• şənbə, 20 Aprel, 13:25
  • Baku Bakı 23°C

Acarıstan tarixini əks etdirən muzey - Reportaj

22.10.14 12:15 1728
Acarıstan tarixini əks etdirən muzey - Reportaj
Batumiyə səfər edənlər Xariton Ahvlediani adına Acarıstan Dövlət Muzeyinə mütləq baş çəkirlər. Bu, Acarıstanın ən əhəmiyyətli, elmi-maarifləndirici muzeyidir. Muzeyin əsası 1908-ci ildə əmək müəllimi Nikolay Qoman tərəfindən qoyulub. Əvvəlcə birmərtəbəli binadan ibarət olan muzeyin 1933-cü ildə daha bir mərtəbəsi tikilib. Xariton Ahvlediani bir neçə il muzeyin direktoru kimi çalışıb. Batuminin sakit bir məhəlləsində – İ.Djincharabze küçəsində yerləşən muzey bölgənin mərkəzi muzeyi kimi məşhurdur.
Muzeyin ekspozisiyası 4 şöbədən - təbiət guşəsi, arxeologiya, etnoqrafiya və tarix şöbələrindən ibarətdir. Ekspozisiyada 1820 eksponat sərgilənib. Onların arasında təbiətin nadir abidələri – flora, fauna, minerallar, arxeoloji kolleksiya, unikal etnoqrafik predmetlər, fotolar, incəsənət nümunələri, əlyazmalar və sənədlər var.
Muzeyin girişində yerləşən Təbiət guşəsində Acarıstanın relyefini əks etdirən xəritə iri planda sərgilənib. Cənubda Şavşet dağ silsiləsi, şərqdə Arsiyan silsiləsi, şimaldan Acar- gürcü dağları, qərbdə isə Qara dəniz xəritədə yer alıb. Bölmədə Acarıstanın fauna və florasına yaxından bələd olmaq mümkündür. Bölgədə yaşamaqda olan səhra, dəniz və meşə quşları, heyvanlar, vəhşi canlıların nümunələri var. Qara dənizin nadir quşları ekspozisiyada sərgilənib. Muzeyin bələdçisi Luara Xuxunauşvilinin dediyinə görə, Qara dənizdə 150 balıq növü var. Həmin növlərin ən nadirləri ekspozisiyada yer alıb. Burda yaşayan balıqlar başqa ölkələrin diqqətini də cəlb edib. Belə ki, həmin balıqların bir çoxundan müxtəlif xəstəliklərin müalicəsi üçün dərmanlar hazırlanır. Həmçinin nəsli kəsilməkdə olan və hazırda Acarıstan meşələrində nadir hallarda rast gəlinən heyvan növlərinə də muzeydə rast gəlmək mümkündür. Məsələn, ölkədə artıq yenotun nəsli kəsilib.
Arxeologiya bölməsində yunan mənşəli “krator” diqqət çəkir. Bələdçinin dediyinə görə, bu qabdan çaxır və su qarışığı üçün istifadə olunub. Yunanlar çaxırı su ilə qarışdırıb içirmişlər. Bu, onların adəti imiş. Bu unikal əşya eramızdan əvvəl V əsrə aiddir. Kabuletidə aparılan arxeoloji qazıntılar zamanı 1968-ci ildə tapılaraq muzeyə verilib. “Bu qabın bütün dünyada cəmi 3 nümunəsi var. Onlardan biri Luvr muzeyində, biri ABŞ-ın Boston muzeyində, digəri isə bu muzeydədir”. Əşya azca bərpa olunub.
Bölmədə həmçinin daş qəbir diqqət çəkir. Bu unikal eksponat feodallar dövründən qalıb. Bələdçinin dediyinə görə, hazırda Barjomidə bu cür qəbir nümunələrinə rast gəlmək olur.
