• çərşənbə, 17 Aprel, 02:36
  • Baku Bakı 14°C

ABŞ – XXI əsrdə dünyanın işgəncə lideri

11.12.14 09:33 1190
ABŞ – XXI əsrdə dünyanın işgəncə lideri
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) müsəlman məhbuslara işgəncə verməsi ilə bağlı Senatın məruzəsi əsl qalmaqala səbəb olub. Ağ Evin rəsmi açıqlamasında bu məruzədən sonra dünyanın dörd bir tərəfində ABŞ səfirliklərinin və obyektlərinin risk altında olduğu bildirilir. Hesabatda MKİ-nin 11sentyabr hücumlarından sonra “terrorda şübhəli bilinən şəxslərə” işgəncə verməsi faktları yer alıb.
Məşhur haker qruplarından biri bu arada MKİ agentlərinin birinin kompüterindən əsirlərə verilən işgəncə görüntülərini əldə edərək yayıb. Hakerlər tərəfindən ələ keçirilən görüntülərdən birində üzü və gözləri qapalı bir əsirin boğazına plastik qandal keçirilərək boğulma işgəncəsi verilir. “Taliban” üzvü olmaqda günahlandırılan məhkum nəfəs almır və əzab çəkərək qışqırmağa başlayır. Digər kadrlarda isə ərəb bir əsir waterboarding işgəncəsinə (suda boğmaq – red.) məruz qalır. İşgəncə verilən şəxs tez-tez öz-özünə “səbr et” deyir. 6000 səhifəyə yaxın hesabatda MKİ müstəntiqlərinin qəddarlığına dair çoxlu məlumatlar var. Onlar yuxusuz saxlamaq, üstünə su tökmək və döyməklə məhbuslardan məlumat almağa cəhd ediblər. Aclıq edənlərə isə qidanı məcburən, imalə ilə yoğun bağırsaqdan yeridiblər.
Qeyd edək ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni də əsirlərə tətbiq edilən Waterboarding işgəncəsinin çox faydalı olduğunu və bu üsulla bir çox məlumat aldıqlarını açıqlayaraq işgəncənin ABŞ-ın rəsmi siyasəti olduğunu etiraf etmişdi. Artıq hesabatın Senat tərəfindən açıqlanması ilə əlaqədar qızğın debatlar başlayıb. MKİ-nin 2001-ci il 11 sentyabr terror basqınlarının ardınca hazırlanmış “Etaplama, Həbs və Dindirmə” proqramının təfərrüatlarının açıqlanması tərəfdarı olanlar bildirirlər ki, belə bir addım ABŞ-da gələcəkdə buna bənzər pozuntuların baş verməsinin qarşısını alacaq. Bu açıqlığın əleyhinə çıxanların fikrincə isə, hesabat ABŞ vətəndaşlarından və obyektlərindən zorakı qisas alınması üçün potensial hücumlara rəvac verəcək.
Dövlət Departamentinin sözçüsü Cen Psakinin məlumatına görə, dövlət katibi Kerri Senatın Kəşfiyyat Komitəsinin sədri xanım Dianne Feinsteinə müraciət edərək “dünyada gedən bir çox proseslərlə əlaqədar belə bir açıqlamanın vaxtının yarada biləcəyi çətinlikləri” müzakirə etməyi tövsiyə edib. Prezident Barak Obamanın MKİ-nin dindirmə texnikasına dair hesabatın açıqlanmasına münasibəti isə belə olub: “Heç bir ölkə kamil deyil. Lakin Amerikanı müstəsna edən keyfiyyətlərdən biri də bizim öz keçmişimizlə, qüsurlarımızla açıq üzləşməyə getmək və yaxşılığa doğru dəyişikliklər etmək iradəsinə malik olmağımızdır”. Onun bu bəyanatı MKİ-nin dindirmə proqramına dair beşillik təhqiqata nəzarət etmiş xanım Feinsteinin şərhləri ilə səsləşir. “Elələri olacaq ki, bu hesabatdan yapışıb deyəcəklər: “Gördünüz də, amerikalılar nələr ediblər?” Belələri bundan öz şər əməllərinə haqq qazandırmaq və ya daha çox zorakılığı qızışdırmaq üçün istifadə etməyə çalışacaqlar” – deyə xanım Feinstein bildirib. Əlavə edib ki, “lakin tarix bizlərin bizim qanunla idarə olunan ədalətli cəmiyyətə sadiqliyimizə və iyrənc həqiqəti açıb “bir daha heç vaxt” deyə bilmək iradəmizə görə mühakimə yürüdəcək”.
Vyetnam müharibəsi zamanı düşdüyü əsirlikdə işgəncələrə məruz qalmış respublikaçı senator Con Makkeyn də hesabatın açıqlanmasını dəstəkləyib və deyib ki, bu hesabatda Amerikaya ziyan vurmaq istəyənlər üçün şok yaradacaq heç nə yoxdur. “Bu hesabatın açıqlanması müsəlman dünyasının bəzi yerlərində zorakılığa aparan hiddətə səbəb olacaqmı? Düşünürəm ki, bu mümkündür və yəqin ki, belə olacaq” – deyə Senatdakı çıxışında Makkeyn vurğulayıb. “Bütün dünya artıq bilir ki, biz məhbuslara qarşı suda boğmaq üsulundan istifadə etmişik. Bütün dünya bilir ki, biz dustaqlara qarşı başqa alçaldıcı rəftarlara yol vermişik. Dünya bilir ki, biz qaranlıq məkanlardan, gizli həbsxanalardan istifadə etmişik. Bu kimi hərəkətlər artıq bir onillikdir ki, sirr deyildi”. “Terrorçular bizim hesabatın bəzi praktikaları təsvir etməsindən amerikalılar üzərinə hücumlarına haqq qazandırmaq üçün istifadə edə bilərlər” - deyə senator əlavə edib - “Lakin onlara onsuz da nəyəsə haqq qazandırmaq lazım deyil. Bu, artıq bir müddətdir ki, onların onsuz da həyat tərzidir”.
Bir sıra başqa respublikaçı millət vəkilləri hesabatın bir hissəsinin açıqlanması qərarını təhlükəli addım kimi pisləyiblər. “Bu ağlasığan deyildir ki, komitə və Ağ Ev müttəfiqlərimizdən, ABŞ Dövlət Departamentindən gələn xəbərdarlıqlara, bu hesabatın ABŞ üçün yarada biləcəyi təhlükə barədə kəşfiyyat icmasının əlaqələndirilmiş yeni sənədinin mövcudluğuna rəğmən, sənədin açıqlanmasını dəstəkləyib” – deyə Floridadan senator Marko Rubio və Aydahodan senator Cim Riç yaydıqları bəyanatda bildiriblər. Senatorlar belə bir narahatlıq ifadə ediblər ki, hesabatın açıqlanması “xaricdəki amerikalıların həyatını təhlükə qarşısında qoya”, “potensial olaraq zorakılığı artıra” və “düşmənlərimiz üçün səfərbərlik alətinə çevrilə bilər”. “Sadə dillə desək, bu açıqlanma səhlənkar və məsuliyyətsiz addımdır” – deyə senatorlar bildiriblər.
Konqresin Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Mayk Rogers CNN telekanalına verdiyi müsahibədə deyib ki, ABŞ-ın müttəfiqləri bu hesabatın açıqlanmasının “zorakılıq və ölümlər” törədəcəyi barədə proqnoz verirlər.
Hesabatın yarada biləcəyi zorakılığa bənzətmə olaraq, Rogers 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarının Danimarka qəzetində dərc olunmasının bir çox müsəlman ölkələrində iğtişaş və etirazların baş qaldırmasına səbəb olduğunu misal gətirib.
Bəzi respublikaçı millət vəkilləri iddia edirlər ki, hesabat 2002-ci ildə MKİ-nin dindirmə proqramı barədə sərəncamı imzalamış Buşu rüsvay etmək cəhdindən başqa bir şey deyil. “Burada yeganə motiv Buşu gözdən salmaq ola bilərdi” – deyə Şimali Karolinadan senator Riçard Burr bəyan edib: “Düşünmürəm ki, Kəşfiyyat Komitəsinin vəzifəsi bundan ibarətdir”.
BMT və insan haqları qrupları isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorçuluqda şübhəli bilinən şəxsləri “amansız” dindirmə üsullarına məruz qoyması barədə Senatın hesabatında adı çəkilən ABŞ rəsmilərinin məsuliyyətə cəlb olunmasına çağırıb. BMT insan haqları rəsmisinin sözlərinə görə, aydındır ki, "yüksək səviyyədə təşkil olunmuş siyasət" mövcud olub. Böyük Britaniyanın baş naziri Devid Kemeron ABŞ xüsusi xidmət orqanlarının işgəncə metodlarından istifadə etməsini pisləyib. Kemeron qeyd edib ki, şübhəli şəxslərin dindirilməsi zamanı qadağan olunmuş metodlardan istifadə mənəvi nüfuzun itirilməsi baxımından təhlükəlidir. “Mənəvi dəyərlərimizdən imtina etsək, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə qalib gələ bilməyəcəyik” - deyə o vurğulayıb.
Kamran
banner

Oxşar Xəbərlər