• cümə axşamı, 25 aprel, 17:13
  • Baku Bakı 23°C

Ad günün mübarək olsun, səsin Alimi!

16.08.14 10:06 1723
Ad günün mübarək olsun, səsin Alimi!
Hər nə qədər çərçivələrlə əhatələnsək də, həyat o dəmir barmaqlıqları qıra bilənlərin cəsarətlərinin nümayiş olunduğu bir meydandır. Ki, vaxtilə böyük sənətkarların əslində iki alan şagirdlərdən, ya da təhsilsiz olduqlarından hamımızın xəbəri var. Xan əmini hansı meyarlarla qiymətləndirmək mümkündür? Ya da yüz yaşında çeşmə başında ilhama gələn aşıq Ələsgəri...
Heç bir standartın ölçə bilmədiyi dəyərlər toplusudur Azərbaycan mədəniyyəti. Zirvəsində ola bilənlərin xoş halına.
Haqqında yazmaq istədiyim adam da lap təpədəkilərdən biridir. Alimdir, səsin Alimi!
Allahın nə böyük hikmətidir ki, mən onunla iki dəfə müsahib olmuşam. Bu iki görüşün mənim həyatımda çox böyük yeri var. İlk müsahibəmdə çox həyəcanlıydım. Bu böyük sənətkarı ilk dəfə görəcəkdim. Şəhər bağlarından birinə görüş təyin elədik. Getdim. Bir kənarda durub gözləməyə başladım. Ətrafında bir xeyli adam vardı, elə onları da yanına alıb mənə yaxınlaşdı. Salamlaşdıq, görüşdük. Əlimdə heç bir kağız-qələm olmadığını görüb nədən danışacağımızı soruşdu. Mən də dedim ki, hələ özüm də bilmirəm. Başlayarıq görərik. Masaya yaxınlaşdı, stulda bardaş qurub əyləşdi. “Hə, di göstər suallarını görüm”, dedi. Mən də öz növbəmdə, “nə suallar, mən sizinlə dalaşmağa gəlmişəm. Ay kişi, bu camaatdan nə istəyirsiz ki, siz oxuyanda min ölüb bir dirilirlər?!” dedim. Heç vaxt yadımdan çıxmaz, əllərini bir-birinə çırpıb qəhqəhə çəkdi, başındakılara “bu, ayrı söhbət olacaq, bizi tək qoyun. Deyəsən bu xanım da mənim kimi dəlidir” dedi.
Hər sözünü, hər sətrini ayrı-ayrı xatırladığım o müsahibədə, daha doğrusu, dərdləşmədə nələr yoxuydu ki? Mən fəaliyyətim boyu çox müsahibənin, söhbətin altına imzamı atmışam, amma o söhbət başqa söhbətdi.
Qarşımda bardaş qurub oturan bu arıq-quru adam səsin Allahı (Allah, keç günahımdan) Alim Qasımovuydu və mən əllərimi çənəmin altına qoyub onun dəli-dəli hərəkətlərlə müşahidə olunan söhbətini dinləyirdim. Bu bağ, bu masa arxasındakı söhbət hüzurun olduğu yeriydi və dəli ruhum özünü dincə qoymuşdu.
O müsahibənin səsi çox uzaqlara aparmışdı məni. Özü də qeyd eləmişdi: “deyəsən yaman söhbət olub ha”.
İki il keçəndən sonra evinə qonaq olduq. Mən öz ailəmlə, o da ailəsiylə birlikdəydi və mən yenə müsahibə standartlarına ayaq uydurmaqda çətinlik çəkirdim. Bu söhbət elə gözəl, elə dadlıydı ki, hər kəlməsini sətirlərə toplayıb oxucuya çatdırmaq üçün əlimdən gələni elədim və deyəsən alındı da. 8 Mart ərəfəsiydi, qəzet və saytlardan xanımları təbrik eləməsi üçün ona zəng vururdular, o da öz növbəsində məzəli cavablar verirdi. İlahi, necə mehriban ailəsi, xanımı vardı. Heyranlıqla onları ürəyimin yaddaşına köçürürdüm. Ziyarətin kulminasiya nöqtəsi isə Alim bəyin tarın arxasını qulağına söykəyib segah çəkməsiydi ki, mən bizimkilərin o andakı üz ifadələrini ömrüm boyu unutmaram. Hə, bir də onun telefonda məni Ramiz Rövşənə tapşırması: “Şair, bu uşaq səndən müsahibə istəyir. Narahat olma e, o da bizim kimi başdanxarabın, dəlinin biridir. Di gör, neynirsən”. Mənə Allahdan nə lazımydı ki?! Dünyanın ən ilahi təqdimatıydı mənimçün. Bu dünyada dəli olmaqdan, özü də belə dəlilikdən gözəl nə vardı ki?!
Allah Azərbaycan xalqına elə bir dərinlik bəxş edib ki, SÖZ deyəni ayrı, SAZ dilləndirəni ayrı gözəldi. Bu torpağın, havasının, suyunun qədrini bilmək lazımdır. Burda yetişənlərin Yer üzündə tayı-bərabəri olmur. Bu torpaq hər insanında bir parça Vətən yetişdirir. Hərə özü boyda Azərbaycandır bu məmləkətdə. Sabiri var, Cəlili var, Müslümü var...
Alimi var!
Və nə yaxşı ki, var!
Ömrün 57-ci baharı mübarək olsun, səsin Alimi!
Bizim də yükümüz, olan-qopanımız SÖZdür. Ürəkdolusu diləklərimiz, xoş arzularımız hədiyyəmiz olsun! Yaxşı ki, varsız, böyük sənətkar.
Yaxşı ki, Azərbaycan müsiqisinin zirvəsində bardaş qurub Tanrıya dualarımızı çatdıran Alim Qasımov var!
Dualarınızın qəbul, niyyətinizin Tanrıya agah olması diləyilə...
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər