• cümə axşamı, 25 aprel, 19:49
  • Baku Bakı 21°C

Adamı rəzil də, vəzir də edən sosial media

28.01.20 09:30 1241
Adamı rəzil də, vəzir də edən sosial media
Ekspertlər deyirlər ki, sosial şəbəkələr dezinformasiya ilə dolu bir mühitə dönüb

Bir neçə gün əvvəl sosial mediada bir xanımın şəkli paylaşılaraq onun uşaq oğrusu olduğu qeyd olundu. İddia edildi ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində, təxminən, 45-50 yaşlı qadın, uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar. Həmin şəkil həm sosial mediada, həm də ictimaiyyət arasında ciddi qarşılıq yaratdı və nəticə etibarilə məsələyə polis qarışdı. Araşdırma aparıldı, xanım polis bölməsinə dəvət edilərək dindirildi. Bəlli oldu ki, həmin şəxsin heç bir günahı yox imiş. Məsələ burasındadır ki, bu mövzu ilə bağlı xəbər şəkillə birlikdə bir çox media orqanında yayımlandı. İnformasiya vasitələrinin bir çoxu ilk olaraq həmin xanımı uşaq oğrusu kimi təqdim etdi, daha sonra yayılan xəbəri təkzib edərək xanımın bu işlə bir əlaqəsi olmadığı bildirildi. Ancaq iş işdən keçmişdi. Sonrakı təkzib işə yaramadı. Artıq qadının şəkilləri sosial şəbəkələrdə "uşaq oğrusu” adı altında paylaşılırdı.
Belə bir hadisənin dəqiqləşdirilmədən sosial şəbəkələrdə yayılması, mətbuatda işıqlandırılması olduqca mənfi haldır. Məsələnin əslini bilmədən bir xanımın şəklini çəkib sosial şəbəkələrdə yaymaq qeyri-etik davranış nümunəsi olmaqla yanaşı, həm də məsuliyyət hissinin olmadığının göstəricisidir. Bu o deməkdir ki, hər addımımız izlənilir və hər an kimsə şəklimizi çəkib sosial mediada istənilən başlıqla paylaşa bilər. Təbii ki, baş verə biləcək hadisələrə qarşı reaksiyasız qalmaq olmaz, gördüyümüz mənfiliyi, yanlışlığı cəmiyyətdə işıqlandırmalı və həlli üçün nələrsə etməliyik. Amma məsələdən tam agah olmadan dezinformasiya yaymaq, bir insanı, xüsusilə də xanımı sosial şəbəkədə, minlərlə insanın arasında bu vəziyyətə salmaq doğru deyil.
Maraqlıdır, belə hadisələrin tənzimlənməsi, buna qanun çərçivəsində nəzarət edilməsi mümkündürmü? Necə edə bilərik ki, sosial şəbəkədə günahsız insanları rəzil duruma salmayaq? Ümumiyyətlə, sosial şəbəkə istifadəçisi olmaq məsuliyyət hissindən məhrum olmaq deməkdirmi?
Sosial media üzrə ekspert Orxan Rzayevin sözlərinə görə, sosial mediada bu kimi təsdiqini tapmamış xəbərlərdən qorunmağın hər hansı bir yolu yoxdur: "İstənilən vaxt istənilən şəxs barədə həqiqətə uyğun olmayan və ya hələ təsdiqini tapmamış informasiya yayıla bilər. Bu kimi halla qarşılaşdıqda,
prosesi idarə etmək lazımdır. Buna krizis-menecment deyilir. Həmin şəxsin şəklini görən ilk tanışı ona bu haqda məlumat verməli idi və o xanım bunun dezinformasiya olduğu haqda məlumat yaymalı, hansı informasiya portallarında bu xəbər böyük əks-səda doğurubsa, ilk olaraq o portallara təkzib xəbəri göndərilməli, onlara məlumat verilməli idi. Təəssüf ki, ölkəmizdə medianın peşəkarlıq səviyyəsi hələ aşağı olduğundan, bir çox media nümayəndələri, həmçinin sosial media səhifələrinin sahibləri xəbərləri araşdırmadan, tam düzgün detallarını öyrənmədən "like” toplamaq, sayta girişi artırmaq üçün bu tip istənilən xəbərləri yayırlar. Həmçinin toplum olaraq da təəssüf ki, hələ tam formalaşmamışıq. Yanlış xəbər yaydığına görə qınadığımız saytları iki gün sonra yenidən oxuyur və ordan xəbərlər paylaşırıq. İctimai qınaq, ictimai mövqe zəifdir deyə, bu tip hallar çox rahat baş verir və yayılır. Son olaraq qeyd edim ki, sosial mediada belə halların qarşısını almaq üçün konkret alətlər yoxdur. Sadəcə operativ davranıb, belə saxta xəbərlərin qarşısını mümkün qədər tez almağa çalışmaq lazımdır”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirdi ki, kiminsə üzərinə belə bir böhtan ataraq sosial mediada yaymaq çox pis nümunədir: "Son dönəmlər belə bir tendensiya yaranıb ki, artıq bəzi şəxslər sosial şəbəkədən istifadədən imtina edirlər.
Bu da sosial şəbəkələrdə yalanların, böhtanların, dəqiqləşdirilməmiş məlumatların paylaşılması ilə əlaqədardır. Yəni artıq insanlar bilmirlər ki, nə düzdür, nə yalan, nəyə və kimə inanmaq olar və ya olmaz. Sosial şəbəkələr dezinformasiya ilə dolu bir mühitə dönüb. Xüsusilə də Azərbaycanda bu məsələ kifayət qədər bərbad bir hala çatıb. İlk olaraq düşünmək lazımdır ki, o şəkli yayılan xanımın kiminsə anası, bacısı, həyat yoldaşı, qızıdır. Onun üzərinə belə bir böhtan ataraq sosial mediada yaymaq çox pis nümunədir. Bu məqamda ən pis hal odur ki, Azərbaycan mediası sosial şəbəkədə yayılmış, amma təsdiqini tapmamış bir informasiyanı yayır. İctimaiyyətdə elə bir qarışıqlıq yarandı ki, polis həmin xanımı dindirməli oldu”.
"Bu, ilk dəfə deyil, yüzlərlə belə dəqiqləşdirilməmiş informasiyanın qurbanı olan şəxslər var” deyən həmsöhbətimiz təəssüflə qeyd etdi ki, bu sahədə qanunvericilikdə kifayət qədər boşluqlar var: "Düşünürəm ki, sosial şəbəkədə insanların şərəf və ləyaqətini alçaldanlar ciddi şəkildə cəzalandırılmalıdırlar. Bəzən məsələyə söz azadlığı prizmasından yanaşırlar. Bəs o xanımın azadlığı? Kimsə onun şəklini sosial şəbəkədə paylaşaraq onun şəxsiyyətinə hörmətsizlik edib, hüquqlarını pozub. Ona görə, düşünürəm ki, qanunvericilikdə yalan və böhtanla bağlı ola hissəni yenidən gözdən keçirmək və bəzi
müddəaları əlavə etmək lazımdır. Mən jurnalistlərə səslənirəm ki, dəqiqləşdirilməmiş informasiyanı dərc etməsinlər. Bu cür hallar Azərbaycan mediasını gözdən salır”.
Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov bildirdi ki, reallığı əks etdirməyən, olmayan bir məsələ ilə bağlı kimisə ittiham etmək özü bir cinayətdir, qanunsuzluqdur: "Bu kimi həqiqəti əks etdirməyən informasiyaların yayılması cəmiyyətdə təşviş yaratmaq, insanlar arasın qorxu salmaq kimi hallara gətirib çıxardır. Bu da xoşagəlməzdir. Konkret bir cinayətin törədilməsi cəmiyyətə o qədər də zərər vurmur, amma belə xəbərlərin yayılması daha çox əks effekt verir, insanların normal həyat şəraitinə mənfi təsir göstərir. Bu, məsələnin bir tərəfidir. Digər bir tərəfdən, hər hansı bir insan haqqında cinayət törətməsi ilə bağlı yalan məlumat vermək cinayət məsuliyyəti yaradır. Yəni reallığı əks etdirməyən, olmayan bir məsələ ilə bağlı birini ittiham etmək özü bir cinayətdir, qanunsuzluqdur. Həqiqətdən uzaq məlumat verən şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər”.
X. Bəşirov deyir ki, Azərbaycan hüquqi dövlətdir, hər şey qanun çərçivəsində həll edilir: "Əgər belə bir hal varsa belə, bunu sosial mediada paylaşmaq, insanları təşvişə salmaq əvəzinə bu məsələ ilə məşğul olan hüquq mühafizə orqanlarına, konkret olaraq cinayətkarlıqla mübarizə aparan qurumlara xəbər vermək lazımdır. Bu yolla həmin cinayətin qarşısını almaq olar, nəinki sosial şəbəkədə bunu paylaşmaqla. Çünki bu, həmin cinayətkarın növbəti mərhələdə polisdən gizlənməsinə yardımçı olur. Yəni insanlar anlamalıdırlar ki, cinayəti ictimailəşdirmək onun qarşısını almağa yox, əksinə, gizlədilməsinə xidmət edən addımdır”.
Media eksperti Müşfiq Ələsgərli qeyd etdi ki, bu hal sosial şəbəkələrin nə qədər etibarsız mənbə olmasının göstəricisidir: "Sosial medianı ənənəvi mediadan fərqləndirən amillərdən biri də dəqiqləşməmiş, həqiqətə uyğun olmayan informasiyaların yayılmasıdır. Amma qeyd edilən hadisə yalan xəbər kateqoriyasından çıxır. Burada, sadəcə həqiqətə uyğun olmayan xəbər yox, həm də birinin sosial mediada təhqir olunması, ona böhtan atılması məqamı var. Bu isə qəti şəkildə yolverilməz haldır. Baş vermiş hadisədə xəbərə adi dezinformasiya kimi yanaşmaq mümkün deyil, çünki ortada bir şəxsin bütün ictimaiyyət qarşısında cinayət törətməkdə ittiham edilməsi durur və bu, bizim Cinayət Məcəlləsinin 147-148-ci maddəsi ilə tənzimlənən və qadağan edilən bir haldır. Həmin maddələrə edilən dəyişikliklərə görə, internet üzərində yayılan informasiyalarda da böhtana yol verilməsi cinayət məsuliyyəti yaradan vəziyyətdir. Yəni bu dezinformasiya, sadəcə etik xəbər standartının pozulması deyil, həmçinin özündə konkret olaraq cinayət məsuliyyəti ehtiva edən bir haldır. Xanım bu informasiyanı yayan ilkin mənbənin tapılması və müəyyən ölçü götürülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Son olaraq qeyd edim ki, bu hal sosial şəbəkələrin nə qədər etibarsız mənbə olduğunu göstərdi”.
Günel Azadə
banner

Oxşar Xəbərlər