19-cu əsrin 2-ci yarısına aid Acarıstan məişətini əks etdirən nümunələr var. Xüsusən o dövrdə küplər insanların əsas məişət əşyası kimi məşhur olub. Acarıstanda bunları «Anfora» adlandırırlar. Həmin küpləri yerə basdırmaqla içərisində yağ, bal, çaxır və qoz saxlayırmışlar. Gürcülər indi də bu qaydadan istifadə edirlər. Məsələn, indi də evdə hazırlanmış çaxır məhsullarını küpün içərisində yerə basdıraraq saxlayırlar. Həmin məhsullar uzun müddət öz keyfiyyətini itirmir.
Etnoqrafiya bölməsində də Acarıstan məişəti ilə yaxından tanış olmaq mümkündür. Buradakı eksponatların tarixi 12-ci əsrə gedib çıxır. Varlıların, kasıbların evlərinin maketi maraq doğurur. Bu maketlərə baxıb o dövr insanlarının necə yaşadığını aydın görmək mümkündür. Onlar daha çox kənd təsərrüfatı ilə məşğul olublar. Həyətlərindəki əkin sahələrində çalışmaqla, mal-heyvan saxlamaqla dolanıblar.
Guşədə qədim musiqi alətləri də maraq doğurur. Baraban, vavinka, diplibito və s. bölgədə yaşayan insanların ən çox istifadə etdiyi alətlər olub. Bölmədə acar qadınlarının geyimləri xüsusi maraq doğurur. Həmin geyimlər bir qədər bizim qədim paltarları da xatırladır. Həmçinin vaxtilə ərazidə yaşayan türklərə məxsus geyim əşyaları da muzeydə qorunur. Paltarların tikilişi üçün əsasən yundan, pambıqdan və ipəkdən istifadə olunub. Acar qadınlarının əllə, rəngbərəng saplardan toxuduqları ipək xalçalar muzeyin qiymətli eksponatı sayılır. Kişilərə məxsus «çoxaxaluki» geyimi də muzeydə diqqət çəkir. Qırmızı rəngli geyimləri varlılar, digər rəngləri isə kasıblar geyinirmiş. «Çoxaşali» isə əsasən kəndlilərin geyimi olub. Kəndlilərin tipajları da bu bölmədə yer alıb. Həmçinin o dövr qadınlarının qızıl və gümüşdən bəzək əşyaları muzeydə sərgilənir.
Etnoqrafiya bölməsində həmçinin müsəlman məscidinin qapıları, 18-ci əsrdə yaşayan mollalara məxsus kürsü, quran oxumaq üçün xüsusi stol, türk stolu maraq doğurur. Ekspozisiyada acar qadınlarının rəngarəng əl işləri – dəsmallar, corablar, əlcəklər, stolüstü süfrələr maraq doğurur. Bölgənin 12-ci əsr həyatı bu ekspozisiyalarda nümayiş olunur. Rəngli saplardan istifadə edən acar qadınlarının əl əməyi göz oxşayır. Bələdçinin dediyinə görə, indi də kəndlərdə qadınlar toxuculuq sənətini davam etdirirlər.
Muzeyin tarix bölümündə demək olar ki, Acarıstanın bütün tarixini əks etdirən ən zəngin materiallar yer alıb. Guşədə 1820-ci il tarixini əks etdirən eksponatlar var. Acarıstanın məruz qaldığı müharibələr dövründə əsgərlərin istifadə etdiyi silah növləri, müdafiə ləvazimatları muzeydə qorunur. Həmçinin türk əsgərlərinin silah-sursatları da muzeydə var. Rus və türk qoşunlarının Acarıstanda buraxdığı izlər tarixi şəkillərdə əks olunub. Şəkillərdən və əşyalardan Acarıstanın çox çətin və şərəfli bir dövr yaşadığı aydın görünür. “Gürcüstana birləşdirilənə qədər bu xalq çox itkilərə məruz qalıb”- deyə bələdçi qeyd edir. O dövrdə Acarıstanda yerləşən tarixi tikililər, səhiyyə, məktəb, inzibati binaların şəkilləri də divarlarda yer alıb. İlk məktəb bu ölkədə 1801-cü ildə açılıb. 1928-ci ildə isə ilk kişi-qadın gimnaziyası açılıb. Hazırda həmin binada Şota Rustaveli adına Dövlət Universiteti yerləşir. Bu ekspozisiyalarda Acarıstanın tarixi inkişafında, siyasətində, mədəni həyatında, iqtisadiyyatında rol oynayan görkəmli şəxsiyyətlərin şəkilləri haqqında bələdçi bir-bir məlumat verir. Divarlarda şəhərin sənaye inkişafını əks etdirən şəkillər də çoxdur. Bələdçinin dediyinə görə, hətta, Nobel də bu şəhərə maraq göstərib və muzeyin yaxınlığında öz ofisini açıb. Hazırda həmin ofis Nobel muzeyi kimi fəaliyyət göstərir. Divarlarda həmçinin Acarıstanın tarixində mühüm rol oynayan generallar, müəllimlər, yazıçılar, həkimlər, siyasətçilərin portretləri var.
