• cümə axşamı, 28 mart, 20:05
  • Baku Bakı 13°C

ABŞ vətəndaşı Mərkəzi Klinikada açıq ürək əməliyyatı olunub

25.02.14 14:59 2132
ABŞ vətəndaşı Mərkəzi Klinikada açıq ürək əməliyyatı olunub

Mərkəzi Klinika - Bakı Xəstəxanasında ABŞ vətəndaşı olan Anson Callen üzərində uğurlu açıq ürək əməliyyatı keçirilib.
Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı, dosent doktor Kamran Musayevin APA-ya verdiyi məlumata görə, Anson Callen (1956-cı il təvəllüdlü) sinədə kəskin və göynədici ağrı şikayətləri ilə klinikaya müraciət edib. İlkin müayinələr zamanı kardioloqlar tərəfindən ürəyin tac damarlarının anjioqrafiyası müayinəsi aparıldıqdan sonra xəstənin damarlarında ciddi darlıqlar aşkar edilib və xəstəyə “Kəskin Koronar Sindrom. Səyirici aritmiya” diaqnozu qoyulub.
Təcili olaraq kardioloji və kardiocərrahi konsilium təşkil edilib, konsiliumun rəyinə əsasən xəstəyə aorta-koronar şuntlama əməliyyatı məsləhət görülüb. Əməliyyat öncəsi hazırlıqlar başa çatdıqdan sonra Kamran Musayev tərəfindən 3 damar aorta-koronar şuntlama cərrahi əməliyyatı uğurla icra edilib.
K. Musayev deyib ki, xəstənin stasionar şöbədəki gedişatı da tamamilə əməliyyata uyğun olub, ürək ağrıları və aritmiyaları aradan qaldırılıb: “İnfarkt riski və həyati təhlükəsi ləğv olunub. Artıq Anson Callen yenidən sağlamlığına qovuşaraq evə yazılıb.
Beynəlxalq dərəcəli sığortaya sahib olan ABŞ vətəndaşının Bakıda, Mərkəzi Klinikada uğurlu şəkildə açıq ürək əməliyyatı olunması respublikamızda ürək – damar cərrahiyyəsinin və ümumiyyətlə səhiyyənin bu gün gəldiyi yüksək səviyyənin ən gözəl göstəricisidir. Artıq nəinki öz vətəndaşlarımız, hətta xarici vətəndaşlar və beynəlxalq sığorta şirkətləri də Azərbaycan səhiyyəsinə və azərbaycanlı həkimlərə öz sağlamlıqlarını etibar edirlər”.

banner

Oxşar Xəbərlər