• cümə, 29 Mart, 00:08
  • Baku Bakı 7°C

“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsi təqdim edildi

03.03.17 17:47 1377
“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsi təqdim edildi
Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov,Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxdıqdan sonrantədbirin rəsmi hissəsi başlayıb. Universitetin rektoru Gülçöhrə Məmmədova çıxışında qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfədir. Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır.
Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir.
Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov SABAH qruplarında təhsil alan tələbələrin təşəbbüsünü alqışlayaraq qeyd edib ki, Ağdam nümunəsində "Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər. Tələbələrə düşmən tapdağı altında olan bütün torpaqlarımızın gələcək inkişaf proqramını hazırlamağı arzulayan Ə.Həsənov onların bu cür layihələrlə işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafına töhfə verəcəklərinə ümidvar olduğunu vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib. Nazir qeyd edib ki, ötən ilin aprel döyüşləri düşmənlərimizə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi altında hərbi yolla da öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır. Təhsil naziri tələbələrin yaxın gələcəkdə ölkəmizə lazım olacaq mühüm bir bərpa planını təqdim etdiklərini vurğulayaraq belə bir layihənin ərsəyə gətirilməsi tələbələrimizin potensialından xəbər verdiyini diqqətə çatdırıb.
Aygün
banner

Oxşar Xəbərlər