Acarıstan teatrının da qədim tarixi olub. Bu teatrı «dəmir teatr» adlandırırmışlar. Vaxtilə onun səhnəsində görkəmli rus müğənnisi Fyodr Şalyapin ilk debütünü edib. Onun «Norma» operasından ifa etdiyi partiyalar böyük maraqla qarşılanıb. Həmçinin muzeyi ilk təsis edən Nikolay Qomanın şəkli də böyüdülmüş formada ziyarətçilərə göstərilir.
Vaxtilə çinlilər bu şəhərdə çay mədəniyyətini inkişaf etdiriblər. Lao Concao bu şəhərdə ilk çay fabrikini qurub. Həyat yoldaşı gürcü olan çinli ömrünün çox hissəsini bu şəhərdə yaşayıb. Gedəndə isə öz şəxsi əşyalarını muzeyə hədiyyə edib. 26 il Acarıstana bağlı olan çinlinin 7 uşağından 5-i məhz bu bölgədə doğulub. Onun acarlara ünvanladığı məktub da muzeydə qorunur: «Mən sizə çox minnətdaram. Ömrümün bir çox illərini bu gözəl şəhərdə mehriban insanlar arasında yaşadım. Ən gözəl xatirələrlə sizdən ayrılıb gedirəm» - deyə çinli yazıb.
Bələdçinin sözlərinə görə, Batumi turist bölgəsi olduğu üçün bölgəyə gələnlər muzeyləri gəzməmiş geri dönmürlər. Tarixi, etnoqrafiyanı, təbiəti özündə birləşdirən Acarıstan muzeyinə isə xüsusi maraq var. Belə ki, ərəblər, türklər, azərbaycanlılar, ruslar qrup halında muzeyi ziyarətə gəlirlər. Həmçinin bu muzey tələbələrin sevimli məkanıdır. Orta məktəb şagirdlərinə muzeydə tematik mühazirələr keçirilir.
Muzeyin Qızıl Fondu da unikal kolleksiyadan ibarətdir. Burada müxtəlif adda, eramızdan əvvəl V əsrə aid müxtəlif eksponatlar qorunur. Bunların arasında qədim gürcü əl işləri, orijinal nümunələr, Kolxidiya qızıl və dəmirçilik sənətinin ənənələrini yaşadan nümunələr qorunur. Fonda 1800 nadir eksponat var. Muzeyin zəngin kitabxanasından isə tədqiqat aparan alimlər, tələbələr istifadə edirlər.
Muzeyi gəzdikcə otaqlarının, ümumilikdə binanın təmirə ehtiyacı olması da gözdən yayınmır. Bələdçi dedi ki, muzeyin təmir olunacağına söz veriblər, ancaq nə vaxt yerinə yetiriləcəyi hələ sual altındadır.
Binasının, otaqlarının təmirsiz olmasına baxmayaraq özündə böyük bir tarixi yaşadan muzey ziyarətçiləri cəlb etməkdədir. Ölkəsinin tarixini, qədimliyini, keçdiyi tarixi dönəmləri göstərmək və bundan qürur duymaq üçün...
Təranə Məhərrəmova
Batumi

banner

Oxşar Xəbərlər