AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ və Türkiyə Ermənistana təzyiqləri artırır

ABŞ və Türkiyə Ermənistana təzyiqləri artırır

Siyasət
08 Mart 2013, 10:47 1560
“ABŞ və Türkiyə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi tələb edir. Əvəzində isə Ermənistanın düşdüyü blokada vəziyyətinin aradan qaldırılacağını vəd edir. Artıq tək ABŞ dövlət katibi Con Kerri deyil, prezident Barak Obama da açıq şəkildə buna işarə edir”. Bu iddia ilə Rusiyanın “Rosbalt” nəşri çıxış edib.

Nəşrin gəldiyi qənaət bundan ibarətdir ki, Yerevanda bu plan qəbuledilməz qarşılanır. “Bununla yanaşı, bu istək reallaşarsa, onda Moskvanın Qafqazda nüfuzu itirilə bilər” - deyə məqalə müəllifi vurğulayıb. Nüfuzlu nəşr iddia edir ki, dövlət katibi Kerri Serj Sarksiyanı yenidən prezident seçilməsi ilə bağlı təbrik edərkən elan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo vəziyyətindən razı deyil. Onun sözlərinə görə, yaranmış aralıq vəziyyətindən istifadə edib mövcud sülh prosesinin təmin olunmasına dəstək olmaq gərəkdir. Kerrinin ardınca Sarkisyanı təbrik edən Barak Obama da bəyan edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında addımların atılmasını istəyir. Əlavə edib ki, ölkəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasını istəyir və bu istiqamətdə işləri davam etdirəcək. “Başqa sözlə, ABŞ Ermənistanı Qarabağ məsələsində birtərəfli qaydada güzəştlərə getməyə çağırır” deyə nəşr Ermənistanın “7or” nəşrinə istinadən bildirib. Nəşr bildirir ki, “bundan əlavə, Yerevanda hesab edirlər ki, ABŞ erməni-türk protokollarının ratifikasiya olunmasında irəliləyişlərin olunması ilə yanaşı, eyni zamanda Qarabağ məsələsinin tez bir zamanda həllini istəyir. “Ankara da öz növbəsində, Qarabağ məsələsini həll etmək üçün ABŞ-ı tələsdirir. O, Ermənistanla sərhədlərin açılmasından Azərbaycanın da qazanmasına çalışır” deyə nəşr bu qənaətə gəlib.

İddia edilir ki, Yerevana Vaşinqtonun təzyiqləri fonunda Türkiyə Ermənistana regional tranzit layihələrdə iştirak etməyi təklif edir. Yəni işğalçılıq siyasəti nəticəsində acınacaqlı vəziyyətə düşən Ermənistan üzərindən blokadanın götürülməsi yollarını təklif edir. O da vurğulanıb ki, Gürcüstanın sayəsində 20 ildir ki, bu mühasirə yumşalıb. Yəni Ermənistan Gürcüstanın limanlarından istifadə edir, eləcə də hazırda Abxaziyadakı “Yuxarı Lars” üzərindən dəmir yolunun açılmasına çalışır. Bu yol isə Rusiya ərazisindən gələn yüklərin Ermənistana tez, özü də ucuz nəqlini nəzərdə tutur. Nəşr iddia edir ki, Türkiyə Avropa və Asiyanı birləşdirən regional layihələrin Ermənistan üçün yalnız bir halda mümkün olması qənaətindədir: “Bu ölkə Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atsın. “Hürriyet Daily News” öz diplomatik mənbələrinə istinadən belə layihələrin adlarını da çəkib - Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın yeni dəmir yollarının, magistral yolların çəkilməsi, loqistik mərkəzlərin inşası və bu nəqliyyat yolları yaxınlığında yaşayış massivlərinin inşası. “Ermənistan (ən əsası Rusiya) hələ ki Amerika-Türkiyənin toruna yaxınlaşmır. Lakin geosiyasi bölgü dəyişir və tərəflərin özlərini necə aparacağını proqnozlaşdırmaq çox çətindir. Həm də ki, Ermənistanın Qərbə baxışı aydındır. Ermənistan müxalifətinin bir hissəsi Sarksiyanı Qarabağ məsələsində ittiham edir, onu Qarabağı Yerevan və Xankəndiyə sərf etməyəcək formada vermək istəyində günahlandırır. Bütün hallarda hər bir şey Rusiyadan asılı olacaq. Daha dəqiq desək, Qarabağın verilməsi üçün ona nəyi və nə qədər təklif edəcəklər. Rusiyanı regionda saxlayan ən böyük məsələ Dağlıq Qarabağ və onun həll olunmamasıdır” - saytda dərc edilən məqalədə müəllif göstərib.

Daha sonra bildirilib ki, bu gün Moskva özünün hərbi iştirakı ilə Ermənistanın təhlükəsizliyini həyata keçirir: Gümrüdə Rusiya hərbi bazası yerləşir, sərhədçiləri isə onun sərhədlərini qoruyur. Bundan əlavə, Rusiya erməni iqtisadiyyatına və energetikasına az kapital qoymur. Bu dəqiqə onun Ermənistanda hərbi və maliyyə iştirakı Azərbaycana qarşı ən güclü təzyiq vasitəsi kimi qəbul edilir. Azərbaycan isə Rusiyanın təsir dairəsində deyil və Qərblə hərbi-nəqliyyat layihələri həyata keçirir. Ağ ev Yerevanın Moskvanın irəli sürdüyü Gömrük, sonra isə Avrasiya İttifaqı layihələrinə qoşulması planlarının baş tutmamasına çalışır. Vaşinqton həmçinin ehtiyat edir ki, Gürcüstanda yeni hökumət qurulduqdan sonra istiqamət Moskvaya doğru dəyişə, Moskva ilə inteqrasiya layihələrinə doğru istiqamət götürülə bilər. Bu zaman dairə qapanmış olacaq. Nəşr iddia edir ki, Yerevanın regional layihələrə cəlb edilməsi Qarabağ ətrafında gərginliyi azalda bilər. ABŞ və Türkiyənin maraqları bəllidir: dəmir yolu magistralının inşası Ermənistanın Abxaziyadakı dəmir yoluna marağını azalda bilər. “Bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına, onun hərbi və siyasi mövqeyinə ciddi təsir edə bilər. Rusiya isə öz növbəsində Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) gücləndirmək siyasəti aparır. Bu isə o deməkdir ki, müharibə başlayarsa, KTMT Yerevanın tərəfində duracaq. Moskvanın risk edəcəyi isə aydın deyil - necə ki, bu riski Qırğızıstanda etmədi. Hər halda vəziyyət indi belədir. İstənilən halda blokada nəticəsində tam boşalan Ermənistan regionda ən ağır vəziyyətdə olan dövlətdir. Yoxsulluq, miqrasiya, aydın olmayan perspektiv seçimi - bütün bunlar ölkənin başı üstündən asılmış Domokl qılıncıdır.
Sonda xatırladılır ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Qarabağ münaqişəsinin düzgün nizamlanmaması nəticəsində regionda geosiyasi balansın dəyişə biləcəyini deyib. Buna isə yol verilməyəcəyini bildirib. Nəşr yekunda maraqlı bir sonluğa gəlir - Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı toqquşacaqlarsa, bu zaman müharibə dağıdıcı olacaq, kimin qələbə qazanacağından asılı olmayaraq isə, bu, “Pirr qələbəsi” olacaq.

Azər NURİYEV