızda, qədim əlyazmalarda toy adətlərimiz barədə yazılıb. 40 gün 40 gecə toy davam edər, tonlarla ət, ərzaq istifadə olunardı. Bu adət-ənənələrin indi də davam etməsinin əleyhinəyəm. Çünki o vaxt insanlar oba və kənd şəklində yaşayırdılar. Onlara görə, bir nəfərin şənliyi, hər birinin şənliyi kimi qəbul olunurdu. Lakin indi zamana uyğun olaraq iqtisadi vəziyyət nəzərə alınmalıdır. Toy zamanı,demək olar ki, ailə quran cütlükdən başqa hər kəsin toyu olur. Hər kəs toydan faydalanır. Borca-xərcə düşən isə yalnız ailə quran gənclər olur. Bu ziyan 3-10 min manat arasında dəyişilir. Halbuki bu pulla gənclərin özhəyatını dəyişmək üçün şansı var. Elə adamlar var ki, ən bahalı restoranda toy edib, sonra kirayədə qalırlar. Halbuki toya çəkilən xərcin üzərinə bir az da pul əlavə etsələr, özlərinə ev ala bilərlər. Hələ nişan, elçilik, qız evinin açdığı süfrə, oğlan evinin apardığı xonçaları hesabladıqda toydan daha çox xərc çıxır. Hələ bəzi yerdə “başlıq pulu” da qalır.
Firayə:

- Mən şəxsən istəmərəm ki, toyumda “Vağzalı” sədaları altında gəlin köçüm. Düşünürəm ki, “Vağzalı” artıq köhnəlib. İsveç toylarını daha çox sevirəm, çünki yeyib- içmək az olur. Mənə görə, insanlar toya yeməyə yox, əylənməyə getmək istəməlidir. Qohumların toylarda saatlarla çıxış etməsi, “Segah” səslənməsindənsə, əyləncəyə üstünlük verilsə, daha yaxşı olar. Başlıq puluna gəldikdə isə, Nurlandan fərqli olaraq, bu adətimizə etiraz etmirəm. Çünki oğlan evi qız evinə dəstək olmalıdır. Bəlkə qız evinin cehiz almağa gücü çatmır? Təbii ki, buzaman oğlan evinin maddi vəziyyəti də nəzərə alınmalıdır. Burada hər iki tərəf qarşılıqlı şəkildə razılığa gəlməlidir.
Əslinə qalanda heç toyun olmasını da qəbul etmirəm. Rəsmi nikah, kəbin olsa, məncə, bəsdir. Gənclərin arasındakı ittifaq bununla ölçülməlidir. Axı niyə mən özümü reklam etməli, aləmə toyumdur deyə car çəkməliyəm?
Nəzrin:

- Mən isə düşünürəm ki, toy adətlərimizin çox cüzi bir hissəsi istisna olmaqla əksəriyyəti qalmalıdır. Biz hər şeyi həddən artıq şişirdirik. Hər şey qədərində olsa, daha yaxşı olar. İndiki dövrdə muğamlarımıza, milli musiqimizə dəyər verən gənclər çox azdır. Muğam məktəbini bitirmişəm və uşaqlıqdan bu musiqiləri dinləmişəm. Əlbəttə, onların tamamilə unudulmasının əleyhinəyəm. İndi bir çox gənclərə izah etmək olmur ki, onların dinlədikləri musiqinin heç bir mənası yoxdur. Məna da, məzmun da muğamlarımızdadır.
Məncə, adətlərimizə dəyişiklik zamanın tələbinə və şəxslərin istəyinə uyğun olmalıdır. Firayə kimi “Vağzalı” istəməyən bir çox insan var. Əgər o “Vağzalı” çalınanda onun fikri ayrı yerdə olacaqsa, çalınmasa daha yaxşıdır. Çünki bu toy onundur və onun istədiyi kimi olmalıdır.
- Sizcə, adətlərimiz dəyişsə, bütün millətlər bir-birinə bənzəməzmi?
Firayə:

- Düşünürəm ki, Azərbaycan nə qədər dəyişib inkişaf etsə də, adət-ənənələrimiz imkan verməyəcək ki, Avropa kimi olaq. Bunun üçün hər kəsin beyni yuyulmalıdır. O qədər daşlaşmış adətlərimiz var ki, onların olmaması daha yaxşı olardı.
Nurlan:

- Əslində adətlər sərhədlərdir.O sərhədlər insan beyninin ortaya qoyduğu fərqliliklərdir. Sərhədlər yalnız dövlətlərin arasında olmur. Sərhədlər insanların öz aralarındadır. Bu maneələri aradan götürsək, hər kəs rahat ola bilər. Məşhur bir karikaturaçı maraqlı karikatura çəkmişdi. Karikaturada Avropa gənclərinin arxasında ən son texnoloji alətlər, azərbaycanlıların əlində dolma, tar, kamança, kənarda isə “Sarı gəlin” mahnısı səslənir. Kartikaturaçı demək istəyir ki, gəncliyimiz ilişib dolmada, kamançada, tarda qalıb. Bu baxımdan adətlərimizn müasirliyə doğru dəyişilməsinin tərəfdarıyam.
- Bəziləri deyir ki, Novruzun atributları olan Kosa və Keçəl ləğv olunmalıdır. Bu nə dərəcədə düzgündür?
Nəzrin:
- Adətlərin bu qədər dəyişilməsini təklif etmək ağ olardı. Müasirləşmək bu demək deyil axı... Biz ən qədim dövrdən bu bayramı qeyd edirik. Xarici ölkələrə nəzər salsaq, onların öz adətlərinə necə bağlı olduğunu görə bilərik. Təəssüflər olsun ki, biz müasirləşmək dedikdə həmin ölkələrə bənzəməyə çalışırıq. Bu adət bizi əyləndirirsə, bayramı bizə sevdirən Kosayla Keçəldirsə, niyə onları tarixə qovuşdurmalıyıq? Bu qədər müasirlik, məncə, düzgün deyil. Bu gedişlə biz millətimizə məxsus hər şeyi ləğv edərik. Belə getsə, şəkərbura, paxlava, qoğal və səməninin dələğvini tələb edəcəklər...
Firayə:

- Əslində Kosa ilə Keçəli müdafiə etsək belə, çoxlarımız bu adətləri unutmuşuq. Hansımız bayram zamanı Kosa, Keçəli çağırırıq? Mən Keçəllə Kosaya Novruzun atributlarından daha çox daha çox əyləncə kimi baxıram, onları görəndə üzümdə gülüş yaranır, pozitiv enerji alıram. Bəlkə də milli bayramımız olduğuna görə Novruz bayramını Yeni ildən daha çox sevirəm. Adət-ənənəni bir tərəfə qoyaq, Keçəllə Kosa bizi əyləndirmək baxımından ləğv olunmamalıdır.
Nurlan:

- Nədənsə Keçələ, Kosaya heç vaxt marağım olmayıb, gülməli də olsa, mənə çatmır. Nəyə xidmət edirlər, niyə mövcuddurlar? Bayramda 10 gün qabaqcadan qadınların bir yerə yığılıb biş-düş etməsini, tonlarla şirniyyat hazırlamasını da başa düşə bilmirəm. Şəkərbura-paxlavanı bayrama bir gün qalmış marketdən də almaq olar. Novruz bayramını sadəcə, yazın gəlişi kimi qarşılamaq lazımdır. Novruz bayramındakı adətlərimizə ehtiyac görmürəm.
Lalə MUSAQIZI
Şəbnəm MEHDİZADƏ
"> "> "> "> "> "> "> ">

banner

Oxşar Xəbərlər