ABŞ və Azərbaycan arasında yeni tərəfdaşlıq - Fotolar
ABŞ səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter
Vilbur və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı
rayonunun Günəşli kəndində təmirdən çıxmış süd toplama və emalı müəssisəsinin
açılışını ediblər. Həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal
edəcək. Tədbirdə Saatlı rayon icra hakimiyyətinin, yerli bələdiyyənin
nümayəndələri və yerli sakinlər iştirak
edib.
Yerli sakinlər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan
hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı
layihə haqqında eşidəndə onlar artıq nə edəcəklərini dəqiq bilirdilər. USAID-in
yerli tərəfdaşı Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) beş kəndin icma üzvləri
ilə birgə çalışaraq köhnəlmiş süd toplama məntəqəsini təmir etdilər – məntəqə
yerli fermerlərin istehsal etdiyi süd həcminin öhdəsindən gələ bilmirdi, bu isə
südü sata bilmədiklərindən korlanma nəticəsində fermerlərin gəlirlərinə təsir
edirdi. Yerli sakinlər həmçinin qərara gəldilər ki, yeni avadanlıq quraraq sarı
pendir istehsal etsinlər.
Müəssisənin yeni avadanlığı əvvəlkindən daha tez südü emal edəcək və süd
məhsulları istehsal edəcək, yerli fermerlərdən daha çox süd qəbul edəcək,
korlanma nəticəsində itirilən südün həcmini azaldacaq və fermerlərin
gəlirlərini artıracaq. İndi müəssisə bütün südü istifadə edərək pendir istehsal
edə biləcək. Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və
500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12,700-dən çox sakini
olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli
iqtisadiyyatının inkişafına kömək edəcək.
"Əlavə gəliri fermerler heyvandarlığa xərcləyəcəklər, yəni mal-qaranı
təkcə otla deyil, həm də yemlə təmin edəcəklər. Bu həm südün həcmini, həm də
keyfiyyətini artıracaq. Bu da məhsulun keyfiyyətini artıracaq.”, deyə layihənin
icrasında iştirak etmiş Günəşli kənd sakini Kərəm Qoçiyev söyləyib.
ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata
keçirib. Bu layihələrdən 206,000-dən çox insan faydalana bilir. Bu layihələr
sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün
vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi
hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.