AZE | RUS | ENG |


Çağdaş poeziyamızda məktəb yarada biləcək imzalar var?

Çağdaş poeziyamızda məktəb yarada biləcək imzalar var?
Görkəmli ədəbiyyat adamlarının – şairlərin və yazıçıların özlərindən sonra qoyduğu ədəbi məktəblər sonrakı nəsillərin yetişməsində böyük rol oynayıb. Bu mənada, Azərbaycan poeziyasında Nizamidən, Füzulidən üzü bəri, S.Vurğun, Rəsul Rza daxil olmaqla, müxtəlif dövrləri əhatə edən məktəblər olub. 
Bəs çağdaş poeziyamızda hansı şairin məktəbi yaranıb? Ümumiyyətlə, məktəb yarada biləcək imzalar varmı?
 
Poeziyanı sevdirən şairlər
Gənc yazar Aysel Əlizadənin fikrincə, bugünkü poeziyada heca vəznində yazılan şeirlər azdır, daha çox sərbəst şeirlər yazılır: "Qafiyə ilə yazılan şeirlər demək olar ki, çox da maraq doğurmur. Sərbəst şeir isə daha çox maraq doğurur. Elə şairlər var ki, onların təsiri altında formalaşan yeni qələm adamları var. Onlar bir az başqa janrda yazırlar”. Azərbaycan poeziyasında Əli Kərimin və  Məmməd Arazın poeziyasından təsirləndiyini deyən yazar,  klassik şairlərimizdən Sabirin yaradıcılığını sevir: "Düzdür, mənim xəttim Sabir xətti deyil, amma o, sevdiyim şair olub. Poeziyanı sevdirən şairlər də əslində yeni şeirin və şairlərin yaranmasına təsir edirlər. Onların üslubunda yazmasan belə, sənə poeziyanı sevdirən adamlar lazımdır ki, o sahədə özünü sınayasan. Mənə elə gəlir ki, həmçinin türk ədəbiyyatının, o cümlədən Nazim Hikmətin, Camal Sürəyanın poeziyasının Azərbaycan poeziyasına təsiri var”. Bu gün sərbəst şeirin daha çox yazılmasını izah edən yazar hesab edir ki, bu tip şeirlər oxucunu cəlb edir, ona fikir azadlığı verir: "Sərbəst şeir oxucunu qafiyə çərçivəsinə salmır. Fikirləri bu janrda ifadə etmək daha rahatdır. Sərbəst şeiri bilməyən adam onu daha asan janr sayır. Ancaq bu, yanlış düşüncədir. Bu, şeirin daxili qafiyəsi, harmoniyası olur, yoxsa şeir sayılmaz. Sərbəst şeirin də öz şərtləri var”. Yazarın fikrincə, müasir Azərbaycan poeziyasında Aqşin Yenisey, Şəhriyar der Gerani, Rəbiqə Nazimqızı, Fərid Hüseyn kimi yeni nümayəndələr var: "Həmçinin onlardan öncə yazanlar – Qulu Ağsəs, Səlim Babullaoğlu, Salam Sarvan var. Bunlar bir-birini davam etdirən nəsillərdir. Fikrimcə, Azərbaycan şairinin dünyaya çıxışı olsa, Latın Amerikası ədəbiyyatından heç də geri qalmayan diqqət görərik. Bizim poeziyamız və nəsrimiz çox maraqlıdır. Azərbaycan şairlərinin özünəinamı kifayət qədər yerində olmalıdır. Çünki bizim poeziyamız dünya ölkələrinin poeziyasından geri qalmır”. 
 
Məktəb yaradacaq ustad yoxluğu
Tənqidçi Vaqif Yusifli Azərbaycan poeziyasında ədəbi məktəb anlayışının olduğunu deyir: "Bizim poeziyada Nizami ədəbi məktəbi var. Şərq şairlərinin çoxu Nizami ədəbi məktəbinin yetirmələridir. Cami, Füzuli bu məktəbdən bəhrələniblər. "Leyli və Məcnun” mövzusunda yazan bütün şairlərin hamısı Nizami ədəbi məktəbinin yetirmələridir. Daha sonra yaranan Füzuli ədəbi məktəbi indi də davam edir. Hətta, bu məktəb o qədər əhatəli oldu ki, ədəbiyyatda təqlidçiliyə də gətirib çıxartdı. Bunlar klassik ədəbiyyatla bağlıdır”. Tənqidçinin fikrincə, daha sonra Molla Pənah Vaqifin, Mirzə Ələkbər Sabirin ədəbi məktəbləri olub. 20-ci əsrdə isə Səməd Vurğun ədəbi məktəbindən çox şairlər bəhrələnib: "Səməd Vurğunun şeirlərinə baxıb öz şeirlərini yazan çox şairlər olub. Təbii ki, onlar sonradan təqlidçi olmadılar. Səməd Vurğun məktəbindən dərs aldılar – həyatı, gözəlliyi, təbiəti, vətəni sevməyi, onu necə vəsf etməyi öyrəndilər. Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Qabil, Əliağa Kürçaylı, İslam Səfərli və b.  şairlər həmin məktəbin davamçıları oldular”. Poeziyada ikinci ədəbi məktəbi Rəsul Rza məktəbi sayan tənqidçi, hesab edir ki, 60-cı illərdən başlayaraq İsa İsmayılzadə, Ələkbər Salahzadə, Tofiq Abdin, Camal Yusifzadə kimi şairlər həmin ədəbi məktəbə daxil olublar: "Söhbət ondan getmir ki, onlar da sərbəst şeirlər yazırlar. Bu, texniki işdir. Onlar Rəsul Rzanın orijinallığından bəhrələndilər, onun sərbəst şeirdə yaratdığı bənzərsiz metaforalar, təşbehlər onların da yaradıcılığına keçdi. Həmçinin Şəhriyarın ədəbi məktəbini də unutmaq olmaz. Onun poeziyası təkcə Cənub poeziyası ilə məhdudlaşmır, o dövrün ardıcılları yetişdi. Məsələn, təkcə «Heydər babaya salam» şeiri Azərbaycan dilinə çap olunandan sonra o şeirə nə qədər nəzirələr yazıldı!” V.Yusifli hesab edir ki, hazırda bizim ədəbiyyatda elə böyük bir ustad yoxdur ki, məktəb yaratsın: "İstedadlı şairlərimiz var, gözəl şeirlərimiz yaranır, ancaq məktəb yaradacaq böyük ustad yoxdur”.
 
