• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olub

13.04.19 20:40 797
Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun büstünün açılışı olub
Ağcabədi rayonu Xocavənd kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Sadıq Hüseynovun büstünün açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər qoyublar.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rövşən Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhidin ailə üzvləri və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Sadıq Dayandur oğlu 1969-cu il iyulun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə Şuşa şəhərində polis şöbəsinin sahə müvəkkili kimi işə başlayıb. Ermənilərin torpaqlarımıza qarşı təcavüzü başlayanda polis əməkdaşı olaraq döyüşlərə qatılıb. 1992-ci il martın 29-da döyüşlərdən birində ağır yaralansa da, silahını yerə qoymayıb. 1992-ci il aprelin 13-də erməni silahlı dəstələrinin Şuşanı raket atəşinə tutması zaman döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Təhsil aldığı Xocavənd kənd tam orta məktəbi onun adını daşıyır.
Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edilib, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.
Sonda məktəblilərin ifasında kompozisiya nümayiş olunub. Kompozisiyada Azərbaycan ordusunun mübarizliyi, mərd oğulların Vətənin azadlığını və ərazi bütövlüyünü canlarından üstün tutması, ordu ilə xalqın birliyi tərənnüm edilib.
banner

Oxşar Xəbərlər