• şənbə, 20 Aprel, 13:14
  • Baku Bakı 23°C

ABŞ Yaxın Şərqdə nə etmək istəyir?

15.05.18 20:06 719
ABŞ Yaxın Şərqdə nə etmək istəyir?
İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib. Belə ki, açılış mərasiminin keçirildiyi gün etiraz edən fələstinlilər İsrail hərbiçiləri tərəfindən atəşə tutulub. Nəticədə bir gündə 56 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Dünyanın gözü qarşısında baş verən bu hadisəyə çox az ölkə etirazını bildirib. Türkiyə isə ABŞ və İsraildən səfirlərini geri çağırıb. Onu qeyd edək ki, Tramp hələ prezidentliyə namizəd olduğu dövrdə İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürəcəyini bəyan etmişdi. Hələ o zaman Fələstin daxil olmaqla islam ölkələri buna etirazını bildirmişdi. Bu hadisəyə qədər isə ABŞ-ın Yaxın Şərqə müdaxiləsi nəticəsində bölgədəki ölkələr münaqişə ocağına çevrilmişdi, Suriyada bu gün də müharibə davam edir. İndiki halda ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasətlə nə etmək istəyir, məqsəd nədir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Amerikanın Yaxın Şərqdə çox məqsədi var: "Çünki bilavasitə bu regionla əlaqələri mövcuddur. İlk növbədə Yaxın Şərq böyük enerji daşıyıcılarının mənbəyidir. Digər tərəfdən, bu bölgədə strateji əhəmiyyətə malik tranzit yolları başlayır və Uzaq Şərqə qədər gedib çıxır. Eyni zamanda, həmin bölgədə böyük siyasi oyunçuların maraqları kəsişir. Biz son on illiklər ərzində görürük ki, ABŞ Yaxın Şərqdə elə bir siyasət yeridir ki, digər ölkələrin və hətta yerli dövlətlərin maraqları da onun istəkləri və qarşıya qoyduğu məqsədlərin kölgəsində qalır. Deyərdim ki, ABŞ artıq çox təhlükəli siyasi kursa rəvac verir. Bu bölgədə artan gərginlikdən heç kəsə, o cümlədən ABŞ-a xeyir, qazanc gəlmir. Çünki stabilliyin pozulması, getdikcə qarşıdurma meyllərinin güclənməsi xaos şəraitini dərinləşdirir və çox milyonlu əhalisi olan regionu qeyri-müəyyənliyə gətirib çıxarır. Bundan da Amerikanın çətin ki, bir xeyir götürmək imkanı olsun. Eləcə də bölgədə risklər durmadan artırsa, getdikcə beynəlxalq aləmdəki nizam pozulacaq və ona dağıdıcı zərbələr endiriləcək. ABŞ özü də daim qlobal stabillikdən danışır və rəhbərləri guya bu istiqamətdə səylərini əsirgəmirlər. Amma əslində ABŞ-ın indiki administrasiyasının gördüyü işlər bilavasitə Yaxın Şərqdə elə bir dözülməz şərait yaradır ki, orada nəinki sabitlikdən, heç əməkdaşlıqdan danışmağa dəymir”.
Politoloq qeyd etdi ki, güclü tərəflər hər zaman qarşıdurma meyllərinə dəstək verməklə özlərini arxayın hiss edirlər: "Gərginləşmiş vəziyyəti həmişə salamlayırlar, sanki orada baş aça bilirlər, guya baş verən təhlükələr və təhdidlər onlara aid olmayacaq. Amma əslində belə deyil. Misal kimi, Liviyanı göstərə bilərik. ABŞ və onun Avropadakı müttəfiqləri bu ölkəni parçalamaqla nəyə nail oldular? Düzdür, neft bazarına, tranzit imkanlarına yiyə çıxdılar. Amma Avropanı böyük miqrant kütləsi ilə üz-üzə qoydular. Digər tərəfdən də ABŞ-ın Liviyadakı səfirliyinə basqın oldu və səfir vəhşicəsinə öldürüldü. Ona görə də indi ABŞ-ın Yaxın Şərqdəki siyasəti, deyərdim ki, heç bir perspektivi olmayan siyasi xətdir. Eləcə də ABŞ İsrailə mütəmadi dəstək verməklə böyük müsəlman aləmini haradasa, çıxılmaz vəziyyətə salır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və sair ölkələrlə sövdələşmələr əldə olunub və nə qədər qəribə olsa da, həmin bu ölkələr İsrailə imkan yaradıblar. Burada pərdə arxası danışıqların izini görürük. Amma bu, problemli vəziyyətin həlli demək deyil. İslam, o cümlədən ərəb dünyası Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn demək deyil. Ərəb dünyası böyükdür. ABŞ indiki halda Fələstin xalqının haqlarını tapdalayaraq, uzun illərdir davam edən münaqişəli vəziyyəti daha da kəskinləşdirir. Artıq Türkiyə öz səfirlərini Vaşinqtondan və Tel-Əvivdən geri çağırıb. Biz görürük ki, Qəzza bölgəsində çox dözülməz bir vəziyyət yaranıb. Faktiki olaraq, dünyanın gözü önündə fələstinlilərə qarşı soyqırımı siyasəti həyata keçirilir, onları vururlar, güllə-boran edirlər. Bununla barışmaq olmaz. Hesab edirəm ki, bu, çox təhlükəli siyasətdir. Təsadüfi deyil ki, Çin, Rusiya və digər ölkələr Qəzzada baş verənlərlə bağlı həyəcan təbili çalırlar. Artıq BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını aktuallaşdırıblar. Ona görə də ABŞ-ın indiki siyasətini problemli və müəmmalı görürəm”.
Politoloq Qabil Hüseynli bildirdi ki, Trampın hakimiyyətə gəldikdən sonra planlı, məqsədli bir iş gördüyünün şahidi olmuruq: "Onun ən faciəli nəticələrə səbəb olan addımlarından biri də İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsi idi. Doğrudur, o, bunun seçkilərdən əvvəl vəd kimi də vermişdi. Amma belə görünür ki, Tramp tamamilə yəhudi lobbisinin əlində əsirdir və onların bilavasitə təkidi ilə belə bir addımı atdı. O, bu qərarı verərkən İslam Konfransı Təşkilatının İstanbul sammiti keçirilirdi. Belə təsəvvür yaranırdı ki, İslam dünyası Trampın bu qərarının icrasına imkan verməyəcək. Lakin Tramp bunu etdi. Bir neçə gün əvvəl ABŞ səfirliyi Qüdsə köçürüldü və Tramp bunu möhtəşəm gün adlandırdı. Halbuki həmin "möhtəşəm gün”də İsrail əsgərləri ən azı 56 fələstinlini öldürdü, 2400 nəfəri isə yaraladı. Münasibətlər gərginləşməkdə davam edir və Fələstin bununla barışmayacağını və Qüdsü paytaxt edəcəyini bəyan edib”.
Q.Hüseynli əlavə etdi ki, ABŞ vaxtı ilə İsrail və Fələstin arasında sülh danışıqları aparırdı: "Hesab edilirdi ki, məhz Vaşinqtonun dəstəyi ilə bu iki tərəf arasında sülh bağlanacaq. Çox təəssüflər olsun ki, nəinki sülh müqaviləsi imzalandı, əksinə münasibətlər daha da gərginləşdi. Bu da Trampın dünyagörüşünün nə qədər dar olduğunu bir daha göstərir. Onu da qeyd edim ki, bu məsələ ilə bağlı artıq bir sıra İslam ölkələri BMT-nin təcili toplantısının keçirilməsi tələbini irəli sürüb. Türkiyə isə İsraillə diplomatik əlaqələri yenidən dayandırdı. Ümumilikdə isə vəziyyət kifayət qədər gərgindir”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər