• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

“Açıq hökumətin təşviqi” Koalisiyası vətəndaşları aparılan islahatlara dəstək verməyə çağırdı

20.09.13 18:10 1296
“Açıq hökumətin təşviqi” Koalisiyası vətəndaşları aparılan islahatlara dəstək verməyə çağırdı
“Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.
İctimai dinləmələrdə Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov, Lənkəran rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirlərdə həmçinin,
ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləmələrdə 300 nəfərdən çox iştirakçı qatılıb.
Tədbirlərdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə qoşulması əhaliyə elektron xidmətlərin təşkili, ictimai iştirakçılığın genişləndirilməsi, büdcə vəsaitlərinin istifadəyə ictimai nəzarətin təşkil olunmasına, vətəndaşların informasiya almaq sahəsində innovativ addımlara yol açıb.
Ə.Nuriyev qeyd edib ki, bu addımların atılması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında 9 istiqamət və 36 bənd üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu planın icrası artıq öz müsbət nəticələrini verməkdədir. Gündən-günə əhaliyə elektron xidmətlərin göstərilməsi genişlənir. “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması vətəndaşlar gündəlik həyatda qarşılaşdıqları bir çox bürokratik əngəlləri və narahatçılıqları aradan götürməyə imkan yaradıb.
“ASAN Xidmət” Mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə xidmətlər göstərilməsi sahəsində qabaqcıl təcrübə olaraq artıq bütün ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır, təqdir olunur.
Eyni zamanda Ə.Nuriyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vətəndaşların informasiyaya çıxış imkanlarının hüdudlarını genişləndirdiyinə xüsusilə diqqət çəkib: “Artıq informasiya-kommunikasiya texnologiyaları vətəndaşlara dövlət məmurları ilə bilavasitə təmasa girmədən xidmətlər almaq, şikayət və təkliflərini bildirməyə, məlumat almağa imkan verir. Yaxın gələcəkdə bu istiqamətdə işlər daha geniş vüsət alacaq”.
Ə.Nuriyev qeyd edib ki, “Açıq Hökumət” prinsiplərinin Azərbaycanda reallaşdırılmasının əsas təşəbbüskarı kimi məhz prezident İlham Əliyev çıxış edir. O, dövlət başçısının çıxışlarını, müraciətlərini xatırladaraq vətəndaşların özlərini də bu istiqamətdə fəal olmağa, aparılan islahatlara dəstək verməyə çağırıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.
banner

Oxşar Xəbərlər