• cümə, 29 Mart, 17:56
  • Baku Bakı 14°C

ADAM PUSLOİÇ - POEZIYA

12.12.16 15:11 14018
ADAM PUSLOİÇ - POEZIYA
Serb şairi Adam Pusloviçlə 2014-cü ilin sentyabrında tanış olduq. Elxan Zalla Belqradda olanda. Bir il sonra onunla yenidən görüşdüm. Bu, "marksabənzər” serb şairi haqqında ilk görüşdəcə ilk təəssüratım bu oldu ki, insanpərvərdir və sanki kömək eləmək üçün daim kimisə axtarır. 2014-cü ilin sentyabr ayının 17-18-i tarixlərində biz Zlatiora, Pojeqoya, dağlara səhayət elədik. Səfər boyu çantasından gah rakiya, gah slivovitsa çıxarıb əcnəbi həmkarlarını qonaq edən Adam Pusloviç, bizim tut ya da zoğal arağı qədər populyar olan bu serb içkisinin acısını şeir oxumaqla ötüşdürür, hamıya da eyni şeyi təlqin edirdi. Ruscanı yaxşı anlayan hazırcavab Adam güclü yumor hissinə sahibdi – yolboyu söhbətlərində bunu asanca sezmək olardı. Rumiya Akademiyasının həqiqi üzvü, əsərləri onlarla dilə tərcümə edilmiş, sadə görkəmli, istiqanlı bu serb şairinə sonradan- Sergey Qlovyukun tərtib elədiyi "Serb poeziyası antologiyası”ndakı şeirlərini oxuduqca rəğbətim daha da artdı – Həm Rza Bərəhani və Apollineri xatırladan zərif poetik hissiyata və usta bir texnikaya görə, həm də dərin təvazökarlığına görə. Xatirə Nurgülün tərcüməsində "serb poeziyasının növbəti çələnginin” Adam Pusloviçin payında düşməsi olduqca sevindiricidir...
Səlim Babullaoğlu

Adam Pusloiç 1943-cü ildə Kobişnitsedə (Şərqi Serbiya) anadan olub. Yeni Serbiya modernizminin görkəmli nümayəndəsidir. "Səmaya doğru yıxılıram”, "Saçımı kəsdirmək üçün gedirəm ölümə tərəf”, "Baxmadan”, "Köpəyin məzhəbi”, "Şərqdəki darvaza”, "Həmin yer”, "Qaranlıq ölkənin muzeyi”, "Kölgənin nəğmələri”, "Şahid”, "Şərqin ağlayaraq qurulması” və başqa şeir kitablarının müəllifidir. A.Pusloiçin poeziyasıAavropa dillərinə tərcümə olunmuş, milli mükafatlara layiq görülmüşdür.

ORTA ƏSRLƏR ASTROLOQU VƏ MÜŞTƏRİ

Mən orta əsrdənəm.
And içirəm ki, burada əbədi deyiləm.
Astroloqların isə qızılgülləri çiçək açır.

Kəsəsi –
çoxluq yenidən inanır onlara.

Cəmiyyəti yaradan şəxslər,
bir-birinin müştərisini zəbt etməməyə çalışır.
Təkrar edirəm: qızılgüllər əvvəlki tək çiçək açır.

Bəxti gətirməyən insan
taleyin qurbanıdır əslində.
Bu, əksər inkişaf etmiş ölkələrdə belədir.

Orta əsrlər astroloqu və onun müştərisi
ulduzlara getmək istəyir,
bax belə!

And içirəm ki,
burada əbədi deyiləm mən,
amma belə asan getmərəm.
Diqqətinizə görə sağ olun!

SƏRBƏST ENMƏ

Özümü dərk etmək üçün
sərbəst enməni dərk etməliyəm.
Enirəm hamı ilə birgə.
Bax indicə enəcəyəm, bax, endim.
Beləcə ucaldım
və beləcə görürəm hər iki tərəfdən
hər şeyin əlçatmaz olduğunu.

Necə olur axı
yıxılmaqla deyilirsə hər şey?
Heç nə qalmır, heç nə
işıqsız, havasız və
Tanrının mənim dərimə yerləşmiş üzü olmadan..

Mən getmirəm. Mən yıxılıram.
Və yıxılarkən üz tuturam göylərə,
üzü göylərə...

KÖPƏYİN MƏZHƏBİ

Sürünürük.
Şəhər həyatı getdikcə daha çox oxşayır ruhumu.
Əladır, sümük var, hər tərəfdə də şənlik.

Sürünürük.
Uşaqlar yaxşıdı, qocalar qorxaq.
Süd isə küçədə də tapmaq olar.

Sürünürük.
Kiçilir xaltam getdikcə.

Artıq nə gündüz hürürəm, nə də gecə.

SONUNCU ÇİÇƏKLƏR

Bombalanmadan öncə
yolustü çiçək alıram
son dəfə.
Son pullarımı xərcləyirəm –
Tanrıdan gələn yoxsul payını.
Mən alicənablığımı qorumalıyam.
Azadlığı da bu cür satın alıram –
qəzəbli mələklərdən son müdafiəmi.
Bu mənim rəngli qalxanımdı,
səmaya baxışımdı.
Tanrı, qoy gəlsin o mələklər!
Qoy qonsunlar açıq başıma,
gözlərimə, qəlbimə!
Qoy qara qanadlarla vursunlar
Sənin qayğısız, unutqan və bağışlamayan baxışlarını.
Qoy məndə birləşsin zaman:
dünya bağının kosmik yoxsulluğunda
itirsin özünü.
ULDUZLARI SATIN ALDIM

Bu gün səhər bazardan
özümə ulduz bürcü aldım

Səmanın
dörd ulduzdan ibarət
bir hissəsini.

Evin tavanını bəzədim onlarla
Səmada düzüldüyü qaydada.

Ulduzlar kainatın göz yaşları ilə
Yuyunurdu yenə də.

Səmada isə çuxur yarandı.
Müqəddəslər hara yox oldu görən?

Poeziyanı hərəkətə gətirən tikanlarla bərabər
Bazarda
Gözəl hissələr də olur.

ARS POETİKA, VİTA
(Milan Milişiçə)


Sülhsevər görünməyimə baxmayın,
Səhra şahiniyəm mən,
Oylağım səhradı -
Zəngin əraz. Sizsə nifrət edirdiz ona.
Özümü sevdiyim qədər, nifrət edirəm sizə.
Yetər.
İki yırtıcı ilə döyüşə hazıram.
Həm möhtəşəməm mən,
həm də qalib.

Hərdən ölü qurbanları görürəm
aşağıda. Dimdiyimin arxayınlığını duymaq üçün enirəm yerə.
Amma yer boşluqdu.
Məni qəddarlıqla qarşılayır torpaq.
Sümüklərimi sındırır. Lələklərim havanı bürüyür.
Bu, öncəki qələbədir. Onun işarəsidir.
Ziyafətidir onun.

Yüksəkdəyəm.
Baxışlarınızın mühasirəsindəyəm hər tərəfdən.
Onlar mənim sərhədimdir –
əhatə etmişlər məni.
Yüksəkdəyəm.

Hər yıxılanda həlak ola biləcəyim ehtimalını görürsünüz.
dimdiyimi zəhərli qumda təsəvvür edirsiz təbəssümünüzlə.
Amma bir anlığa! Caynaqlarım yenidən səmada.
Caynaqlarımda qurbanım.
Yox oluram səmada.
Asan əldə etdiyim ovla
yenidən enirəm aşağı.

Baxın mənə.
Şahinəm mən. Qumdayam mən.
Bu da pəncəm, bu da qanadım.
Bu da dünyada ölüm saçan dimdiyim.
Bəlkə özüm də ölüyəm.
Və sizcə sülhsevərəm mən?
Sizcə, bütün bunlardan sonra sülhü sevərəm mən?

Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər