• şənbə, 20 Aprel, 10:48
  • Baku Bakı 14°C

Açıq-saçıq filmlər olsun, yoxsa olmasın? - Polemika

11.04.15 06:17 3649
Açıq-saçıq filmlər olsun, yoxsa olmasın? - Polemika
Son vaxtlar Azərbaycan filmlərinə az da olsa açıq-saçıq səhnələr yol tapmaqdadır. Düzdür, bu, kütləvi hal almayıb, amma yavaş-yavaş belə filmlərin sayı çoxalaraq cəmiyyətə qəbul etdirilmək üzrədir. Bəs gənclərimiz necə düşünür, ölkəmizdə açıq-saçıq səhnəli filmlərin çəkilməsi nə dərəcədə düzgündür?
Yaşlı nəsil aqressiv qarşılayacaq
İlqar İmamzadə, mühasib

İlqar düşünür ki, filmlərdə açıq-saçıq səhnələrin olması normaldır : “Amma bizim ökədə belə şeylərə mentalitet, mənəvi dəyərlər baxımından yanaşılmasını nəzərə alsaq, bu cür səhnələr çox qısa olmalıdır. Filmlərimizdə uzun açıq-saçıq səhnələrin olması çox insan tərəfindən mənfi qəbul olunacaq. Yaşlı nəsil çox aqressiv qarşılayacaq, onlar bunu əxlaqsızlıq kimi qiymətləndirəcək. Unutmaq olmaz ki, biz müsəlman ölkəsiyik”.
Ilqar hesab edir ki, qısa açıq-saçıq səhnələri olan filmlər cəmiyyətdə birmənalı qarşılanmasa da, bir müddət sonra insanlar tərəfindən qəbul ediləcək: “Çünki azərbaycanlılar özləri sevişmə səhnələri olan xarici filmlərə baxırlar. Xaricdə film çəkmək çox gəlirli sahədir. Filmlərin keyfiyyəti daha yaxşıdır, aktyorları peşəkardır. Problem də məhz bundadır. Bizdə keyfiyyətli film istehsal olunmur deyə, öz filmlərimizi bəyənmirik və izləmirik”.
Həmsöhbətimiz hesab edir ki, sevişmə səhnələri olan filmlər daha çox azyaşlı uşaqlara mənfi təsir göstərir: “Problem ondadır ki, artıq yeniyetmələr də belə filmlərə baxmaq istəyirlər. Bu, onların psixikasına ciddi təsir göstərir. Bu cür filmləri uşaqlar izləməməlidirlər. Açıq-saçıq səhnəli film gecə saatlarında efirə verilməlidir. Həmçinin valideynlər də bu baxımdan uşaqlara nəzarət etməlidir. Unutmayaq ki, hazırda filmləri internetdən yükləyib kompüterdə də baxmaq olur”.
İnsanlara seçim haqqı verilməlidir
Könül Əhmədova, ekoloq

Könül düşünür ki, filmlərimizdə açıq-saçıq səhnələrin olmasında heç bir problem yoxdur: “Müasir dövrdə belə müzakirələr də çox gülməlidir. Yeni bir qalaktikanın 13 milyard il əvvəlki görünüşü dünyanı heyrətləndirdiyi vaxt və ya avstraliyalı fahişələr “faces of prostitution” həştaqını yaratdığı vaxt niyə biz məhz açıq-saçıq səhnələri müzakirə etməliyik? Yəni biz hələ də dərk edə bilmirik ki, məsələ açıq-saçıq səhnədə yox, bu səhnələrin olduğu filmlərin və ya serialların ekranda göstərilmə saatlarında, onlara izləyicini xəbərdar edəcək işarələrin niyə qoyulmamasındadır”.
Həmsöhbətimiz hesab edir ki, sözügedən janrda olan filmlərin heç bir mənfi və yaxud müsbət tərəfi yoxdur: “Sadəcə, hən hansı rejissor bu səhnələrdən istifadə etmək istəyir. Bu cür səhnələrdən reytinq üçün, yaxud konkret hissləri ötürmək üçün istifadə edilə bilər. Belə filmlərə baxmaq istəyən baxır, istəməyən də baxmır. İnsanlara seçim haqqı verilməlidir”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda filmlərin hansı mövzuda çəkilməsinin onun üçün heç bir fərqi yoxdur: “İş keyfiyyətli və baxımlı olmalıdır. Amma Azərbaycan kino-serial sənayesinində olan insanlar, rejissorlar, aktyorlar, ssenaristlər öz üzərlərində daha çox çalışsınlar və özlərini inkişaf etdirsinlər. Bütün dünyada olduğu kimi, onlar da öz cəmiyyətlərini qabaqlasın, cəmiyyətin proqressiv kəsiminə çevrilsinlər. Bu gün ekranda göstərilənlər sabah bizim kim olmaq istədiyimizin mesajıdır”.
Azərbaycan üçün normal olmayan hal
Yavər Məmmədov, iqtisadçı

Yavər düşünür ki, ölkəmizdə açıq-saçıq səhnəli filmlərin çəkilməsi normal deyil: “Müasir televiziyada açıq-saçıq səhnələrin bolluğu diqqəti cəlb edir. Dünyanın ən məşhur televiziya səhnələrində yeni quruluş edən ən dəbli rejissorlar erotik səhnələrdən gen-bol yararlanırlar. Kimsə bunu tamaşaçı cəlb etmək məqsədilə, kimsə də cinslərin münasibətlərinin həyatın ayrılmaz hissəsi olması ilə əsaslandırır. Bu tendensiyalar Azərbaycan səhnəsinə də yol açır. Azərbaycan cəmiyyətinin bu cür səhnələrə və informasiyalara ehtiyacı varmı? Yaxud bu cür problemlər cəmiyyətdə hansı fəsadlar yarada bilər? Açıq seks səhnələrinin olduğu filmlərin son onillikdə həm sayının, həm də izləyicilərinin durmadan artdığı bilinir. Çünki kifayət qədər yaxşı biznesdir və gəlir gətirir. Bu kimi filmlər yalnız və yalnız seks, çoxlu seks, nə qədər mümkündür seks, kimlə oldu, harada oldu seks tələbatı, arzusu və davranışı yaradır. Nəticədə bərabərlik, sevgi, yaxınlıq anlayışları məhvə doğru gedir. Açıq səhnəli filmlərin orqanizmə olan təsirinə gəldikdə isə bu cür filmlərin izlənilməsi beynin fəaliyyətinin ləngiməsinə, transa səbəb olur. Neyrofizioloq və psixoloqların araşdırmaları nəticəsində məlum olub ki, belə filmlər insan psixikasına hətta zorakılıq, dəhşət və macəra filmlərindən də daha çox mənfi təsir edir. Erotik səhnələri izləmə bir neçə mərhələdən keçir, ilk mərhələdə asılılıq, izlədikcə izləmək istəyi yaranır, ikinci mərhələdə artıq daha açıq səhnələri izləmək istəyi tələbatı yaranır, əvvəl izlənilənlər daha zövq vermir. Üçüncü mərhələdə insanın inancları, mühakimələri dəyişir, əvvəllər tabu hesab edilənlər tabu olmaqdan çıxır, nəhayət, dördüncü mərhələdə insan artıq gördüklərini təkrarlamağa başlayır, inanc və mühakimələr birbaşa davranışa ötürülür. Azərbaycan reallığına gəldikdə, qarşısıalınmaz proses olan qloballaşmanın təsirlərindən uzun müddət qorunsaq da, bizim kinematoqrafiyaya da bu filmlər və cəmiyyətimizə də onların fəsadları gəlib çatıb”.
Müsahibimiz hesab edir ki, Azərbaycanda tarixi, detektiv və macəra janrında filmlər çəkilməlidir: “Bizim çox böyük tarixi şəxsiyyətlərimiz var. Misal üçün Babək, Şah İsmayıl Xətai haqqında yaxşı filmlər çəkmək və tariximizi dünyaya tanıtmaq olar. Hazırda 31 mart soyqırımı haqqında, Xocalı soyqırımı haqqında filmlər yoxdur. Belə filmlər vasitəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər