• cümə axşamı, 28 mart, 13:07
  • Baku Bakı 16°C

ABŞ Yaxın Şərqdə dağıdıcılıqla məşğuldur

17.05.18 10:30 1901
ABŞ Yaxın Şərqdə dağıdıcılıqla məşğuldur
İsraildəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qərarın icrası, bu günlərdə diplomatik korpusun açılışının edilməsi Yaxın Şərqdə vəziyyəti yenidən gərginləşdirib. Beynəlxalq mediada yayılan məlumatlara görə, etirazçı Fələstin sakinlərinin İsrail hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində 10 mindən artıq insan xəsarət alıb, yüzlərlə fələstinli qətlə yetirilib. Bununla da dünyanın gözü qarşısında aha bir insanlıq faciəsi yaşanıb, onsuz da narahatlıq doğuran bir bölgədə münaqişə ocağı yenidən alovlanıb. Yaxın Şərqdə baş verən bütün bu proseslərlə bağlı "Kaspi”nin suallarını politoloq Tofiq Abbasov cavablandırır.
- Tofiq bəy, sözsüz ki, Amerika atdığı son addımın Yaxın Şərqdə yeni gərginliyə səbəb olacağını bilməmiş deyildi. Bunu bilə-bilə belə bir qərar qəbul etməsi nədən qaynaqlanır?
- ABŞ-ın Yaxın Şərqdəki bütün hərəkətləri, yürütdüyü siyasət onu deməyə əsas verir ki, onlar bu bölgədə uzun müddətli möhkəmlənməyə can atır. Sadəcə, bu prosesin çətinliyi var. ABŞ yürütdüyü xarici siyasətə görə etimadını itirir və artıq bu bölgədə həmin superdövlətin təminatlı dayaq nöqtələri yoxdur. İsrail istisna olmaqla, son illər ABŞ bir çox ərazidə dağıdıcı siyasət yeridib. Bunun nəticəsində bir çox ölkələr, xalqlar Amerikadan uzaqlaşıb. Faktiki olaraq ABŞ qorxunc bir obraza çevrilib. Yaxın keçmişdə İraq Kürdüstanının öz müstəqilliyini elan etmək cəhdlərini xatırlamamış olmazsınız. Bununla Amerika Yaxın Şərqdə yeni dövlətlərin yaradılmasına çalışırdı ki, onların timsalında özünə yeni müttəfiqlər, dayaq nöqtələri əldə etsin. Hazırda Qüdsdə cərəyan edən proseslər də onu deməyə əsas verir ki, ABŞ öz potensialına, dağıdıcı gücünə arxalanaraq, "Buldozer siyasəti” həyata keçirir. Yəni, ABŞ qurub-yaratmaq əvəzinə, dağıdıcılıqla məşğuldur. Böyük insan resursuna, zəngin təbii sərvətlərə malik bölgəni xarabalığa çevirir. Təbii ki, bu, yolverilməz siyasətdir. ABŞ öz milli hüdudlarının Yaxın Şərq regionundan qat-qat uzaq olmasına görə arxayındır. Atlantik və Sakit okeanların sahillərində yerləşən bu dövlət böyük gücünə, hərbi potensialına güvənərək Yaxın Şərqdə mövcudluğunu təmin edir. Heç şübhəsiz bu siyasətin əleyhdarları tərəfdarlarından çoxdur. Xüsusən də İraqda, Əfqanıstanda, Somalidə, Afrikada və sair ərazilərdə baş verənlərdən sonra əksər ölkələr Amerikadan ehtiyatlanırlar.
- Etirazçı fələstinlilərin İsrail hərbçiləri tərəfindən atəşə tutulması, öldürülməsi bütün dünyanın gözü qarşısında baş versə də buna etiraz edən ölkələrin sayı azdır. Nə üçün dünya dövlətləri bu insanlıq faciəsinə münasibətdə daha çox seyrçi mövqe tuturlar?
- Düşünmürəm ki, ABŞ-ın bu siyasətinə etiraz edən ölkələr azdır. Prezident Donald Trampın ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə keçirilməsi barədə qərarı ötən ilin dekabrında elan olunan kimi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən buna etiraz bildirildi. Hətta ABŞ-ın bir neçə xarici ölkədəki səfirliklərinə, həmçinin konsulluqlarına hücum və basqı cəhdləri oldu. İndinin özündə də bir çox ölkələr Amerika prezidentinin qərarını xoş qarşılamır, buna müxtəlif formada etiraz edirlər. Burada söhbət yalnız İsrail-Fələstin qarşıdurmasından getmir. Söhbət Amerikanın açıq-aydın tərəfkeşliyindən, İsraili dəstəkləməsindən gedir. ABŞ düzgün, ədalətli davranmaq əvəzinə, dünya birliyinin qəbul etdiyi qanun-qaydalara zidd çıxır. BMT Təhlükəsizlik Şurasının 1947-ci ildən indiyə qədər həyata keçməmiş qalan qətnamələri var. Həmin qətnamələrdə Şərqi Qüds Fələstin dövlətinin paytaxtı kimi təsbit olunub. Ümumiyyətlə, Qüds İslam ümməti üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Bu şəhər İslam aləminin qibləgahı olub, orada müqəddəs saydığımız peyğəmbərlərin məzarları, Qurani-Kərimdə adı çəkilən Əl-Aksa məscidi var. Ona görə də Amerikanın qəbul etdiyi ədalətsiz qərarlar, İslam ümmətini saymamazlığı dünyada çox böyük hiddət doğurur. Bu səbəbdən bir çox dövlətlər öz prinsipial mövqelərini bildirirlər.
- Tofiq bəy, heç də bütün İslam dövlətləri bu məsələdə ortaq mövqe nümayiş etdirmirlər. Hətta elə dövlətlər var ki, proseslərə yanaşmada antifələstin siyasət yürütdüklərini gizlətmirlər də.
- Bəli, tamamilə doğrudur. Elə dövlətlər var ki, antifələstin, antiislam platformasında bir araya gəliblər, bu cür mövqe nümayiş etdirirlər. Səudiyyə Ərəbistanını, Bəhreyn krallığını, Birləşmiş Ərəb Əmirliklərini və Misir Ərəb Respublikasını buna misal göstərə bilərik. Xüsusilə Misirin siyasi elitası ağır vəziyyətdədir, ABŞ onlara güclü təzyiq göstərir. İsraillə birlikdə bu müsəlman dövlətləri məlum mənfur planlara dəstək nümayiş etdirirlər. Burada maraqlı məqam budur ki, Fələstin xalqının müqəddəratının həllində maraqlı olan dövlətlər fələstinlilərin İordan çayının Qərb sahilindən ümumiyyətlə çıxarılmasını istəyirlər. Onlar fələstinliləri bütövlükdə evakuasiya edərək Sinay yarımadasına sürgün etmək niyyəti güdürlər. Sinay yarımadasının Qəzza bölgəsinə birləşən ərazilərinin bir hissəsini fələstinlilərə vermək şərtilə, onların Vətəninin ora olmasını istəyirlər. Fələstinlilərin evakuasiya edilməsi istənilən ərazilərin səhralıq, çöllük olması, on milyonluq xalqın yaşaması üçün yararsızlığı gün kimi aydındır. Amerikanın daxilindəki yəhudi lobbisi bununla dünya siyasətinin gedişatını dəyişirlər. Yaxın Şərqdəki vəziyyəti öz xeyirlərini yenidən formalaşdırırlar. Fələstin ərəbləri əsrlərdir bu ərazilərdə yaşadıqları halda onları öz el-obasından, yurd-yuvasından köçürmək niyyəti güdürlər. Bununla yəhudilər Nil çayından Fərat çayına qədər olan ərazilərdə böyük yəhudistan yaratmaq planlaşdırırlar.
- Sizin qeyd etdiyiniz bu plana qarşı çıxan dövlətlər yoxdurmu?
- Qeyd edilən plana qarşı çıxan dövlətlərə nümunə kimi İran, Türkiyə, Suriya, İraq, Livanın adını çəkə bilərik. Hazırda İsrail-Fələstin münaqişəsi, Qüds məsələsi elə bir problemə çevrilib ki, İslam aləmi bundan təcrid oluna bilməz. Xüsusilə İran və Türkiyə müsəlman ölkələr arasında liderliyi ilə seçilirlər. Hər iki dövlətin İsrail-Fələstin, Qüds məsələsinə özəl yanaşması var. Onlar başa düşürlər ki, bu məsələdə İslam aləmi güzəştə getsə, geri çəkilsə, strateji baxımdan uduzacaq, böyük səhvə yol vermiş olacaq.
- Türkiyə son proseslərlə bağlı ABŞ və İsraildəki səfirlərini geri çağırıb. Rəsmi Ankaranın bu diplomatik addımları Türkiyə-İsrail münasibətlərində yeni soyuqluq yarada bilərmi? Ümumiyyətlə, Türkiyə və İran sərgilədiyi mövqe ilə proseslərin gedişini dəyişməyə qadirdirmi?
- İsrail-Türkiyə gərginliyi üzdə görünməkdədir. Əgər İran antiisrail, özlərinin dediyi kimi antisionist mövqedən çıxış edirsə, Türkiyə vaxtaşırı İsraillə gərginlik yaşayır. Xatırlatmaq istərdim ki, iki gün bundan öncə Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı olub, hər iki dövlət başçısı Qüds məsələsi ilə bağlı geniş müzakirə aparıb. Fikrimcə, bu məsələdə hər iki dövlətin mövqeyi üst-üstə düşür. Burada şüarçılıqdan, bəyanatdan, anonsdan kənar hərəkətlər vacib rol oynayır. Əgər İran, Türkiyə, Pakistan bir yerdə olsalar, Qüds məsələsinə münasibətdə vahid mövqe nümayiş etdirsələr, onların həm İsrailə, həm də Amerikaya təsir etmək imkanları olacaq. Hər üç dövlət bir yerdə olarsa, istənilən tərəfi özləri ilə hesablaşmağa vadar edə bilərlər.
- Yaxın Şərqdə bundan sonra baş verəcəklərlə bağlı proqnozlarınız varmı?
- Yaxın Şərqin gələcəyi ilə bağlı yaxşı nə isə vəd verməkdə çətinlik çəkirəm. Çünki, Qərb institutlarının, beyin mərkəzlərinin Yaxın Şərqlə əlaqəli gələcək planlarında dağıdıcılıq komponentləri üstünlük təşkil edir. Söhbət münaqişəli vəziyyətlər yaratmaqdan, ardınca bu vəziyyətdən öz xeyrlərinə istifadə etməkdən gedir. Yaxud regiondakı bir dövləti digər dövlətlə üz-üzə qoymaq, millətlərin, xalqların daxilində separatizmi körükləmək, sonra bu münasibətlərdən öz məqsədləri naminə faydalanmaq və sair kimi istəklər var. Xatırlayırsınızsa, Ermənistan-Azərbaycan münaqişəsinin aktiv dövründə ABŞ işğala məruz qalan Azərbaycana məlum "907-ci düzəliş”i tətbiq etməklə, guya Dağlıq Qarabağ ermənilərinin blokadaya alınmasına etiraz etmiş, bununla işğalçı Ermənistana dəstək nümayiş etdirmişdi. Halbuki, həmin vaxt ən ağır vəziyyətdə olan Naxçıvan Muxtar Respublikası idi. Bu ərazi sözün əsl mənasında blokada şəraitində idi. Amma Amerika buna əhəmiyyət vermədi. "907-ci düzəliş”lə müsəlman Azərbaycan dövlətini sıxdı, ölkəmizi törətmədiyi cinayətlərdə ittiham etdi, eyni zamanda ABŞ dövlət xətti ilə bizə göstərilə biləcək yardımlara qadağa qoydu. Amerikanın, ümumilikdə Qərbin siyasətinin məğzi bundan ibarətdir. Qərb dünyası çalışır ki, İslam coğrafiyası heç zaman rahat yaşamasın, daim münaqişələr, qarşıdurmalar olsun. Onlar münaqişəli vəziyyətlərdə ədalətin yanında olmaq əvəzinə, ancaq özlərinə yaxın tərəflərə dəstək nümayiş etdirir, bundan faydalanırlar. Vaxtilə Azərbaycan da belə idbar siyasətlə üzləşib, bunun acısını çəkib.
- Azərbaycan həm Fələstinlə, həm də İsraillə qarşılıqlı maraqlara xidmət edən münasibətlərə malikdir. Belə olan halda, ölkəmiz baş verən son proseslərlə bağlı necə mövqe sərgiləməlidir?
- Azərbaycan Fələstin dövlətini tanıyıb, bu dövlətlə diplomatik əlaqələr qurub. Bu dövlətin ərazi bütövlüyünü dəstəkləyir, problemin beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həll olunmasını arzulayır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilən beynəlxalq tədbirlərdə Fələstinin ərazi bütövlüyünü dəstəkləmişik. Eyni zamanda, İsraillə də Azərbaycanın yaxşı münasibətləri var. Bu dövlətlə strateji münasibətimiz, xüsusən də hərbi və enerji sahədə faydalı əməkdaşlığımız var. Təbii ki, Azərbaycan işğaldan əziyyət çəkən, ərazisinin 20 faizi Ermənistan tərəfindən qeyri-qanuni zəbt olunan bir ölkə kimi yalnız ədalətin, ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edir. Bizim üçün ərazi bütövlüyü başlıca prinsipdir. Bizim hər iki dövlətlə olan əlaqələrimiz biri-birini inkar etməyən münasibətlərdir. Bu münasibətlər heç bir halda dağıdıcı məqsəd daşımır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər