• cümə, 29 Mart, 13:22
  • Baku Bakı 14°C

Çağdaş Azərbaycanın hüquqi modernləşmə strategiyasının tələblərindən doğan mükəmməl layihə

22.07.16 10:18 1136
Çağdaş Azərbaycanın hüquqi modernləşmə strategiyasının tələblərindən doğan mükəmməl layihə
Adil Vəliyev
Milli Məclis Aparatının sektor müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə dövlət başçımızın Sərəncamı tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
Fikrimcə, Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu və onun təkmilləşdirilməsi məqsədi ilə birinci vitse-prezident və vitse-prezidentlik postlarının yaradılması, habelə digər məsələlər yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağı qənaəti yaradır.
Bu baxımdan, vitse-prezidentlik institutunun effektivlik əmsalının obyektiv dəyərləndirilməsi məqsədilə dünya ölkələrinin müasir siyasi sistemlərinin praktikasını müqayisəli təhlil etmək zərurəti yaranır.
İlk növbədə qeyd olunmalıdır ki, bu idarəetmə mexanizminin ən çox aprobasiya olunduğu məhdud hakimiyyətli prezident idarəetmə üsulunun tipik forması ABŞ-da mövcuddur. Ümumiyyətlə, Birləşmiş Ştatlara xas olan bəzi idarəçilik prinsipləri hazırda sistemlər arasındakı ciddi fərqə baxmayaraq, digər dövlətlərdə də təkrar olunur. Belə ki, icraedici hakimiyyətin ABŞ sistemi son bir neçə ildə intensiv olaraq Şimali və Cənubi Amerika ölkələrində yayılmışdır. Habelə Avropa, Asiya və Afrika dövlətlərində də bu praktikadan geniş istifadə olunur. Vitse-prezidentlik institutu bu sistemin tərkib hissəsidir və bu ölkələrdə birinci vitse-prezident, vitse-prezidentlər postlarının yaradılması və fəaliyyət göstərməsi hakimiyyətdə varisliyin təmin edilməsi baxımından vacibdir.
Hazırda BMT-yə üzv olan 193 dövlətin 35%-ni təşkil edən 67 ölkədə 103 vitse-prezident postu mövcuddur. Qanunauyğun haldır ki, məhz bu ölkələrin böyük əksəriyyətində, o cümlədən də Azərbaycan Respublikasında məhdud hakimiyyətli prezident üsul idarəsi bərqərardır.
Digər bir məqama diqqət yetirək: bu gün mötəbər vitse-prezident postlarına sahib olan siyasi elita nümayəndələrinin 22%-ni isteblişmentdə təmsil olunan qadınlar təşkil edir ki, bu nisbət də beynəlxalq aləmdə ali siyasi idarəçilik sisteminin mühüm elementlərindən biri sayılan gender prinsiplərini qismən təmin edir.
Bu praktika qeyd olunan ölkələrin hər birində zaman-zaman uğurla tətbiq olunur. Məsələn, hətta ən spesifik idarəetmə sisteminə malik və sayca ən çox vitse-prezident postu olan İran İslam Respublikasında 3-ü qadın olmaqla, 11 vitse-prezidentin hər biri müxtəlif konkret sahələr üzrə geniş səlahiyyətlərə malikdir.
Bütövlükdə, dünyanın aparıcı dövlətlərindən ABŞ, Braziliya, Argentina, İsveçrə, Hindistan, inkişaf etmiş ölkələrdən isə Bolqarıstan, Kolumbiya, Uruqvay, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə bu siyasi vəzifənin səmərəlilik əmsalı çox yüksəkdir. Çünki seçkilərdə iştirak edən və qələbə qazanan dövlət başçısı vitse-prezidenti özü müəyyən edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Bundan əlavə, vitse-prezidentlər dövlətin vacib sahələrinə bilavasitə cavabdehlik daşıyırlar. Ölkəmizdə də davamlı olaraq idarəetmə sistemi təkmilləşir, yeni dövlət strukturları yaradılır.
Şaquli nəzarət mexanizminin effektiv həyata keçirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirilməsi üçün vitse-prezidentlik institutunun formalaşması mütərəqqi addımdır. Bu baxımdan, dünyanın bir çox ölkələrində özünü təsdiq etmiş mexanizm kimi vitse-prezidentlik institutunun Azərbaycanda təsis edilməsi dövlət idarəetməsini daha da aktivləşdirəcək və mükəmməlləşdirəcək.
Beləliklə, möhtərəm cənab Prezident tərəfindən dövlət idarəetməsini geniş əhatə edən faydalı və ciddi fundamental dəyişiklikləri ehtiva edən bir referendum layihəsi təklif olunur və ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək.
banner

Oxşar Xəbərlər