"Hər bir şairin elə bir şeiri ola bilər ki...
Şair Vaqif Bəhmənli bu gün poeziyada polifoniyanın bir qədər çoxaldığını hesab edir: "Xüsusilə poeziyaya yeni gələn gənclərin yazı tərzi, üslubu tamamilə başqa məcradadır”. V.Bəhmənli hesab etmir ki, poeziyamız təkcə Səməd Vurğun və ya Rəsul Rza məktəbindən ibarətdir. Belə ki, əvvəllər bu cür bölgülər çox olub və bu yöndə mübahisələr də gedib: "Əslində ədəbi nəsillərə fərq qoymadan, 20 yaşından 80 yaşına qədər şairlərin yaradıcılığını göz qarşısına gətirirəm və demək olmur ki, hazırda Azərbaycan poeziyasında məktəb hansıdır. Təkcə onu deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında bir məktəb var, o da Azərbaycan poeziya məktəbidir. Bu, həm klassik ənənələrə, həm dünya poeziyasına, həm də müasir dövrün öz havasına söykənir. Bütün bunlardan üstün olaraq, hər bir şairin öz fərdi üslubu var. Bu olmasa, ümumiyyətlə, yeni bir şairin yaranmasına ehtiyac yoxdur. Gərək şairin fərdi üslubu olsun ki, onu hansısa bir məktəbə aid edəsən. Ya da onun özü bir məktəb olmalıdır”. V.Bəhmənlinin fikrincə, 90-cı illərdən üzü bəri Azərbaycan poeziyasında kifayət qədər poetik axtarışlar, öz üslubunu yaratmaq üçün cəhdlər var: "Bəzən bu ədəbi məktəbi şeirin vəzni ilə ölçürlər. Kim heca vəznində yazırsa, onu ənənəvi şeirə, kim sərbəst şeir yazırsa, onu intellektual şeirə aid edirlər. Amma hesab edirəm ki, bu gün Azərbaycan şeirinin yönü və istiqaməti bir qədər qarışıqdır. Söhbət ədəbi məktəbdən getmir. Bu, hansı şairin öz üslubunun olmasına aiddir. Bu isə bir az fərdi məsələdir”. Özünü heç bir ədəbi məktəbə aid etməyən V.Bəhmənli yaradıcılığında sərbəst şeir, bayatı, hecada yazılan şeirlərdən - poeziyanın bütün janrlarından istifadə etdiyini deyir: "Mənim digər qələm dostlarımda da axtarışlar var. Amma ədəbi məktəb deyəndə, ədəbiyyat tariximizin təcrübəsini gözümün qabağına gətirirəm. Ola bilsin ki, Məhəmməd Füzulinin poeziyası bu günə qədər bütün Azərbaycan şairlərinə təsir edib. Eləcə də türk və İran şairlərinə təsir göstərib. Bu, uzunmüddətli bir məktəbdir. İmadəddin Nəsiminin yaradıcılığına nəzər salanda isə artıq onun öz fəlsəfəsi, şeirinin ümumi konsepsiyasının olduğunu görürük. O, dünyanın dərki ilə bağlı tamamilə fərqli bir düşüncədə idi. Bu, təkcə estetik məsələ deyildi, həm də ictimai-siyasi məsələ idi. Eləcə də onun ardıcılları var. Nəsimi özü də kiminsə ardıcılı idi”. Müsahibimin sözlərinə görə, bizdə şeirlərin məktəb formasında klassik nəfəsinin ayrılması çox qabaqkı dövrə aiddir. Yəni bunu sovet dövrünə bağlamaq düzgün deyil: "Əgər Molla Pənah Vaqifə, Qasım bəy Zakirə qədərki ədəbiyyatımıza baxsaq, ondan əvvəlki tamam başqa, onlardan sonra isə tamam fərqli ab-havadır. Mirzə Fətəli Axundovda isə tamamilə yeni bir məktəb yaranır: Azərbaycan ədəbiyyatına nəsr gəlir. Ona görə ədəbi məktəblər böyük mənada götürülməlidir. Bir şairin və ya sənətkarın üzərində dayanıb, «bu filankəsin ədəbi məktəbidir» demək olmaz. Düzdür, şairdən təsirlənmək də olur. Məsələn, elə bir Azərbaycan şairi yoxdur ki, mən ondan təsirlənməyim”. V.Bəhmənli hesab edir ki, ədəbiyyatşünaslar ədəbi məktəblərin tərifini verməklə bərabər, onların yaranma prinsiplərini də göstəriblər. Həmçinin bu məsələlər ədəbi tənqiddə araşdırılır. Bunların konkret elmi izahları var: "Əgər hər hansı bir şair bənzərsiz bir əsər yaradıbsa, demək o, özünəqədərki bütün təcrübəni ümumiləşdirib və özü bir yenilik gətirib. Hərə bir şey tapır. Həyat bütün yaradıcılığı istiqamətləndirən yeganə mövzudur. Həyat varsa, şeir də, poeziya da var. Sadəcə, bunun necə ifadə edilməsindən söhbət gedə bilər. Məktəbi yaradan da odur”. V.Bəhmənlinin fikrincə, Nazim Hikmət Azərbaycan poeziyasına 20-ci əsrdə nəzərdə tutulan məktəblərdən daha çox təsir göstərib: "Hər bir şairin elə bir şeiri ola bilər ki, o, yeni bir ədəbi cərəyan kimi formalaşa və insanların diqqətini cəlb edə bilər. 60-cı illərdə əksər şairlər poeziyaya Nazim Hikmət havası ilə gəlmişdi. Rus ədəbiyyatında Mayakovskinin dalğası Azərbaycan ədəbiyyatına vurmuşdu. Bu mənada, mən heç bir ədəbi məktəbi təkidlə danmaq fikrində deyiləm. Bilirəm ki, insanları cəlb edən, yaradıcı qrupların üslubuna təsir göstərən ədəbiyyat simaları olub – bunu etiraf edirəm”. 
 
Dünya poeziyasından gələn meyllər
Gənc yazar Qismət isə bugünkü poeziyamızda hər hansı məktəbdən danışmağı mümkünsüz hesab edir. Belə ki, sovet dövründən fərqli olaraq, indi bizə Qərb ədəbiyyatından və dünyanın başqa ölkələrindən gələn ayrı-ayrı meyllər daha çoxdur: "Sovet dövründə heca vəzni və sərbəst şeir var idi. İndi sadəcə, bu şeirləri iki yerə bölmək mümkün deyil. Çünki ayrı-ayrı ölkələrin şeir janrında yazanlar da var. Eyni zamanda, həm sərbəst, həm də hecada yazanlar var. İndiki qloballaşma və sosial şəbəkələr dövründə konkret bir janrdan danışmaq olmaz”. Qismət müstəqillik dövrümüzdən bəri poeziyaya gələn nəsillərin daha çox sərbəst şeir yazdığını etiraf edir: "Yəqin bu da zamanın nəbzi ilə bağlı məsələdir. Yəni ənənəvi qəlibdə olan heca şeiri sıradan çıxır. Heca vəzni demək olar ki, indi dünyanın hər hansı bir əyalətində qalıb. Sərbəst şeirin öz içərisində də çoxsaylı formalar var. Bizim ədəbiyyatımızda hələ onlar tədqiq olunmayıb”. Yazar hesab edir ki, məktəbin formalaşması üçün şair bir manifestlə çıxış edir və o manifesti də dəstəkləyən ədəbi mətnlərin nümunələri olur: "Bu ədəbi-bədii nümunələr və manifest öz ətrafında onu dəstəkləyən bir qrup formalaşdırır. Qərb ədəbiyyatında hansısa bir şair bir platformanı təqdim edir və onun ətrafında məktəblər yaranır. Bəziləri uzunömürlü olur, bəziləri də qısamüddətli davam edir. Burdan da məktəblər və cərəyanlar meydana gəlir. Bizdə də müstəqillik dövrünün əvvəllərində bir neçə xırda manifestlər oldu. Ancaq manifestsiz də mümkündür. Yəni şair şeirlərini yazıb təqdim edir, köşə yazısında və ya müsahibələrində dediyi fikirlər də özündən asılı olmayan potensial bir qrupa təsir edir və onun ardıcılları yaranır”. Yazar hazırkı poeziyamızda Ramiz Rövşənin, Salam Sarvanın, Səlim Babullaoğlunun açdığı bədii cığırla yol gedənlərin daha çox olduğunu deyir: "Amma onların tam mənada məktəb adlanıb-adlanmamağı isə tədqiqat işidir”. 

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6760
GBP 1 İngilis funt sterlinqi 2.3852
TRY 1 Türk lirəsi 0.4514
KWD 1 Küveyt dinarı 5.6645
SEK 1 İsveç kronu 0.2127
EUR 1 Avro 2.0948
CHF 1 İsveçrə frankı 1.7804
USD 1 ABŞ dolları 1.7001