• cümə, 19 Aprel, 22:15
  • Baku Bakı 24°C

Ağciyərlərimizin qeydinə qalaq

05.09.19 09:00 1279
Ağciyərlərimizin qeydinə qalaq
Uşaq vaxtından bizə təbiəti qorumağı, ona ziyan verməməyi öyrədiblər. Xüsusilə də ağacların qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı faydalı məsləhətlər veriblər. Amma görünən odur ki, hər kəs öyrədilənlərə əməl etmir. Belə ki, şəhərin bir çox yerlərində qurumuş ağaclar var və həmin qurumuş ağacların kəsilməsi planlaşdırılır. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi qurumuş və yaşıllıqların inkişafına mane olan digər ağacların kəsilməsinə başlayıb.
Ağacların kəsilməsinə ilk olaraq Yasamal və Xətai rayonlarında start verilib. Qeyd edək ki, paralel olaraq budama işləri də aparılır. Bununla bağlıBakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beş minə yaxın ağacın quruduğu müəyyənləşib: "Hazırda kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında avtomobillər saxlayırlar və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur. Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil. Dünən bazar günü olmasına baxmayaraq, Yasamal rayonunun bir neçə küçəsində kəsinti işləri həyata keçirilib. Budama işləri də aparılır".
Orxan Məmmədov, həmçinin açıqlamasında qeyd edib ki, əsas etibarı ilə məhəllədaxili qurumuş ağaclar kəsilir: "Parklar mütəmadi nəzarət altında olduğundan orada qurumuş ağacların sayı azdır. Paytaxtdakı ağacların əksəriyyətinin əkilməsindən artıq uzun illər keçib, bir çoxunun kəsilməsinə ehtiyac var. Lakin bu o demək deyil ki, ağacların kəsilməsi ilə iş bitdi. Kökü üstə quruyan ağaclar götürülür və yerində, yerində belə olmasa, ətraf ərazilərdə mövsümdə yeni ağacların əkilməsi nəzərdə tutulur”.
Əslində, qeyd edilən rəqəm kifayət qədər ciddidir. 5000 ağacın kəsilməsi ekoloji baxımdan tarazlığın pozulmasına gətirib çıxara bilər. Maraqlıdır, bu qədər ağac nə üçün quruyub və ekoloji tarazlığı bərpa etmək üçün hansı işlər görülə bilər?
"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralı deyir ki, qurumuş ağacları kəsmək asandır: "Amma onların yerini tutacaq yeni ağacların yetişdirilməsi yaşıllaşdırma birlikləri tərəfindən müşkül məsələyə çevrilir. Çünki kəsmək rahat gəlir, amma əkmək onlar üçün böyük problem olur. Bir ağacın böyüyüb qol-budaqlı olması üçün azı 4-5 il lazımdır. Buna görə onlara düzgün qulluq edilməli, vaxtında budama işləri görülməlidir ki, qurumuş ağacların yerini təbiətdə yeni ağaclar ala bilsin, balans pozulmasın. Bu iş yaşıllaşdırma idarələri tərəfindən, məncə, yetəri qədər həyata keçirilmir. Bunu müşahidələrimə əsasən deyirəm. İkincisi, istər paytaxtda, istərsə də qəsəbələrdəki həyətlərdə ağacların quruması prosesi başlayıb. Çünki əvvəllər həyətlərdə ümumi su kranları var idi. Hansı ki, insanlar həyətə düşəndə əllərini, maşınlarını, xalça-palazlarını orada yuya bilirdilər, eləcə də ağaclar həmin kranlardan sulanırdı. O kranların hamısı kəsilib, demək olar ki, həyətlərdə su kranları qalmayıb. Bu məsələ də qurumaların səbəbi ola bilər”.
L.Mehralı qeyd edir ki, ağacları qorumaq təkcə yaşıllaşdırma idarələrinin üzərində olmamalıdır: "Şüurlu şəkildə hamı başa düşməlidir ki, bu ağaclar bizim ağciyərimizdi. Əgər ağciyərimizi məhv etsək, özümüz də məhv olma təhlükəsi qarşısında qalacağıq. İnsan gərək dərk etsin ki, təbiətə atdığı bir plastik şüşə, qutu, budağını qırdığı, kəsdiyi bir ağaca verdiyi zərər dolayısı ilə onun özünə qayıdır. Çünki təbiət bu imkanı bizə yaradırsa, oksigeni bəxş edirsə, onu sağlamlığımız naminə qorumaq bizim borcumuzdur. Yaşıllığı qorumaqla özümüzü, gələcəyimizi qorumuş oluruq”.
Ekoloq Günay Məmmədova deyir ki, meşə fondumuzu qorumaq, yaşıllıqları genişləndirmək vacibdir: "Quru ağaclar təbii ki, kəsilməlidir. Əksinə, kəsilməsə, onlar ətraf mühitə zərər verə bilər. Amma məsələ burasındadır ki, biz o ağacların qurumasına imkan verməməliyik. Ağacların qurumasına səbəb baxımsızlıqdır. Müxtəlif ərazilərdə ağaclar əkilib, lakin onlara qulluq lazımi səviyyədə həyata keçirilmir. Təbiətdəki tarazlığı pozmamaq üçün mütləq şəkildə kəsilən ağacların yerinə yenisi əkilməlidir. Əkilən ağaclara isə vaxtlı-vaxtında su vermək, onlara qulluq etmək lazımdır. Əks halda, yeni əkilənlər də eyni aqibətlə üzləşəcək”.
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Günel Azadə
banner

Oxşar Xəbərlər