• cümə axşamı, 28 mart, 17:30
  • Baku Bakı 16°C

ABŞ yenə də neftin qiymətini ucuzlaşdırır

11.03.17 10:00 800
ABŞ yenə də neftin qiymətini ucuzlaşdırır
Martın 9-dan etibarən neftin qiyməti yenidən gündəmin əsas mövzusuna çevrilib. Hər kəsin qiymətlərin artım tendensiyasının davam edəcəyini gözlədiyi bir vaxtda proseslər tamamilə əksinə çevrildi. Belə ki, qiymətlərdə kəskin ucuzlaşma prosesi gedir. Bir az dəqiq olsaq deyə bilərik ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 53,52 dollardır. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 8,2 milyon barel (1,6 faiz) artımla 528,4 milyon barelə çataraq rekord səviyyəyə çıxıb. "Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2 milyon barel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə ABŞ xam neft ehtiyatları 1,5 milyon barel artım göstərmişdi. ABŞ-da strateji neft ehtiyatları isə 0,3 milyon barel azalaraq sözügedən həftədə 694,8 milyon barelə enib. Bu dövrdə ABŞ-ın xam neft istehsalı bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 56 min barel artımla 9,1 milyon barelə yüksəlib. Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 561 min barel artımla 8,15 milyon barelə çatıb. Həftəlik xam neft ehtiyatlarının gözləntilərin üstündə artım göstərməsi və ABŞ-da hasilatın artması ilə qlobal bazarlarda neftin qiymətləri kəskin düşüb. Qərbi Texas nefti (WTI) Nymex birjasında 2.86 dollar və ya 5.4 faiz düşərək bareli 50.28 dolları, Brent nefti isə Londonda ICE Futures Europe birjasında 2.89 dollar düşərək 53.03 dolları görüb.

Qeyd edək ki, həftənin əvvəlində Brent nefti 56 dollardan yüksək qiymətlərə satılırdı. Bəs görəsən qiymətlərin azalması tendensiya nə qədər davam edə bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandeyir ki, qiymətlərinin azalmasında əsas rol oynayan amil ABŞ-ın enerji agentliyinin çərşənbə günü açıqladığı hesabatdır: "Hesabata əsasən, Amerikada hasilat 9 milyon bareli keçdi. ABŞ-ın həm xam neft ehtiyatı, həm də benzin ehtiyatı artıb. Nəticə etibarilə bu hesabat dünyada neftin qiymətinə təsir göstərir. Proqnozlara görə, bu artım oktyabr ayından başlayıb. Bu da şist neft yataqlarındakı quyuların çoxalması ilə bağlıdır. Qeyd edim ki, cari ilin sonuna kimi ABŞ-da gündəlik hasilatın 400 min barel də artacağı ehtimal edilir. Aydındır ki, belə olan təqdirdə Amerika bazarına idxal nefti az daxil olur. Bu da neftin başqa bazarlara yönəlməsi ilə nəticələnir. Beləcə neftin müxtəlif bazarlarda rəqabəti artır. Rəqabətin artması isə son məqamda qiymətlərin düşməsinə gətirib çıxarır”.

Ekspertin fikrincə, bu tendensiyanın nə qədər davam edəcəyi neftə olan tələbatdan asılıdır: "Qiymətlərdəki dəyişmə OPEC ölkələrinin özünün hasilatla bağlı növbəti qərarından da asılı olacaq. Qeyd edim ki, yaxın günlər ərzində fevral ayı ilə bağlı OPEC-in hesabatı açıqlanacaq. Bundan sonra isə beynəlxalq enerji agentliyi fevral ayı üzrə hasilatla bağlı hesabatını ictimaiyyətə təqdim edəcək. Məhz bu hesabatlar neftin yaxın gələcək ərzində qiymətlərinə təsir edəcək faktlardandır. Hesab edirəm ki, qiymətlərdə müəyyən korreksiya ediləcəyi də istisna deyil. OPEC ölkələrinin öhdəlikləri uzadıb-uzatmayacağı məsələsinə gəlincə, bu, may ayında keçiriləcək müzakirələrdən asılı olacaq. Müzakirələrin nəticəsi iyun ayında keçiriləcək növbəti konfransda bəlli olacaq. Hesab edirəm ki, əgər öhdəliklərin müddəti uzadılmasa, bazarda neft təklifi kəskin şəkildə artacaq və nəticə etibarilə bu, qiymətin bir az da ucuzlaşmasına gətirib çıxaracaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovqəzetimizə açıqlamasında bildirdi ki, hələlik qiymətlərin yaxın dövr ərzində necə dəyişəcəyini müəyyən etmək çətindir: "Qiymətlərin aşağı düşməsinin əsas səbəbi Amerikada neft ehtiyatlarının kəskin artması ilə bağlıdır. ABŞ-ın prezidenti hələ seçkiqabağı marafonda qeyd etmişdi ki, neft ixracını artıracaqlar. İndi biz bunun reallaşdığını görürük. Nəticədə qiymətlər aşağı düşür. Hesab edirəm ki, proses hələ bir müddət davam edəcək. Çünki ABŞ-ın neft hasilatı səviyyəsinin yüksək olması və kifayət qədər neft ehtiyatının olması dünya neft bazarına təsirini göstərəcək. Məhz buna görə də qiymətlərin yaxın zaman ərzində necə dəyişəcəyini proqnoz etmək çətindir. Faktiki olaraq bu gün neftin qiymətinin necə dəyişəcəyi heç kimə məlum deyil”.

Millət vəkili bu proseslərin Azərbaycana da mənfi təsir edəcəyini vurğuladı: "OPEC ölkələri neft ixrac edən ölkələrlə birgə müəyyən edilən kvotanı hələlik saxlayırlar. Amma əgər ABŞ neft ixracını artırmaqda davam edərsə və İran da müdaxilə etməyərək neftin ixracını artıracaqsa, qiymətlərdə yenidən kəskin ucuzlaşma baş verə bilər. İstənilən halda, bu tendensiya Azərbaycana da öz mənfi təsirini göstərir. Bizim gəlirlərimizin əsas hissəsi neftdən gəlir. Düzdür, ölkəmizdə indi qeyri-neft sektorunun inkişafına start verilsə də, bu sahədən böyük miqdarda gəlir əldə etmək vaxt tələb edir. Bu baxımdan, neftin qiymətinin ucuzlaşması prosesi digər neft ölkələri kimi bizə də təsirsiz ötüşməyəcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər