ADaNetin elektron poçt xidmətindən istifadə edənlərin başı dərddə

ADaNetin elektron poçt xidmətindən istifadə edənlərin başı dərddə

Cəmiyyət
05 Dekabr 2012, 08:35 1482
Azerbaijan DATA NETWORK (ADaNet) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) elektron poçt xidmətindən istifadə edən istehlakçılar bir həftədir ki, problem yaşayırlar. Belə ki, “azdata.net” elektron ünvanına yollanan məktublar ya ünvanına çatmır, ya da elə “yoldaca” it-bata düşür.
Qeyd edək ki, qəzetimiz və saytımız da ADaNetin elektron poçt xidmətindən istifadə edir və təkcə dünən ünvanımıza gələn oxunmamış 200 məktub qəflətən yoxa çıxdı. Üstəlik, bəzi ünvanlardan redaksiyamıza zəng edərək bizə göndərilən məktubun gəlmədiyini bildirdilər. Biz də problemin hansı səbəbdən yarandığını, ümumiyyətlə, ölkəmizdə pullu elektron poçt xidmətinin yarıtmaz durumunun səbəblərini öyrənmək üçün Rabitə və Texnologiyalar Nazirliyi, müstəqil ekspertlər və sözügedən İnternet provayderi ilə danışdıq.

Problemin yaranma səbəbi bilinmir
Qeyd edək ki, ADaNetin saytında sözügedən İnternet provayderinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (51 faiz) və Almaniyanın ALKOM Informations-Tehnologien Şirkətinə məxsus olduğu bildirilir.
RİTN-nin tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov bizə bildirdi ki, ADaNet-ə RİTN təsisçilik etmir: “Bu, əvvəllər olub”.

RİTN informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev dedi ki, bəzən elektron ünvanlarda virus olduğuna görə məktublar ünvanına çatmaya bilər: “Amma əgər provayder qaneedici deyilsə, onu başqa provayderlə dəyişməyi məsləhət görürəm”. İ.Əliyev yerli provayderlərin 2004-cü ildən İnternet xidməti təklif etdiyini və sonradan onların özəlləşdirildiyini bildirdi.

ADaNet QSC-dən isə abunəçilərinə göstərdikləri xidmətdə yaranan problemin səbəbini deyən tapılmadı. Yalnız bildirdilər ki, bir həftə olar ki, serverdə problem yaranıb: “Problemin yaranma səbəbini deyə bilmərəm. Amma adminstrator həll etdi və indi hər şey qaydasındadır”.

Məhkəmə, ya da təzminat
"Sahil" İnformasiya Texnologiyaları şirkətinin rəhbəri Vahid Qasımov bizimlə söhbətində dedi ki, elektron poçt xidməti ciddi və problemli bir sahədir: “Burada spam, yəni kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatlar ciddi problemlərə yol aça bilir. Buna görə bu xidməti verən müəssisələr ciddi avadanlıq və yaxşı mütəxəssislərlə təmin olunmalıdır. Azərbaycandakı müştəri qıtlığı və iqtisadi durum bunu etməyə imkan vermir. Bu səbəbdən də yüksək keyfiyyəti ancaq arzu etmək olar”.

V.Qasımov bundan başqa kifayət qədər fors-major hallarının olduğunu və 100 faizlik təminatı heç bir provayderin verməyəcəyini dedi: “Buna həm əsas provayderlərin təmin etdiyi İnternet verilişinin, Bakıelektrikşəbəkə”nin verdiyi elektrik enerjisinin keyfiyyəti, həm də Bakı Telefon Rabitə İstehsalat Birliyinin telefon xətlərinin hansı vəziyyətdə olması və s. daxildir. Bunların hamısı poçt təminatçısından asılı olmayan amillərdir, hansı ki, ölkəmizdə ideal səviyyədə deyildir. Buna görə də, problemlərin yaranmayacağına dair heç kim söz verə bilməz. Sözügedən xidməti təşkil edən şirkətlər problemlərin ən tez zamanda aradan qaldırılması ilə əlaqədar müəyyən təminat verə bilər”.

V.Qasımov onu da dedi ki, söhbət fors-major hallarından getmirsə, problem yarandıqda xidmət təşkil edən şirkətlər istehlakçılara hər hansı formada təzminat verməlidirlər: “İstehlakçıya ən azından xidmətdən əlavə istifadə müddəti və ya əlavə həcm kimi bonuslar verilməlidir. Əks halda, müqavilədə nəzərdə tutulmayan aşağı xidmət göstərilərsə, istehlakçı bunu notarial şəkildə təsdiq edərək məhkəməyə müraciət edə bilər”.

Niyə pulludan istifadə olunur?
Qeyd edək ki, bütün yerli İnternet provayderlərinin pullu elektron poçt xidməti var. Ölkəmizdə informasiya mübadiləsi ilə məşğul olanların, həmçinin dövlət və özəl qurumların bir çoxu “yahoo.com”, “mail.ru”, “gmail.com” və s. kimi serverlərin pulsuz elektron poçt xidmətlərindən deyil, yerli ödənişli serverlərin sözügedən xidmətindən istifadə edir. Çünki azdata.net və digər poçt sistemləri Azərbaycan daxilində olduğundan, həm informasiyanın təhlükəsizliyi qorunmuş olur (ən azı başqa ölkələrin elektron poçtlarından hər hansı məlumat götürmək imkanları azalır), həm də problem yarandıqda müraciət etməli ünvan olur. Məsələn, Rusiyanın İnternet provayderi olan mail.ru və digər pulsuz serverlərin xidmətləri bağlanarsa, həmin xidmətdən yararlanan qurumun mail.ru-dan nəsə tələb etmək imkanı və haqqı olmur. Buna görə də informasiya mübadiləsi edən qurumların əksəriyyəti pullu xidmətdən istifadə etməyə üstünlük verir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, xidmət pullu olsa da, arada “əmmaları” da çıxır.
Lalə Musaqızı